"İnter"in prezidenti: "Maraqlandığımız məşqçilər Qərbi Avropadandı" (MÜSAHİBƏ)
Paylaş:
Antalyadakı qış təlim-məşq toplanışını başa vuran "İnter" artıq Bakıdadı və Premyer Liqanın növbəti turuna bazasında hazırlaşır. "FutbolPress" "bankirlər"in qonşu ölkәdәki təlim-məşq toplanışı, yeni transferləri, çempionluq şansları, Kaxaber Sxadadzenin gedişindən sonra gözlənilən dəyişikliklər və bir sıra məsələlər haqda klubun prezidenti Georgi Nikolovu danışdırdı:
- Öncə Antalyadakı təlim-məşq toplanışı haqda danışardız.
- Bizimçün çox yaxşı şərait yaradılmışdı. Məskunlaşdığımız yerdə klub üçün lazım olan bütün şərait mövcud idi. Yaxşı məşq meydançaları, futbolçuların qidalanması və.s yüksək səviyyədə idi. Güclü rəqiblərə qarşı yoxlama oyunları keçirdik və yaxşı nəticələr əldə elədik. Məşqçilər korpusu da təlim-məşq toplanışından razı qalıb. Bircə qalır komanda orda qazandığını rəsmi oyunlarda göstərsin.
- Siz razı qaldız?
- Mən şəxsən çox razı qaldım.
- “İnter” təlim-məşq toplanışı zaman keçirdiyi yoxlama oyunların heç birində yenilmədi. Bu, komandanın Premyer Liqanın ikinci hissəsinə ciddi hazırlaşmağından xəbər verirmi?
- Mən bu fikirlə razıyam. Bəzi məşqçilər və klub rəhbərlərindən fərqli olaraq düşünürəm ki, yoxlama oyunlarındakı nəticələr çox vacibdi. Çoxu deyir ki, yoldaşlıq oyunlarında və sparrinqlərdəki nəticələr önəmli deyil. Bu səhv fikirdi. Biz orda heç də zəif rəqiblərlə qarşılaşmadıq. Görüşdüyümüz Almaniya, Türkiyә, Ukrayna və Qazaxıstan klubları ciddi və güclü komandalar idi. Təəssüf ki, vaxtım olmadığına görə bu oyunları izləyə bilmədim. Amma nəticələrdən görürəm ki, bu oyunlar çempionatda mübarizə aparmaq üçün çox böyük təcrübə oldu.
- Qış “transfer pəncərəsi”ndə 3 futbolçu aldız. Necə düşünürsüz, aldığınız oyunçular komandaya nə dərəcədə kömək edə bilər?
- Aldıq demək, biraz düzgün çıxmaz. Əfran İsmayılov, Yussef Fenniç və Ruben Şakeni biz azad agent kimi komandaya cəlb eləmişik. Onlar özlərini sübut eləmiş oyunçulardı. Əfran İsmayılov gənc və istedadlı hücumçudu. İnanıram ki, o özünü “İnter”də sübut edəcək. Ruben Şaken də adlı-sanlı futbolçudu. Vaxtilə Hollandiya millisində oynayıb. Yaşı çox olsa da o futbolda hörmət qazanıb. Mən indi məşqdə onu izlədim. Şakenin topu özündə saxlamasını və meydançada hərəkətini çox bəyəndim. Hollandiyalının çoxlu müsbət keyfiyyətləri var. Qaldı bu futbolçuların komandaya nə qədər xeyirli olacağına, bunu zaman göstərəcək.
- “Transfer pəncərəsi”nin bağlanmasına 6 gün qalır. Yeni transfer reallaşdırmaq fikriniz varmı?
- Daha yeni futbolçu almayacağıq. Çünki futbolçuları ancaq təlim-məşq toplanışları zamanı komandaya cəlb eləmək lazımdı. Yeni gələnlər kollektivlə birgə məşq keçməli, yoxlama görüşlərinə çıxmalı və özlərini sübut eləməlidi. Yalnız bundan sonra müqavilə bağlamaq olar. Artıq bizim təlim-məşq toplanışımız bitib, qarşıdakı oyunlara öz bazamızda hazırlaşırıq. Ona görə də heyəti gücləndirmək fikrimiz yoxdu.
- Mövsümün əvvəlində qarşınıza çempion olmaq və Avropa Liqasının qrup mərhələsində oynamaq məqsədi qoymusuz. Qış təlim-məşq toplanışından sonra bu məqsəd dəyişməyib ki?
