')

Bu gün:


FutbolPress.Az | İşıq var... (?)

İşıq var... (?)


oxunma sayı: 983 Paylaş:

FutbolPress
elchin.jalilov@gmail.com
Cəmiyyəti irəli hərəkət etdirən tarixi formalardan biri,  heç şübhəsiz, təhsillənməkdi. Bizdə bu, futbolda, ümumiyyətlə, idmanda həmişə axsıyıb. Mentalitet deyilən bəzi vərdiş və kileşlər siyahısında idmançının savadlı olması, yaxud "savadlı, idmançı" (təhsilli idmançı) antonimi də var...

Uşaqlıqda futbol oynamışıq, sevimli vərdişimiz, məşğuliyyətimiz olub. Elə indi də. Ancaq futbolu peşə seçən, bununla peşəkar məşğul olmağa başlayan bizdən aralanıb, aralı düşüb, aralı tutmuşuq. Cəmiyyətin ciddi iş qəbul eləmədiyi şeylərdən biri kimi desəm...


Günümüzdə futbolçunun maddi imkanı xarici universitetdə təhsil almış, intellektual bir işçidən qat-qat çox ola bilir. Ancaq təfəkkür həminkidi..

Mövzularımızda ara-sıra toxunmuşuq - azərbaycanlı futbolçu əlinə keçən çoxlu pul dediyimiz; 100, 200, 300 min dollarla, görəsən, nə edir...

Həqiqətən təhlil edilməsi çox çətin mövzulardan, ritorik suallardandı.

Gəlin bu siyahıya baxaq:

1. Zlatan İbrahimoviç - "Mən Zlatanam"
2. Dieqo Armando Maradona - "Özüm, fubtol və hər şey haqqında"
3. Devid Bekhem - 3 kitab yazıb: "Mənim komandam", "Devid Bekhem" vә "Tom Uatt"
4. Andrey Arşavin - KVN-də məşhur zarafatların müəllifi və "Qadınlar, pul, siyasət və futbol haqda 555 sual və cavab" kitabı
5. Pele - "Mənim həyatım və əsrarəngiz oyun" və "Pele" 
6. Marko Materassi - "Əslində mən Zidana nə demişəm?"
7. Mişel Platini - "Matç kimi həyat"
8. Andrey Starostin - 3 kitab yazıb. Onlardan ən məşhuru "Futbol haqqında povest"
9. Nikita Simonyan - "Futbol təkcə oyundurmu?"
10. Aleksandr Tkaçenko - "Futbol və qeydlər"


Məsələn, bu, yüzlərlənin içindən əlüstü seçdiyimiz ilk onluq.  Bu siyahıdakıların əksəri yazdığının müəllifidi / özü yazıb, yazdırmayıb. Misalçun,  Emir Kusturisanın Maradona haqda əsrarəngiz filminə baxsanız, görərsiz ki, elə danışdıqları bir kitabdı.

Bizdə isə son 10 ildə, yəni ən azı "pul axını" (2004-lərdən sonra) dövründə kitab  yazan futbolçu bir yana, heç olmasa, kitab yazdıran, buna imkan yaradan görmədik...
Əslində, sənin kitab yazmaqçün mövzun; bununçün materialın, səbəblərin, mühitin və s. olmalıdı - deyə bilərsiz. Ancaq düşünmürəm ki, hansısa Mahmudun, Mahirin, Samirin, Zaurun, Qurbanın, Vəlinin və s. son 10-15-20 ili ifadə eləyən xatirələrdən ibarət kitab üçün materialı, maraqlı dəlilləri olmasın.

Elə Foqtsun 7 illik Azərbaycan karyerası haqda yazmaq... bilirsiz, bu nəinki futbolçu üçün, Azərbaycan futbol təsərrüfatında dəyişilmə, canlanmaya, fikir cücərtilərinə gətirib çıxara bilər. Biz də oturub, belә şeyləri gözləyirik... Biz də ifadə fantaziyalarımızın canlanması üçün o mühiti, sıçrayışı, qığılcımı gözləyirik. Dələduz futbol məmurlarının ortaya yaratdığı və ətrafı bulaşdırdığı boz mühitdən cansıxılması ürəkbulanma yaradıb bizdə...

