')

Bu gün:


FutbolPress.Az | II Renessans dövrü

II Renessans dövrü


oxunma sayı: 988 Paylaş:

FutbolPress
faridordiyev@gmail.com
Futbolun “Da Vinçi”si və “Mona Liza”sı…

Leonardo Da Vinçi. İntibah dövrü. İtaliya. Əsrlər öncə yaranan əsər və Da Vinçinin şah əsəri hesab olunan “Mona Liza”! Bu günə kimi ən cəlbedici və haqqında müzakiləri bitməyən rəsm nümunəsi.  “Cakonda”ya intibahın intibahı da demək olar. Müasir italyan futbolunun da öz “Da Vinçi”si və öz “Mona Liza”sı var…

O, “Inter”ə 23 ildən sonra çempionluq gətirdi. O, “Inter”ə yeni rekordlar gətirdi. O, “Inter”ə yeni ruh – qələbə ruhu gətirdi. O, “Inter”ə Mançini fəlsəfəsi gətirdi. Roberto Mançini “Inter”i dirçəltdi. 80-ci illərdə ilişib qalan, yalnız o dövrün uğurları ilə özünə təsəlli verən azarkeşlər Mançinin “Inter”ini gördülər, tanıdılar, “daddılar” və sevdilər. O,  23 illik həsrətin sonu - növbəti illərdə “neradzurra” üçün əsl uğurun hələ qabaqda olduğunu göstərəcəkdi...
Bu gün İtaliya futbolundakı böhran heç kim üçün sirr deyil. İş o yerə çatıb ki, indi Serie A daha çox gənc futbolçular üçün özünüsübut məkanı kimi, yaşlanmış futbolçular üçün – vaxtı keçmiş futbolçular üçün qazanc yerinə çevrilib. Maddi vəziyyət klubları daha da çətinə salıb. Artıq Avropada iddialı olmaq kimi fikirlər belə azarkeşlərə yaddır. Nə uzadım, mövzunun girişindən də məlumdur ki, yazı bir müddət öncə Bakıda tarixi qarşılaşmanın iştirakçılarından olan Milanın “Inter”inə aiddir. Daha doğrusu onun “Da Vinçi”sinə.

Matsarri ilə yolları ayıraraq Mançinini yenidən “göy-qaralara” qovuşduran Erik Tohir (“Inter”in prez.) bununla bir qədər imicini qorumuş və təzyiqlərə tab gətirmiş oldu. Qopmaqda olan tufanı biraz səngitdi. Mançininin taleyi ilə “neradzurra”nın taleyi bənzərdir. Lap, əkiz qardaşlar kimi. Hər ikisi özünü sübut eləməyə borcludur. Vəziyyət belə tələb edir. “Qalatasaray”la  ötən mövsüm uğursuzluq yaşayan Mançini Milana qayıtmaqla, demək olar ki, hər şeyə başdan başladı - “Inter”dən... Mançini dövrü milanlılar üçün “Dirçəliş dövrü” kimi tarixə düşüb. Bu dirçəliş, bu renessans yalnız nəticələrlə deyildi. Milanın “Da Vinçi”si “Mona Liza”nı möhtəşəm əsərə çevirmək üçün özünəməxsus üsullardan istifadə etmişdir.  Bunun gizli və üzdə görünməyən məqamları vardı. “Dirçəliş dövrü”nün 4 əsas səbəbi.

Nizam-intizam

Da Vinçi özündən əvvəlki və dövrün rəssamlarından fərqli olaraq özünü bir sistemə - nizama sala bilmişdi. Doğrudur, əyləncələrə, şərablara, qadınlara da meyli var idi. Amma Leonardo həyatını o qədər dəqiq bölmüşdür ki, tarix onun ixtiralarını, yaratdıqlarını məhz bu intizam sayəsində qazanmışdır. “Inter”in “Da Vinçi”sinin də o tarixdən götürdüyü əsas cəhətlərdən biri nizam-intizamdır.

İtalyanların bir qədər ipə-sapa yatmadığı hər kəsə məlumdur. Apennin yarımadasına təşrif buyuran legionerlər də mühitə lazımınca adaptasiya olurlar. Belə olan halda komanda daxilindəki intizamı qoruyub saxlamaq çox çətin olur. Mançinidən əvvəl Zakkeroni, Kuper daha mülayim məşqçilər hesab olunurdu. Robertonun baş məşqçi postuna keçməsi ilə komandada ab-hava dərhal dəyişdi və gecikmələr, məşqdən yayınmalar, heyət formalaşdırmalar bir anlıq itdi. İntizam yalnız meydandan kənarda deyil, 90 dəqiqə meydanda da hiss olunurdu. Bu da nəticə təsir edən əsas amillərdəndir.

