')

Bu gün:


FutbolPress.Az | " FutbolPress "in Barselona təəssüratları (YAZI + FOTOLAR)

"FutbolPress"in Barselona təəssüratları (YAZI + FOTOLAR)


oxunma sayı: 1227 Paylaş:

FutbolPressGünlərin bir günü çox möhkəm dərəcədə Barselonaya getməyim gəldi və getdim...

Yox da, belə kino olmur.

Dubl 2: Çox məsuliyyətli bir iş dalınca İspaniyaya göndərilirdim. Şəhər seçimi özümə tapşırıldığı üçün, əlbəttə ki, Barselonanı seçdim.

Gedən gün günortadan sonra idi deyə, bərk yorğunluq da üstünə; "Kamp Nou"ya ertəsi getdim. Getdim, nə getdim... Yüz min dəfə bəh bəh bəh...

Hərfləri tanıyandan atasının alıb evə gətirdiyi qəzetləri ("Panorama", "Rezonans", "Bu gün", "Avrasiya", "Şərq", "Hürriyyət", "Azadlıq" və s.) 15, yaxud 16-cı səhifədən oxumağa başlayan, futbolla nəfəs alan, hərlənib-fırlanıb (Aaa, bu nə sözdüüü, hanı bәs bərbəzəkli cümlələr..), futbol yazarı olan və bu peşədə özünü rahat hiss eləyən birinin Avropanın futbol məbədlərindən birinə qədəm basması nə cür hiss olar...

Məlum oldu ki, biz orda hansısa rəsmi şəxslə danışa, müsahibə eləyə bilmərik. Yəni fikir mübadiləsi olsa belə, bu, məqalə halında olmamalıdı. Qaydaya əməl edirəm.. çünki getməzdən əvvəl bu haqda klub administrasiyasına xüsusi məktub ünvanlanmalıymış.

Ancaq "Kamp Nou" ilə tanışlıq özü bir təcrübə, dopdolu təəssüratdı.

Klub muzeyini, fan-şopunu və stadionu səyahətə çıxmaq... "Barselona"nın futbol komandasından tutmuş hokkey komandasına qədər olan bütün medal və kubok kolleksiyaları, klub tarixinə məxsus ilklər və s. barədə gördüklərimizi fotosessiya və videorolik kimi sizə təqdim eləmişik.

Bu, bir sistemdi. Onlar bunu mükəmməl qurublar. Marketinq salnaməsi yaradıb adamlar. "Barselona"nın təkcə muzeylə stadionu ziyarət eləyən turistlərdən gəliri AFFA-nın illik büdcəsindən iki dəfə çoxdu (50-60 milyon avro).

Bütün şəhər, aqlomerasiya "Barselona" ilə nəfəs alır; mübaliğəsi tam yerinə oturar. Siz şəhəri gəzdikcə füsunkar abidələri görüb, valeh olacaqsız. Memar Antoni Qaudinin "Sagrada Familia"sı haqda bilməyənlər "google"də axtarışa versin. 1882-ci ildən tikintisi başlayan abidə hələ tamamlanmayıb. İanələr hesabına tikildiyi üçün belə uzanır, ancaq düşünürəm ki, hardasa tikib qurtarmamağa da biraz meylli olublar. Çünki ən çox gəlir gətirən bu abidəyə elə bu fakta görə baxmağa gələnlər də az deyil.

Şəhərə iki ən hündür yerindən  - "Park Güel" və "Tibidabo"  kilsəsindən baxanda "Kamp Nou" da "Sagrada Familia" kimi göz qamaşdırır. Barselonanı katalanlara memarlıq yadigarı saxlayan Qaudinin əl işlərinə görə bu şəhər dünyada ən çox turist cəlb eləyən şəhərlər arasında ilk beşlikdə daim var. Siz futbolu və memarlığı ustalıqla ortaya qoyan bu yerin qonağı olmaqla özünüzü  xoşbəxtliyin qucağında hiss edəcəksiz...

Hər üç eyvandan birində Kataloniya bayrağı asıblar. İmkan olduqca müşahidə eləməyə çalışdım və belə anladım ki, Kataloniya İspaniyadan ayrılması üçün sadəcə siyasi gərginlik var, sıravi katalanların vecinə deyil belə şeylər. Katalanlar özünü İspaniyanın bir parçası görür...

Hər halda, bu tarixi prosesin səbəblərini dəqiqliyi ilə qeyd eləməyə nəinki mənim, Azərbaycanda hansısa tarixçinin də yetərincə informasiyasının olmadığını da düşünürəm. Ancaq Kataloniya - İspaniya gərginliyi deyilən şeyin şahidi olmadım orda olduğum 8 gündə.

Ümumiyyətlə, gərginliyə şahidlik eləmək mazoxizm yellərindən biri kimidi. İdeologiyası inkişaf olan şəhərləri, ölkələri hamı sevir, ora gedir, səyahət elәyir. Siz hər şəhərdə özünüzü bu qədər yüksək əhval-ruhiyyədə hiss eləməzsiz. Folkner yazır ki, şəhərlərin ruhu sakinlərinin düşüncəsindən hasil olur. Kişi necə gözəl deyib. Elə yerlər var, bərbəzəkli, dəmdəsgahlıdı, ancaq orda xoşbəxtlik hiss olunmur, dünyanın hər yanından insanları cəzb eləmir, elə özü üçün bəzəklənib, eqosunun burnunu yekəldir, he-he...

Yazını çox uzatmaq olar. Ancaq Barselona, Kataloniya haqda təəssüratlarım futboldan oyana keçmişdi, bu haqda yazılarla da sizinlə söhbətləşərik uyğun portalların birində. Məsələn, "Barselona metrosunda hər gün gördüyüm çoxsaylı öpüşən cütlüklər və..." mövzusu elə ayrıca 2-3 yazı materialı ola bilər. İndi isə bu yazını bitirək, әziz və hörmətli televiziya tamaşaçıları...

Bukmekerizasiyanın futbolu murdarladığı bir vaxtda məhz "Kamp Nou"da o saf  futbol ruhunuzu dinlədə bilərsiz. Hәlә bir tarixә boylanın - kimlәr oynayıb orda, wooow... Nə yaxşı ki dünyada az da olsa, belə aborigen futbol şəhərləri hələ qalmaqdadır və bizim təcrübə artırmağımız, sizin futbol zövqünüzü zənginləşdirməkçün imkanınız olur...

P.S. Hə, onu da mütləq  əlavə eləyim ki, Azərbaycanı soruşduq, çoxu tanıdı.  "Land of Fire Azerbaijan"la tanıyırlar. "Qarabağ"ın "İnter"ə hakim səhvi ilə uduzması ilə tanıyırlar. Tanıyırlar... Dincələk wink

Elçin CƏLİLOV

(Bakı-Barselona-Bakı)


Tibidabo dağı vә kilsә


Barselona metrosu; sәliqә-sәhman göz oxşayır


Şәhәrin mәrkәzi üçmәrtәbәli kitabxanasında "insan tıxacı"


Kiçik, "әlvan messilәr" şәhәri...


"Kamp Nou"nun qarşısı


Kanatdan şәhәr görüntüsü


Messinin "Qızıl Top"ları


Әn hündür yerlәrdәn biri - "Park Güel"dәn şәhәr panoraması




oxunma sayı: 1227 | Paylaş:




?>