')

Bu gün:


FutbolPress.Az | Gülağa Cabbarov hakimliyin ən böyük problemindən danışdı  (MÜSAHİBƏ)

Gülağa Cabbarov hakimliyin ən böyük problemindən danışdı (MÜSAHİBƏ)


oxunma sayı: 1045 Paylaş:

FutbolPressPeşәkar Futbol Liqasının tәşkilatçılığı ilә hakimlərin Antalya toplanışı davam edir. Toplanışda AFFA-nın Hakim-İnspektorlar Komitəsinin sədri Gülağa Cabbarov da var. Ötən illərin təcrübəli hakimi Antalya toplanışı, Azərbaycan hakimliyindəki problemlər və digər məsələlər haqda düşərgədə olan "FutbolPress"ə müsahibəsində danışdı:

- Siz bu toplanışda AFFA-nın Hakim-İnspektorlar Komitəsinin sədri qismində iştirak edirsiniz. İnspektorların da işi hakimlərin idarəçiliyinə, işinə qiymət verməkdi. Bir hakim inspektor kimi toplanışı necə qiymətləndirirsiz? 
- Öncə onu deyim ki, bura yalnız inspektor kimi gəməmişəm. Bundan əlavə FIFA və UEFA-nın hakimlərin işi üzrə təlimatçısıyam. Ona görə də burda həm də təlimatçı-müəllim kimi iştirak edirəm.

- OK. İstəniklən halda, inspektor kimi qiymətinizi gözləyirik…
- Hakim-inspektor kimi onu deyə bilərəm ki, hər bir toplanış irəliyə atılmış bir addımdı. Toplanış zamanı hakimlərin idarə elədiyi oyunlar yada salınır, onların səhvləri yenidən qabardılır və müzakirə olunur. Həm də onlara bu səhvlərin necə aradan qaldırılması yolları öyrədilir.

- Siz toplanışın səviyyəsinə 10 ballıq şkala üzrə neçə bal verərsiz?
- 7 bal verərdim.

- Amma 7 bal o qədər də yüksək nəticə deyil…
- Məncə, 7 bal yaxşı nəticədi.

- Onda niyə  7 bal?
- Bu, normal qiymətdi. Mən bunu məqbul sayıram.

- Premyer Liqanın mərkəzi, sürəti böyük olan oyunlarda yan hakimlər matçın baş hakiminin işinə tez-tez müdaxilə edir. Bu, sırf bizim müşahidəmizdi, yəni subyektiv fikirdi. Sizdən soruşmaq istərdik, bunun hər hansı obyektiv və subyektiv səbəbi varmı?
- Bu fikirlə razıyam. Mən də yan xətt hakimi olmuşam. O vaxt biz fikirləşirdik ki, laynsmanın işi yalnız topun yan xətdən çıxıb-çıxmamasını, onun oyuna necə daxil edilməsini və oyundan kənar vəziyyəti qeyd eləməkdi.  Amma son illər futbol müasirləşib, sürət və güc çoxalıb. Bununla da yan xətt hakimlərinin vəzifələri artıb. Yan xətt hakimi öz ətrafında görə biləcəyi traektoriyada baş verən bütün epizodlarda baş hakimə kömək eləməlidi.

- Azərbaycan çempionatında bunu pis tendensiya sayırsız, yoxsa yaxşı?
- Mən belə fikirləşirəm ki, baş hakimə əlavə kömək varsa, bu, onun daha doğru qərar verməsinə şərait yaradır. Məsələn, biri var ki, epizodu cəmi bir nəfər fikirləşir, biri də var bir neçə nəfər. Bir neçə nəfər məsləhətləşirsə, deməli, doğru qərar qəbul eləmək olur.

- Yan xətt hakiminini baş hakimə tez-tez səhvini deməsi, müdaxilə eləməsi yaxşı əlamətdi. Yəniburda baş hakimin zəif olduğu bir predmet kimi araşdırılmamalıdı...
- Səmimi deyirəm, bu barədə xeyli optimistəm.

