')

Bu gün:


FutbolPress.Az | Bu il karyerasını bitirəcək, bəs sonrası... (MÜSAHİBƏ)

Bu il karyerasını bitirəcək, bəs sonrası... (MÜSAHİBƏ)


oxunma sayı: 957 Paylaş:

FutbolPressHakimlərin Antalya qış toplanışı davam edir. Referilərimizin düşərgəsində "FutbolPress" də var. Bu dəfə ölkənin təcrübəli hakimlərindən olan Vüsal Əliyev saytımıza müsahibə verdi. O, təlim-məşq toplanışı, hakimliyimizdəki çatışmamazlıqlar haqda fikirlərini bölüşdü və gələcək karyerası barədə məlumat verdi.  


- Artıq 5-6 ildi yay və qış toplanışlarını xarici ölkələrdə - Avropa və Türkiyədə keçirilir. Bu toplanışlar nə qazandırıb?
- Artıq 15 ildi hakimlik edirəm. Amma son illərdə bizə qayğı həddindən artıq çoxdu. Təşkil olunan təlim-məşq toplanışları bizimçün çox xeyirlidi. Düzdü, yay toplanışları zamanı o qədər də çox oyunlar olmur. Daha çox fiziki durumumuz üzərində çalışırıq. Qışda isə oyunlar çox olur, bu da  bizə təcrübə qazandırır. Təlim-məşq toplanışı və qışda idarə elədiyimiz oyunlar Premyer Liqadakı idarəçiliyi səhvsiz  eləməyə imkan yaradacaq. Bu 7-8 il ərzində yeni nəsil gəldi, çoxlu yeni adlar gəldi, FIFA hakimlərimiz dəyişdi, başqa  çoxlu dəyişikliklər oldu.

- Amma nəsil dəyişkənliyi tam təbii olmadı. Burda müdaxilələr də oldu. Məsələn, İmanxan Sultani, Babək Quliyev və buyaxınlarda Anar Salmanov, bir növ, hakimlikdən qovuldu...
- Mən bu 15 illik karyeramda heç vaxt qalmaqala qarışmamışam. Çünki mən hakiməm və mənim bəlli iş prinsipim var. Təbii ki, bizə nəzarət edən qurum var. Heç vaxt komitənin işinə müdaxilə eləməmişəm. O cümlədən sizin sadaladığınız adamların da başına gələn işlərə mən qarışa bilmərəm. Deyə bilərəm ki, bəzi hakimlər qarşıdurmalar səbəbindən gedibsə, bəziləri də rəqabətdən sonra, bəziləri də yaşına görə karyerasını bitirib. Məsələn, mənim indi 45 yaşım var. Artıq mövsümün sonunda karyeramı bitirmək istəyirəm. Sabah mənim də yerimə hansısa cavan hakim gələcək. Bu, təbii prosesdi. Hakimliyə gələn sonda da getməlidi. Amma bir də var ki, hakim karyerasını necə bitirir?! Şəxsən mən hakimliyi tərk edəndən sonra alnım hər zaman açıq olacaq. Bu 15 ildə mənim də ciddi səhv elədiyim oyunlar olub. Buna baxmayaraq hər zaman üzüm ağ olacaq.

- Hakimliyi bitirəndən sonra futbolda qalacaqsız?
- Bəli, belə bir fikrim var. Karyeramı bitirib hakim-inspektor kimi çalışmaq, gənc hakimlərin işinə qiymət vermək istəyirəm. Əgər rəhbər orqanlar izn verərsə, təbii ki, futbolda qalacağam, yığdığım təcrübəmi cavan hakimlərlə bölüşərəm.

- Təcminən 2-3 il əvvəl sizin adınızı Hakimlər Komitəsinin sədri vəzifəsində hallanırdı...
- Belə şayiələr olub. Hətta bir hakim dostumuz zəng edib təbrik də eləmişdi. Amma mənə maraqlıydı ki, bu məlumatların mənbəyi hardadı, hardan çıxıb bu yalan xəbərlər?!

- Amma təklif gələrsə...
- Bunu deyə bilmərəm. Amma həmişə demişəm ki, bir yerdə durub saymaq düzgün deyil. Hər zaman düşünmək lazımdı ki, bacardığın bir işdə, məsələn, hakimlikdə həmişə kimlərəsə kömək eləməyə hazır olmalısan.

- Bu 15 ildə saysız-hesabsız oyunlar idarə eləmisiz. Sizinçün ən yaddaqalan matç hansı olub?
- Mənim karyeramda yaddaqalan oyunlar iki yerə bölünür –  yaxşı idarə elədiyim və səhvlərə yol verdiyim matçlar. Pis idarə elədiyim ən yaddaqalan matç ötən il keçirilən “Neftçi” – “Qarabağ” görüşü olub. Orda bir sıra qərarlarım səhv idi. Yaxşı idarə elədiyim oyunlara gəlincə,  deyə bilərəm ki, 3 dəfə  Azərbaycan kubokunun finalını idarə eləmişəm. Bu 3 oyun mənimçün çox önəmlidi. Azərbaycan Premyer Liqasında “Böyük oyun”, “Qarabağ” – “İnter”, “Xəzər Lənkəran” – “İnter”, “Neftçi” – “Qarabağ” kimi matçlara təyinat alan hakimlər seçilənlərdi. Məsələn, bunların bir neçəsini mən də idarə eləmişəm və heç vaxt unutmaram. Bir də idarə elədiyim yoldaşlıq matçı var “Xəzər Lənkəran” – “Fənərbağça”. Onu da yaddan çıxarmaq olmaz. Avropa Çempionatının seçmə mərhələsində idarə elədiyim iki oyun var. Onlar da yaddaqalan olub. Ən yaddaqalan oyun isə Lənkəranda keçirilən “Böyük oyun” olub. Həmin vaxt 16 min azarkeş önündə matçı idarə eləmişəm.