Bizim futbolçu obrazının dəyişilməyinə ehtiyac var. Bu ehtiyacı hiss eləyən vasitəçilər necə, varmı, onlar ortaya buyurub, futbolçunu maarifə qoşa bilərmi..

Zambrottanın hələ də gəlirlərinin bir hisssini təhsil haqqını verə bilməyən tələbələr üçün sərf elədiyini haçansa yazmışdım,  yenə qeyd eləyim.. Azərbaycanlı futbolçu "Qazancımda gözünüz var (?)" ritorikasıyla qarşılayar belə şeyləri - faciənin mantiyası, nüvəsi...

İşıq var... (?)

Biz bir müddət əvvəl Azərbaycan Premyer Liqasında oynayan futbolçuların bir neçəsinin ali təhsilinə də davam elədiyi haqda materiallar hazırlamışdıq. Məsələn, "Neftçi", "Qarabağ", "İnter"də Azərbaycan Dövlət İqtisad Universiteti, Bakı Dövlət Universiteti, müxtəlif özəl və dövlət ali məktəblərində oxuyanlar haqda portretlər yazmışdıq, onların topladığı test ballarını göstərmişdik. Araşdırmalarımızdan aydın olmuşdu ki, bu gənclərin gələcəkdə milli komandada oynamaq şansları da var, yəni futbolun elitasına gedən yoldadılar. Həm də bunu bilmişdik ki, məsələn, 7-10 əvvəldən oyana belə hallar az idi...

Məsələn, 5-6 il əvvəl daha çox "futbolçu atası"  ifadəsi daha aktual idi. Yəni, atası "pul axını" prosesini görüb, hiss eləyib, onun çevik davrana biləcəyi ən maksimum manevr oğlunu futbola yazdırıb, kapitalını üstünə tökmək, sonra hansısa kluba keçid - 100-150-250 və min dollarlar... Pis deyil ki... Azərbaycanlı "futbolçu atası" və yaxınları üçün... "İnomarka", "novostroyka" və bunun ətrafında ədviyyatı, məzə-muzəsi...

Komplekslər tamamlandı, eqo "doydu".

Sizə Emil Balayev  kimi futbolçunu nümunə göstərmək istəyirəm. Buyaxınlarda "Ayntraxt"a transfer olundu. İlk Azərbaycan qolkiperi idi ki, belə ciddi və tanınmış kluba keçir. O, ikinci təhsilini alır. Birincisi şablon - idmançıların hamısında olan ADBTİA diplomu (Azərbaycan Dövlət Bədən Tərbiyəsi İdman Akademiyası).

Ancaq indi isə  Karazin adına Xarkov Milli Universitetinin Beynəxalq İqtisadiyyat fakültəsinin ikinci kursundadı. Məsələ budu ki, Emil öz istedadı ilə daxil olub. Ona qalsa, hansısa X yerli oyunçu asanlıqla ödənişli populyar bir universiettə adını yazdıra bilərdi, Emil oxuyur, təhsil alır. Sən necə düşünürsənsə, oynamağın da, sürməyin də, yatmağın da o cür...

Bundan başqa, "Neftçi" ilə Belqrad səfəri, toplanışlarda müşahidələrimdən yayınmayan detallardan biri də Balayevin davranışları olub. Onun simasında görmüşəm ki, həm futbolla məşğul olub, həm də intelligent, intellektual da olmaq mümkündü.

Balayevin simasında yerli futbolçulara bu balaca, közərən ümid işığından da baxmaq olar...

Ayağınızdakı istedadın başınıza qədər yayılması arzusuyla, kitabınızı özünüz yazın...

Yazarın bütün yazıları

oxunma sayı: 983 | Paylaş:




?>