- Hakimliyimizdə ən çox nə dəyişilməlidi?
- Çətin sualdı. Ancaq konkret cavab verə bilərəm. Ən vacib odu ki, hakimlərin intellekti dəyişməlidi. Onlar inkişaf eləməli, biliklərini artırmalı və öz üzərilərində daha çox çalışmalıdılar. Bugün hakim sadəcə qərar vermir, qərar verməzdən əvvəl fikirləşir və təhlil edir. Doğru və ədalətli qərar çıxarmaq üçün kompleks halda şəxsiyyət olmalısan. 

- Hakimlər məsələsində gündəmdə olan əsas mövzulardan biri Anar Salmanovdu. Onun ötən il Premyer Liqa oyunları idarə eləmədən toplanışa çağırılması, bu il isə ümumiyyətlə çağırılmaması futbol ictimaiyyətində suallar yaradıb. Sizcə, Anarın çıxdaş edilməsi bu qədərmi vacibdi, yaxud vəziyyət çoxmu kritikdi?
- Mən bu haqda danışmaya bilmərəm, ancaq problemdən qaçmaq onu həll eləmir. Bu bizim hamımızın, ümumiyyətlə, hakimliyimizin böyük bir problemidi. Anar Salmanovun hakim kimi yetişməsində mənim də köməkliyim olub, mən də ona əlimdən gələn dəstəyi vermişəm. Gəlib bu səviyyəyə çatması Azərbaycan hakimliyi üçün böyük uğurdu. Həqiqətən müstəqillik dövrümüzdə yetişən Babək Quliyev, İmanxan Sultani və Anar Salmanov çox yüksək səviyyəli hakimlərdi və istedadlar qrupunda olublar. Üzülürəm və təəssüf edirəm ki, Anar bugün bu vəziyyətdədi.

- Çıxış yolunu nədə görürsüz?
- Bu sırf Hakimlər Komitəsinin işidi.

- Hakimlər Komitəsinin işinə müdaxilə etməyi təklif eləmirik, problemin həlli yolunu bilirsizsə, fikrinizi deyin.
- Hesab edirəm ki, bugün hakimliyimizdə problemlər var. Belə bir dönəmdə çalışmalıyıq ki, itirməyək. Anar Salmanovun bu səviyyəyə çatması üçün illər sərf olunub. Burda futbol federasiyası rəhbərindən tutmuş hamının zəhməti var. Belə hakimi itirdiyimizçün təəssüflənirəm.

- Sizcə,  təcrübəli hakimlərdən sıranı bu və ya digər formada tərk edənlərin yerinə gələn referilər daha çox səhv edir, yoxsa bu bizə belə görsənir?
- Hazırda biz buna “tərk edənlər” adı veririk. Amma biz bunu eləməməliyik. Təbii qaydada tərk edənlər, yni yaşı çatıb, gedənlər bir yana, sərt cəzaya məruz qalanlar, qeyri-meəyyən müddətə qovulanlar da var. Çalışmalıyıq ki, belə təcrübəli və ixtisaslı kadrlardan maksimum istifadə edək, onlara qoyulan sərmayəni tam geri qaytaraq. Gənc hakimlərin də yetişməsində belə təcrübəli hakimlərin rolu həddindən artıq böyükdü.

- Oğlunuz Rauf Cabbarovu toplanışda görmürük... Hardadı?
- Rauf Cabbarov  İngiltərədə oxuyur. O, Mançester şəhərində magistratura təhsili alır və İngiltərə V Liqasının oyunlarını idarə edir.

- Nə üzrə təhsil alır?
- O, İnformasiya və Texnologiyalar Nazirliyində işləyir. Nazirliyin xətti və dövlət proqramı ilə ixtisasını təkminləşdirmək üçün İngiltərədədi.

- Nə vaxt qayıdacaq?
- Gələn il. Allah qoysa, növbəti mövsümdən hakimlərimizin sırasında olacaq. Qayıdanda hakimliyini bərpa edəcək və səviyyəsinə uyğun oyunları idarə edəcək.

- Necə bilirsiz,  Rauf  işlədiyi nazirlikdə daha keyfiyyətli kadrdı, yoxsa hakimlikdə?
- Rauf ağıllı oğlandı. Yadıma gəlmir ki, 5-6-cı siniflərdən bu yana ona nədəsə kömək edim. Tam səmimi deyirəm ki, Rauf hakimliyə özü gəlib. O, 15 yaşında I Divizionda əsas heyətdə futbol oynayırdı. 17 yaşında isə futbolu “tulladı” və instituta daxil oldu. Sonra hakimliyə başladı. Bunların hamısı onun şəxsi qərarları olub. Mən çalışmışam ki, onun işlərinə, qərarlarına müdaxilə eləməyim.