- Xeyr. Məqsələrimiz dəyişməz qalıb. Düşünürəm ki, “İnter”in çempion olmaq üçün yaxşı şansları var. Amma bizimçün asan olmayacaq. Çempionatda “Qarabağ”, “Neftçi”, “Qəbələ” kimi ciddi rəqiblərimiz var. Bu siyahıdan “Simurq” və öz inkişaf strategiyasını dəyişən “Xəzər Lənkəran”ı da silmək istəmirəm. Bizi qarşıda çox maraqlı mübarizə gözləyir. Əgər belə şəraitdə çempion olsaq, sevinərəm.
- Çempionluğa real namizəd kimi “Qarabağ”ın adını çəkirlər. Bununla razısız?
- Razıyam. “Qarabağ” son yoxlama matçında “Levski”yə uduzmasına baxmayaraq, onların çox balanslı və güclü heyəti var. Həmçinin də oyunçularını yaxşı tanıyan və uzun müddətdi komandanı çalışdıran istedadlı baş məşqçisi var. Qurban Qurbanov komandanı çempionata kökləməyi bacarır. Şübhəm yoxdu ki, “Qarabağ” çempionluq titulunu qorumağa çalışacaq. Onlara qarşı oyunlarımızın çətin keçəcəyini indidən proqnoz verə bilərəm. Ona görə də həmin görüşlərə maksimum yaxşı səviyyədə hazırlaşmağımız lazımdı.
- Yayda Kaxaber Sxadadze komandadan gedəcək. Siz bu xəbəri necə qarşıladız?
- Düzdür, bu xəbər mənimçün heç də xoş olmadı. Biz Sxadadzeyə alışmışıq. O Azərbaycanda çalışdığı zaman özünü yaxşı tərəfdən göstərməyi bacarıb. Sxadadze istənilən çətin vəziyyətdən üzüağ çıxa biləcək döyüşkәn kollektiv formalaşdırıb. Bir daha təkrar edirəm ki, bu xəbərdən sonra o qədər də xoşbəxt deyiləm. Amma bir şeylə də barışmaq lazımdı ki, istənilən məşqçi inkişaf eləmək və yeni şanslar qazanmaq istəyir. Biz Sxadadzeyə problemlər yaratmaq fikrində deyilik. O, Gürcüstan millisində öz postunu rahat şəkildə əldə edə bilər. Onun yerinə kimin gələcəyi hələ bilinmir. Biz ən azından indidən bir namizəd tapmalıyıq ki, Sxadadzenin yanında olsun, çempionatın qalan oyunlarında komandaya uyğunlaşsın, analizlər eləsin və baş məşqçi olmağa hazır olsun.
- Açıqlamaların birində demişdiz ki, Sxadadze bu qərarı verməklə centlmen kimi davranmayıb. Aranızda hansısa problem var?
- Aramızda heç bir problem yoxdu. Bu artıq keçmişdə qaldı. Həmin vaxt emosiyalı olmuşam. Gəlin bu məsələyə qayıtmayaq.
- Sizcә onun gedişi komandaya necə təsir edəcək?
- Təbii ki, bu, komandaya mənfi təsir göstərəcək. Ən azından o özü ilə “İnter”in oyun fəlsəfəsini və gətirdiyi oyunçularını paracaq. Bizdə əvvəl də belə problem olmuşdu. Həmin vaxt Valentin Xodukinin yerinə Kaxaber Sxadadze gəldi. O özü ilə yeni oyun stili, yeni təfəkkür və yeni oyunçular gətirdi. Bunlara uyğunlaşmaq üçün bizə çoxlu zaman lazım oldu. Amma mən optimistəm və düşünürəm ki, bu təsirlər yaxşı tərəfə olacaq.
- Artıq indidən yeni baş məşqçi axtarışlarına başamısız?
- Bəli, bizim bir neçə variantımız var. Amma öncə bu təklifləri klubun fəxri prezidenti Cahangir Hacıyevlə müzakirə eləməliyik. Düşünürəm ki, onun da öz təklif və ideyaları olacaq.
- Konkret ad varmı?
- Konkret ad çəkmək hələ tezdi. Bir şeyi deyə bilərəm ki, maraqlandığımız məşqçilər Qərbi Avropadandı.
Şəfi ŞƏFİYEV
| Paylaş: