')

Bu gün:


FutbolPress.Az | “S”lərin benefisi

“S”lərin benefisi


oxunma sayı: 796 Paylaş:

FutbolPress
faridordiyev@gmail.com
Var “Real”, var “Barselona”!

Var “Çelsi”, var “Mançester Siti”!

Var “Yuventus”, var “Roma”!

Var PSJ, var “Lion”! Var olanlar çoxdur...

Bir də var bu var olanlara varlığı ilə baş ağrısı olanlar.  Avropa futbolunda öz tarixi olan, amma son illər daha çox “yaşamaq” uğrunda mübarizə aparan klublar...

İspaniya La Liqası, İtaliya A Seriyası, İngiltərə Premyer Liqası, Fransa Liqa 1-i.. və hər birində axına qarşı üzənlərə rast gəlmək mümkündür. Maraqlıdır, nə hikmətdirsə, haqqında yazacağım klublar “S” hərfi ilə başlayır: “Southempton”, “Sampdoriya”, “Sevilya” və “Sent-Etyenn”.

İngiltərə Premyer Liqasında hər məşqçi, hər futbolçu və hər klub baş çıxara bilmir. Burda hər qarış uğrunda mübarizə gedir – oyundan kənarda da. Televiziya yayımları, marketinq, merçendayzinq, transferlər, maddi sabitlik, investorların cəlb olunması üzdə olan vacib elementlərdir.

Maurisio Poçettinonun komandadan ayrılmasının üstünə aparıcı futbolçuların da rəqib komandalara keçidini gəlsək, mövsümün əvvəlində baş məşqçi postuna gətirilən Ronald Kumanın işinin nə qədər çətin, mürəkkəb və proqnoz verilməsi mümkünsüz olduğunu görərik. Mövsümlərarası fasilədə “Southempton” komandanın yarısını itirsə də hadisələrin sonrakı axarı göstərdi ki, “müqəddəslər” düzgün qərar verib. 130 illik keçmişi olan komanda 2009-cu ilə qədər bir çox ağır vəziyyətlərlə üzləşmişdi, amma hər zaman  çıxış yolu tapmışdı. Lakin 6 il öncə uçurumun ucunda dayanan “ağ-qırmızılar”ın əlindən almanəsilli milyarder Libher tutdu. Məhz onun gəlişi bugünkü komandanı formalaşdırdı. Liqa 1-ə qədər yuvarlanan “müqəddəslər” 2 ildən sonra Premyer liqaya vəsiqə qazandı. Bu gün Libher və Ronald Kumanın “Southempton”u Çempionlar Liqasına vəsiqə qazanmaq üçün oynayır. Bunu artıq Kuman da açıqlamalarında cəsarətlə deyir.

Mihayloviçli “Sampdoriya”nın da taleyi təxminən “Southempton”a bənzəyir. B seriyasına yuvarlanmaq, maddi vəziyyətin ağırlığı, aparıcı futbolçuların komandadan uzaqlaşması İtaliyanın köklü klublarından birini tarixin yaddaşına köçməsi ilə nəticələnməyə yaxın oldu. Libherin missiyasını Genoada Massimo Ferrero yerinə yetirdi. “Sampdoriya”nın xilaskarına çevrilən italyan kinorejissor tezliklə genoalıları çətin vəziyyətdən çıxararaq A Seriyasında iddialı olduğunu göstərdi.

Unay Emerinin “Sevilya”ya gəlişi komandanı sanki diriltdi. Onun gəlişinə qədər orta sıralarda var-gəl edən Əndəlus təmsilçisi Xuande Ramosun dövründəki iddiasını qaytarmaq üzrədir. Luiş Fabianolu, Konuteli, Enzo Mareskalı “Sevilya” imicini bərpa etməyə çox yaxındır. “Real”, “Barselona” və “Atletiko”nu qarabaqara izləyən “qırmızılar” yeni ulduzları ilə, cəsarətli oyunu ilə artıq yolun yarısını uğurla qət edib.

Fransa Liqa 1-də uzun müddətdir çıxış edən “Sent-Etyenn”  “Qarabağ”la Avropa Liqasındakı matçlardan daha yaxındır. Ən azından oyununu canlı olaraq izləmişik. Fransanın ən titullu klublarında biri olan “Sent-Etyenn” onqat ölkə çempionu və altıqat Fransa kubokunun qalibidir. 1919-cu ildə yaranan klubun şərəfini Mişel Platini, Jak Santini, Eme Jake, Loran Blan kimi futbolçular qoruyub. Tarixi ilə hər zaman öyünən komanda da yuxarıda adı çəkilənlər kimi aşağı liqaya yuvarlanmışdı. Lakin 2004-cü ildə yüksək liqaya vəsiqəni təmin edən “yaşıllar” uğur qazanmaqda çətinlik çəkdilər. Bir müddət sonra klub siyasətini dəyişərək öz yetirmələrinə üstünlük verməyə başladılar və az da olsa “Sent-Etyen” köhnə günlərini xatırlatmağa başladı. 2013-cü ildə ölkə kubokunu qazanması sadəcə başlanğıcdır…

Bu haqda danışmaq tez olsa da, bu “S”lərin bu günkü durumu onları alqışlamaq üçün yetərlidir. Mövsümün sonunda isə turnir cədvəlinə baxaraq “S”lərin hansı pillədə qərarlaşacağı indidən maraqlıdır.

P.S. Azərbaycan futbolunda da bir “S” var ki, taleyi az da olsa yuxardakı “S”lərə bənzəyir. Klubun prezidentinin dəyişikliyi ilə klub siyasətini, maddi durumunu və infrastukturunu dəyişmək qərarına gəldi. Avrokuboklarda bir dəfə çıxış edən bu “S”, bu mövsüm eyni uğurunu qazana bilər. Düşünürəm ki, transfer siyasətini uzunmüddətli qurmalı,  “Southempton”, “Sampdoriya”, “Sevilya” və “Sent-Etyen” kimi öz yetirmələrinə üstünlük verməlidir, ən azından!

Yazarın bütün yazıları

oxunma sayı: 796 | Paylaş:




?>