')

Bu gün:


FutbolPress.Az | Əzmkar mübarizənin uğurlu sonu (YAZI)

Əzmkar mübarizənin uğurlu sonu (YAZI)


oxunma sayı: 217 Paylaş:

FutbolPress

Əzmkar mübarizənin uğurlu sonu. 17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının ilkin seçmə mərhələsində Azərbaycan yığmasının çıxışını və əldə etdiyi nəticəni bir cümlə ilə belə ifadə etmək olar.

Hər ikisi eyni vaxtda başlayan qrupun son iki oyunu ərəfəsində turnir cədvəlində qəribə və maraqlı vəziyyət yaranmışdı. Əvvəlki qarşılaşmaların hər ikisində qələbə qazanmış Belçika yığması elit-raunda vəsiqəni təmin etmişdi. İsveçrə hər iki oyunda məğlub olduğu üçün irəliləmək şansı qalmamışdı. Aktivində bir qələbə olan, hərəyə bir dəfə isə məğlubiyyət acısı dadmış Azərbaycan və Bosniya və Herseqovina komandalarının görüşü bu baxımdan xüsusi maraq kəsb edirdi.

Maraqlı digər məqam isə bu yığmaların vurduğu və buraxdığı qolların, hətta futbolçularının aldığı sarı vərəqələrin də sayının eyni olması idi. Qarşılaşma qollu heç-heçə ilə başa çatacağı təqdirdə, Əsasnaməyə görə, oyunsonrası penalti zərbələri təyin oluncaqdı. Amma penaltilərdə məğlub olacaq komandanın da məyusluğuna gərək yoxdu. Çünki həmin yığma ən yaxşı nəticəyə malik üçüncü yeri tutmuş 5 komandadan biri kimi növbəti mərhələyə vəsiqə qazanacaqdı.

Qarşılaşma kəşfiyyatsız başladı. Hiss olunurdu ki, hər iki komanda bir-birini yaxşı öyrənib. Yığmamız meydanın mərkəzində çoxluq yaradaraq topu saxlamaq, eyni zamanda, cinah yarımmüdafiəçilərinin sürətli reydi hesabına hücum qurmaq barədə düşünürdüsə, Bosniya və Herseqovina nisbətən primitiv oyun üslubu seçmişdi. Onlar topu müdafiə xəttindən uzun ötürmə hesabına çıxarır, hər cəhddə Ajdin Mujagiçi topla təmin etməyə çalışır, oyunu daha çox bu futbolçunun üzərində qurmağa can atırdılar. Belə epizodların birində hesab açıldı. Yığmamızın hücumunun qarşısını alan bosniyalı futbolçular uzun ötürmə ilə cərimə meydançamıza yaxınlaşdılar, sağ cinahdan gözəl ötürmə alan Denis Zeriç isə fərqlənməyə nail oldu.

Hesabda geri düşən komandamız hücumlarının sürətini və kəsərini bir qədər də artırdı. Ümumiyyətlə, yığmamız bütün oyun ərzində sürətli və hücumameyilli oyun nümayiş etdirdi. Təzyiq artdıqca rəqib topu qapısından uzaqlaşdırmaqda çətinlik çəkməyə başladı. Aramsız hücumların məntiqi nəticəsi olaraq cərimə meydançasında yaranmış qarışıqlıqdan istifadə edən Oruc İsmayılov hesabı bərabərləşdirdi. Tarazlıq bərpa olunduqdan sonra da daha çox hücum edən tərəf Azərbaycan yığması idi. Bosniyalılar isə daha çox sürətli əks-hücumlar hesabına uğur qazanmağa cəhd edirdilər. Komandalar fasiləyə 1:1 hesablı heç-heçə ilə yollandı.

İkinci hissədə də hadisələr fasilədən əvvəlki ssenari üzrə davam etdi. İkinci qolu vurmaq üçün bütün qüvvəsi irəli futbolçulara gah zərbələrin qeyri-dəqiqliyi, gah da rəqib qapıçı imkan vermirdi. İki epizodda Hacıağa Hacıyevin uzaq məsafədən vurduğu zərbədən sonra top qapının yanından keçdi, Xəyal Əmirli isə iki dəfə əlverişli vəziyyətdə başla fərqlənə bilmədi. Qara Qarayevin bir neçə uzun reydlərindən sonra zərbələrinin qarşısını da qapıçı aldı. Oyunun sonlarına doğru Bosniya və Herseqovina yığması daha çox müdafiə olunur, komandanın üzvləri hər xırda toxunuşdan sonra yerə yıxılaraq vaxt aparmağa cəhd edirdilər.

Beləliklə, qarşılaşma 1:1 hesabı ilə başa çatdı. Komandaların turnir cədvəlindəki mövqeyini müəyyənləşdirmək üçün penalti seriyası təyin olundu. 11 metrlik zərbələri daha dəqiq vuran Bosniya və Herseqovina yığması 4:3 (ümumi nəticədə 5:4) hesabı ilə qalib gəldi və qrupda ikinci pilləyə sahib çıxdı.

Əsasnaməyə uyğun olaraq, Azərbaycan yığması ilkin seçmə mərhələni üçüncü pillədə başa vurmuş ən yaxşı göstəriciyə malik 5 komandadan biri kimi elit-raunda vəsiqə qazandı.

Firuz ABDULLA
Eisden – Lanaken, Belçika


oxunma sayı: 217 | Paylaş:




?>