İntizam Komitəsi cəzaları açıqladı: 1000 manatlıq təhqir
Paylaş:
AFFA İntizam Komitəsinin bugünki iclasında Azərbaycan I Divizionu və əvəzedici heyətlərin çempionatının oyunları da diqqətdən kənarda qalmayıb.
İK adıçəkilən çempionatların son turunda baş verənlərlə bağlı müvafiq qərarlar verib.
Əvəzedici heyətlərin XVI turunun “Bakı” – “Xəzər Lənkəran” matçının 83-cü dəqiqəsində "zolaqlılar"ın 47 nömrəli futbolçusu Rəvan Kərimov idmançıya yaraşmayan hərəkətə görə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 100 manat cərimə olunub.
Oyunun 84-cü dəqiqəsində meydan sahiblərinin 15 nömrəli futbolçusu Azad Kərimov rəqibi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanıb, klub 1000 manat cərimələnib.
Turun “Qəbələ” – “Qarabağ” matçında meydan sahiblərinin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün kluba 500 manat cəza kəsilib.
I Divizionun XV turunun “Göyəzən” – “Bakılı” matçının 83-cü dəqiqəsində əyalət klubunun 4 nömrəli futbolçusu Sənan Yusifov və paytaxt təmsilçisinin 21 nömrəli futbolçusu Şəhriyar Əhmədli aqressiv hərəkətə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün hər bir futbolçu 4 oyun cəzalanıb, klublar 400 manat cərimə olunub.
“Turan Tovuz” – “Qaradağ Lökbatan” matçında meydan sahiblərinin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimələnib.
Oyunun 82-ci dəqiqəsində “Qaradağ Lökbatan”ın 44 nömrəli futbolçusu Murad İsgəndərli ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, kluba 20 manat cəza tətbiq olunub.
Oyun bitdikdən sonra “Turan Tovuz” klubunun 8 nömrəli futbolçusu Seymur Tağıyev hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanıb, klub 400 manat cərimə olunub.
| Paylaş: