')

Bu gün:


FutbolPress.Az | Papaq

Papaq


oxunma sayı: 20381 Paylaş:

FutbolPress
natiq_muxtarli@mail.ru

Hadisə o qədər gözlənilməz baş verdi ki, indi hamı çaş-baş qalıb. Papaq Rednikin idi, yoxsa Anar Salmanovun? Papaq rumının başında idi, yoxsa külək havada uçurdarkən tutmuşdu onu Rednik? Hər şey anidən baş verdi. Rednik əlindəki papağı yerə çırpdı, Anar Salmanov ona qırmızı vərəqə göstərib, texniki zonadan uzaqlaşdırdı.
Balam, papaq Rednikindisə qırmızı vərəqə nəyə lazım? Mən biləni «kimsə şəxsi papağını yerə çırparkən ona mütləq şəkildə qırmızı vərəqə göstərilməlidi» bəndi FİFA-nın qərarında yoxdu. Bəlkə Xaqani Məmmədovun azərbaycansayağı qərarlarında belə bənd var? Yox, olsaydı xəbərimiz olardı.
Papaq Rednikin olmayıb, bu dəqiqdi! Papağı külək vıyıldadaraq Rednikin ayaqları altına salıb. Rumın da qarşısında qəfil peyda olan papağı götürərək zərblə yerə çırpıb. Bəs papaq kimin olub?
Deyilənlərə görə Anar Salmanov «Xəzər Lənkəran»ın qapısına penalti təyin edərkən hakimlik vicdanının başına qoyduğu papağı qəfil qopan külək vıyıldadıb havaya. Ondan sonra ta həmin epizoda qədər Anar Salmanov papaq dalınca qaçıb stadionboyu. Oyun-zad yadına düşməyib gənc və perspektivli hakimin. Papağın hayında olub. Ha istəyib tutsun, tuta bilməyib. Külək o qədər sürətlə əsib ki, papağı stadion boyu vıyıldadıb o tərəf bu tərəfə. Onu da deyirlər ki, həmin vaxt ədalət hissinin papağını küləyin badına verən təkcə Salmanov olmayıb. Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov da küləyə məğlub olub. O da Anar Salmanovun penalti qərarından sonra papaq axtarışına çıxıb. Dördüncü hakim qulaqcıq vasitəsilə Salmanovu papaqların kütləvi itkisi ilə bağlı məlumatlandırıb. Gözü dörd olub Salmanovun. Təkcə öz papağını yox, ona göstəriş verənlərin də ədalət papağını axtarıb referi. Adam həyəcanlanar, (fikir verin ey, həyəcanlAnar sözü Salmanovun adı ilə bitir) psixoloji gərginlik yaşayar belə anda.
Ramin Musayev demişkən, oyunmu yada düşər belə yerdə, a qıvlasızlar?
Və birdən Rednikin papaq yerə çırpdığını görəndə neynəməliydi Salmanov? Bu papaq kimin idi? Dedim axı, Rednikin olmadığı dəqiqdi. Rumınlar papağa yox, ədalətə sitayiş edirlər, güvənirlər. Papaq yalnız azərbaycanlıların zəif damarıdı. Ona görə hər şeyi qurban verərlər. Ədaləti də, haqqı da.
Bəs kimindi? Hər kimindi. Amma o papaqdan yaxşı qazanc əldə etmək olar. Anar Salmanov, papağı əldə et və Lənkərana göndər. İnan mənə, «böyük bazar»da o papaq Əfqan Həmzəyevin qələmindən yüz qat artıq qiymətə satılacaq.

P.S. Rövnəq Abdullayev AFFA-nın Konfransında özünü «Neftçi»nin azarkeşi kimi aparıb. Neft maqnatı deyib ki, Mirça Rednikin sərt cəzalanması üçün PFL-ə müraciət edib.
Adam belə açıqlama verməklə bütün etik qaydalara, qanunlara tüpürüb. Sən kimsən ki, Rednikin sərt cəzalanmasını tələb edəsən, Rövnəq Abdullayev? AFFA prezidentinə belə əlahiddə səlahiyyəti kim verib? Bəs qanun, qayda, oyunun protokolu, AFFA nümayəndəsinin qeydləri, bunlar hara getsin? Rövnəq Abdullayev Redniki hansı qurumun cəzalandıra biləcəyindən belə xəbərsizdi, ona görə də deyir ki, PFL-lə müraciət etmişəm. İndi bildiz futbolumuz niyə bu gündədi?
Bilmirsiz, Rednikin yerə çırpdığı papağın ədalət hissini itirmiş Rövnəq Abdullayevə dəxli yoxdu ki? Dəxli varsa papağın qiyməti qalxdı.

Yazarın bütün yazıları

oxunma sayı: 20381 | Paylaş:





?>