- Səhər Aleksey Spirindən də müsahibə aldıq. O da toplanış haqda ümumi danışdı. Konkret ad çəkmək istəmədi, ancaq Avropada irəli gedə biləcək namizədlərinin olduğunu bildirdi. Amma siz hər zaman açıq fikir bildirməklə seçilmisiz. Bu toplanışda siz kimi fərqləndirərdiz?  Konkret ad çəkə bilərsiz?
- Aleksey Spirin şəxsən mənim hakimim olub. Mən hakimlik edəndə, o, SSRİ Hakimlər Komitəsinin sədri idi. Onun ümumi danışmasını başa düşürəm. Çünki bugün bizim liderimiz yoxdu. Hesab edirəm ki, kimisə konkret fərqləndirmək düzgün deyil.

- Namizədiniz yoxdu…
- Xeyr, mənim namizədim yoxdu.

- Hakimlər Komitəsinin sədri Xaqani Məmmədovla aranız necədi?
- (Gülür) Əla.

- Dost deyə bilərik sizə?
- İşdə dost olmur. İşdə yoldaş olur.

- PFL Prezidenti Ramin Musayev mübahisələr zamanı sizdən kimin fikrinə daha çox önəm verir?
- Ramin Musayevin ətrafında futbol haqda çox gözəl mübarizələr gedir. Futbol oyunun qaydaları, mübahisəli epizodlar və. s haqda. Mən hər zaman fikrimi deyəndə futbolun qaydalarına əsaslandırıram və obyektiv şərh verirəm.

- Bəs Xaqani Məmmədov?
- Mən özümə cavabdehəm (Gülür).

- Topanışın hər şeyindən razısınız…
- Təbii ki, razıyam. Xahiş edirəm, bu yeri mütləq, xüsusi qeyd edəsiniz, mən 1977-78-ci illərdən hakimlik edirəm. Şəxsən AFFA preidenti Rövnəq Abdullayevə, baş katib Elxan Məmmədova və PFL rəhbəri Ramin Musayevə minnətdaram ki, hakimlərçün belə şərait yaradılıb. Mən belə bir şəraiti birinci dəfədi görürəm.

- Təşəkkürçün vermədim sualı, tam fərqli mövzu haqda danışırıq. Bildirdiz ki, tolanışın təşkilatçılığından, gedişindən, hakimlərin fiziki yükləməsindən razısız. Amma qeyd elədiz ki, hakimlərimizin adaptasiyası üçün intellekt və xarakter çatışmır. Məhz bu problemin həlli üçün nələr eləmək olar?
- Dünya hakimliyində intellektsiz irəli getmək mümkün deyil. Amma biz heç bir insanın daxilinə girə bilmərik. Hakimlikdə hər kəsə hər sahədə kömək eləmək olar. Ancaq onun xarakterini formalaşdırmaq mümkün deyil. Xarakter də bu peşədə vacib aspektlərdən biridi.

- Azərbaycan futbolunda “pul axını dövrü” olub, təxminən 2004-05-ci illərdə. Ondan bu yana hansı mövsümü hakim-inspektorluqda daha uğurlu sayırsız?
- Çox çətin sual oldu. Onu deyim ki, bizim sıralarımızdan bütün mövsümlərdə kimsə cəzalanıb.

- Təsəvvür edin ki, müəllimsiniz və yaxşı bir şagirdi ayağa qaldırıb onu digər şagirdlərə nümunə göstərirsiz. Cabbarov İnspektorlar Komitəsinin sədri kimi hansı hakim-inspektoru nümunə göstərə bilər?
- Konkret ad çəkə bilmərəm. Amma elə hakim-inspektorlar var ki, mən ona təyinat verəndə, onun bu vəzifənin öhdəsindən layiqincə gələcəyinə tam arxayın oluram. Elələri də var ki, şübhələnirəm; qiymət verəndə obyektiv olacaq, ya yox.

Elçin CƏLİLOV


oxunma sayı: 1045 | Paylaş:




?>