- Bizim futbolda "rüşvət alan hakim" və " sadəcə pul təklif olunan hakim" ifadələri var...
- Mən bu 15 illik karyeramda belə işə rast gəlməmişəm. Ən azından ona görə ki, rüşvət kimi şeylər mənə yaddı.

- Siz təmizsiz?
- Mən yüzdə-yüz təmizəm.

- Bəs digərləri necə?
- Mən sizə bayaq dedim ki, bəlkə də qalmaqala qarışmayan yeganə hakiməm. Kimin karyerasında nə olubsa, onu deyə bilmərəm. Mənim karyeramda öz dəsti xəttim olub. Əgər indi nəsə desəm, yanlış olar. Buna görə də məsuliyyət daşıyıram.

- Əgər siz Hakimlər Komitəsinin sədri olsaz, ilk olaraq hakimliyimizdə nəyi dəyişərdiz?
- İlk növbədə demək istəyirəm ki, HK-nın sədri Xaqani Məmmədov öz işini yaxşı görür və ona uğurlar arzulayıram. Bundan sonra da kim gələcəksə, onun da öz iş proqramı olacaq. Amma mən hazırda bu vəzifədə olmadığımçün bu haqda heç nə deyə bilmərəm.

- Bilirsiz ki, hakimliyimizdə problemlər var. Sizcə köhnə nəsil yaxşı idi, yoxsa gənc nəsil?
- Köhnə nəslin də öz üstünlükləri var, yeni nəslin də zünə aid üstünlüklər. Hazırkı FIFA hakimlərimizin də öz yaxşı tərəfləri var, köhnələrinin də. Sadəcə hakimlərə olan tələblər dəyişib. Futbol dəyişib. Futbol dəyişdikcə hakimlik də dəyişir. Əvvəlki qaydalarla indikilər arasında yerlə göy qədər fərq var. Hər şey hakimin özündən asıllıdı. Amma bir şeyi qeyd edim ki, azərbaycanlı FIFA hakimlərinin UEFA-da irəliləməsi çox çətindir. İlk növbədə bu futbolumuzun geridə qalması ilə bağlıdı. Məsələn, “Barselona” – “Real” oyunu idarə edən FIFA hakimi ilə “Neftçi” – “Qarabağ” matçında əsas söz sahibi olan FIFA hakimləri arasında çox böyük fərq olur. Ona görə də onlar bizdən bir addım öndə olurlar.

- Bizdə olan məlumata görə,  siz ingilis dilini bilmirsiz. Məhz bu amil sizin bir hakim kimi Avropada daha qabağa getməyinizə mane olub.
- Tam səmimi deyə bilərəm ki, bu amil də mənim karyerama təsir edib. İngilis dili hakimlikdə mütləqdir. Məsələn, köhnə FIFA hakimlərimizdən bu tələb olunmurdu, onlara hətta tərcüməçi də verirdilər. Amma indi isə FIFA-nın  birinci əsas tələblərindən biri ingilis dilidir. Təbii ki, mən də alayarımçıq danışa bilirəm, özümü anlatmağı bacarıram. Bir ildə Avropada 10 oyun idarə elədim. Bunlar çox çətin matçlar idi. Qiymətlərim də əla idi. Avropada bizə “small country” – balaca ölkə deyirlər. Yəni futbolumuz balacadı, hakimliyimiz də balacadı. Məsələn, Balkan və Skandinaviya ölkələrinin hər hansı hakimi mənimlə eyni səviyyədədisə, vacib matçlara məni yox, onu göndərirlər. Bunu isə aradan qaldırmaqçün mütləq FIFA hakimlərinə dəstək lazımdı. Həm Federasiya tərəfindən, həm də Avropanın hakim mütəxəssislərindən dəstək lazımdı. Bu il UEFA-da tanınan mütəxəssis Aleksey Spirinin toplanışa gəlməsi hakimlərimizə bir dəstəkdir.

- Siz naxçıvanlısınız.
- Bəli.

-  “Neftçi” və “Bakı”nın da rəhbərləri naxçıvanlıdı. Deyə bilərikmi ki, sizin sadalanan klublara simpatiyanız olub?
- Mən iki dəfə “Bakı” – “Neftçi” matçını idarə eləmişəm. O vaxt PFL prezidenti Ramin Musayevdən yazılı surətdə xahiş elədim ki, mənə “Bakı”nın oyunları tapşırılmasın. İkincisi də onu deyim ki, “Neftçi”nin oyunlarında bəzi səhvlərim olub. Ona görə də, bu komandanın oyunlarını az idarə eləməyə çalışıram. Amma “Bakı”nın bir neçə oyununu idarə eləmişəm. Ondan sonra bir yanlış fikir formalaşdı ki, Vüsal Əliyev “Bakı”nın oyunlarına çox gedir və o komandaya qarşı simpatiyası var. Belə bir şey ola bilməz. Bizim üstümüzdə nəzarət var. Bu vaxta kimi heç bir komanda ilə problemim olmayıb. Amma futbolda hər zaman mübarizə var. Əgər hər hansı oyunda səhv eləsəm, orda problem olur.


Elçin CƏLİLOV


oxunma sayı: 957 | Paylaş:




?>