')

Bu gün:


FutbolPress.Az | AFFA-da yaradılacaq Klublar Komitəsi nəyə xidmət eləyəcək? (AÇIQLAMA)

AFFA-da yaradılacaq Klublar Komitəsi nəyə xidmət eləyəcək? (AÇIQLAMA)


oxunma sayı: 503 Paylaş:

FutbolPressDünən AFFA-da Klublar Komitəsinin yaradılacağı haqda xəbər vermişdik. Bugün həmin komitənin əsasnaməsi, iş prinsipi və yaradılmasına zərurət yaradan məsələlərlə bağlı AFFA-nın baş katibi Elxan Məmmədovu danışdırdıq.

Elxan Məmmədov əvvəlcə Klublar Komitəsinin əsasnaməsi haqda məlumat verdi:

“AFFA-da Klublar Komitəsinin yaradılması qurumda bir neçə aydı müzakirə olunurdu. Ötən həftə isə AFFA prezidenti cənab Rövnəq Abdullayev bizə belə bir komitənin yaradılması, əsasnamənin hazırlanması haqda göstəriş verdi. Hazırda komitənin əsasnaməsi hazırlanır. İlk əsasnamə standart olacaq. Birinci toplantımızda klubların nümayəndələrinin də təklifləri həmin əsasnaməyə əlavə olunacaq. Sənədin hazırlanmasında beynəlxalq təcrübədən istifadə eləyirik. Müxtəlif federasiyaların nizamnamələrindən yararlanırıq. Əsasnamə gələn həftənin ortalarında tam hazır olacaq və ictimaiyyətə təqdim olunacaq. Belə bir qurumun yaradılmasına məqsəd klub nümayəndələrinin bir yerə yığılması və klublarla fasiləsiz işdir. Komitəyə Premyer Liqada mübarizə aparan 10 klubun icraçıları üzv olacaq. Hər klubdan mütləq bir nəfər üzv bu komitədə olmalıdı. Yəni əsas işi klubla olan, səhərdən axşama kimi işdə olan adam bu komitədə təmsil olunacaq. Komitə üzvlərindən bir nəfər öz aralarında səsvermə yolu ilə sədr seçiləcək. Sədrin başçılığı ilə üzvlər ayda bir dəfə görüş keçirəcəklər. Çox güman ki, bu sədr hər il dəyişəcək, yəni hər növbəti il ayrı klubu təmsil edən şəxs sədr olacaq. Komitə müxtəlif təkliflər verəcək.  Bir nəfər şəxs də tədbirləri keçirmək üçün AFFA-dan olacaq. O şəxs tədbirin təşkilatçılığı ilə məşğul olacaq. Məsələn, tədbir yerinin seçilməsi, protokolun hazırlanması və.s işləri görəcək.Təkliflər İcraiyyə Komitəsinə, Peşəkar Futbol Liqasına təqdim olunacaq. Bu təkliflər hüququ məsələlər, uşaq futbolu, klubların transfer hərəkatları, infrastruktur və.s məsələlərlə bağlı olacaq. 

AFFA rəsmisi Komitənin yaradılmasına zəruri olan səbəbləri də açıqladı:

“Azərbaycanda axırıncı dəfə klublar 18 ay əvvəl bir araya gəlib. Həmin vaxt bir sıra müzakirələr olundu, təkliflər irəli sürüldü. Təkliflərdən biri o oldu ki, “Turan Tovuz” stadionu təmir olunsun. 12 ay sonra artıq həmin stadion təmir olundu və FIFA standartlarına uyğun iki ulduzlu sertifikat aldı. Yəni, bir görüş bu qədər fayda verdi. Bu Komitənin də Azərbaycan futboluna çox böyük köməyi olacaq. Klublarımızın transferlərlə bağlı çox böyük problemləri var. Bir çox hallarda transferlər üçün xaricə müraciət eləyirik, amma transfer vərəqələri gecikir, bir sıra problemlər yaranır. Klubların hüquqi bazası çox aşağıdı. Legionerlər klublardan ayrılandan sonra UEFA-ya şikayət edirlər, bu da onlara bizim klublara sanksiyalar tətbiq eləməyə və cəzalandırmağa imkan yaradır. Komitədə bu problemin də qarşısının alınması üzrə işlər görüləcək. Biz istəyirik ki, klublar birləşərək bu problemləri birgə həll eləsin. Bugün Azərbaycanda klublarla iş yalnız bir qurumdan asıllı olmalı deyil".

Elxan Məmmədovun sözlərinə görə komitə şikayətlər üçün yox, inkişafa doğru bir qurum olacaq və I Divizion klublarının üzvləri komitdə iştirak eləməyəcək:

“Komitə şikayətlərə baxmaq üçün yox, təkliflər üçün fəaliyyət göstərəcək. Burada yalnız hər hansı klubun qarşılaşdığı hakim səhvləri müzakirə olunmayacaq.  Düzdü, bunlara da yer veriləcək. Amma sırf şikayət xarakterli olmayacaq. I Divizion klubları bu komitədə iştirak eləməyəcək. Amma gələcəkdə onlarında komitəyə üzv olmaları üçün müzakirlər aparacağıq”


oxunma sayı: 503 | Paylaş:




?>