Transferlər

Da Vinçi dəyəriz görünənlərin dəyərini görüb ona dəyər qazandıranlardandır. Adi görünənləri qeyri-adiyə çevirməyi bacarırdı Leonardo. İşıq, kölgə və tüstüdən ilk dəfə istifadə edərək mühafizəkar rəssamlara üzdə olanlardan maksimum istifadə etməyi öyrətməyə çalışmışdı. İndi də Da Vinçinin bu yeniliklərindən müxtəlif kompüter proqramlarında istifadə edirlər. Mançini də dəyərsiz görünənləri dəyərləndirmək bacarığını elə ilk ilində nümayiş etdirdi. Komandaya gəlişi ilə həm 2004-2005-ci il mövsümündə, həm də hazırda izlədiyimiz mövsümdə transfer bazarında “Inter” fərqli görünür. Həmin dövrdə də, indi də Mançini ucuz və keyfiyyətli oyunçuları seçərək onları komandaya qazandırır. 10 il əvvəl Madrid “Real”ında kölgədə qalan Kambiasso, “Çelsi”yə lazım olmayan Veron, “Latsio”nun planlarına daxil edilməyən Mihayloviç kimi futbolçular “neradzurra” ilə sanki dirçəldilər. Bu gün də Mançini öz fəlsəfəsinə sadiqdir: Podolski, Şaqiri, Lassana Diarra, Lukas Leyva və s.

2004-2005-ci il mövsümündən öncə Roberto komandadan 16 futbolçunu uzaqlaşdıraraq əvəzində yalnız 9 oyunçunu transfer etmişdir. 25 milyona yaxın pul xərcləyən komanda, 30 milyon gəlir əldə etmişdi.

Taktiki düzülüş

Da Vinçi “Mona Liza”nı yaradarkən əsərdə hər şeyi dəqiq ölçüb biçmişdi. Riyazi, anatomik bilikləri ona bu mənada çox kömək etmişdi. “Cakonda”da Leonardo qeyri-ənənəvi “taktiki düzülüş”dən istifadə etmişdi. Mimikalar, əllərin proporsiyası, qəhrəmanın çəkilmə aspekti və bu kimi faktorlar əsəri möhtəşəmlər cərgəsinə daxil etmişdi. Da Vinçi sələflərindən fərqli olaraq mühafizəkar ideyalarından əl çəkməyi bacarmış və xələflərinin onu müəllim adlandırmasına nail olmuşdu. Çox dərinə getmədən, Mançininin də eyni yolun yolçusu olduğunu söyləməkdir məqsəd.

Matsarrinin inadla “Inter”ə tətbiq etmək istədiyi 3-lü müdafiə taktiki sxemi fiaskoya uğradı. Təzadlarla zəngin olan bu taktiki düzülüş milanlılar üçün yad olduğundan futbolçular, azarkeşlər və hətta klub prezidentləri (Moratti və Tohir) də bundan narazıçılıq edirdilər. Mançini isə daha çox ənənəvi 4-4-2 və onun müxtəlif versiyalarından istifadə edir. Daha çox hücumu düşünür, müdafiəni də unutmur. Məhz 2004-2005-ci illərdə Mançini bununla o zaman Serie A-da tüğyan edən “müdafiə küləy”ini yatıra bilmişdi.  Matç boyu oyunçuların yerlərini dəyişməklə taktiki düzülüşü fleksibl (dəyişkən) etməyi bacaran Roberto Britaniyada bu cəhətini daha da inkişaf etdirmiş oldu.

Cəsarət

Hər “rəssam” yaratdığı əsərdə cəsarətli olmur. Həmin “rəssamlar” tarixdə bir cümlə ilə qalırlar. Maksimum 3 cümlə ilə: Doğuldu, işlədi, öldü. Cəsarətli, yenilikçi “rəssamlar” isə tarixi dəyişir, tarix yazırlar, tarix olurlar. Mançini də “Inter” üçün belə məşqçilərdəndir. Da Vinçi də “Mona Liza“nı yaradarkən (!) cəsarətini, iradəsini və yenilikçi ruhunu rəsmə köçürmüşdü. Mançini bir çox oyunlarda, xüsusilə ilk hissələrdə geriyə düşdüyü və ya zəif oynadığı matçlarda rəqibdən və onun gücündən çəkinməyərək hücumçuları meydana buraxmaqdan qorxmurdu. Elə Yuventusla matçda olduğu kimi (1-1).  Roberto avtoritet olan istənilən futbolçunu rahatlıqla ehtiyat oyunçu statusunda saxlaya bilər. Onun üçün bir nömrəli avtoritet özüdür, öz fikirləridir, öz fəlsəfəsidir. Bütün bu sadalananlar onu Mançiniyə çevirib.

Qarşıda Mançinin görüləsi işi çoxdur.  Sözsüz ki, o da Da Vinçi kimi üzərində işləməli, potensialını tam ortaya qoymalıdır. Zəif və çatışmayan cəhətlərini də aradan qaldırmalıdır. Da Vinçi “Mona Liza”nı 10 ilə ərsəyə gətirmişdi. Arada fasilələrlə. Mançinin də ilk “İnter”li ilindən düz 10 il ötüb…









Yazarın bütün yazıları

oxunma sayı: 988 | Paylaş:




?>