')

Bu gün:


FutbolPress.Az | "El Klasiko" - ölüm-dirim savaşı (YAZI)

"El Klasiko" - ölüm-dirim savaşı (YAZI)


oxunma sayı: 1892 Paylaş:

FutbolPress“Real” Madrid – “Barselona”. Dərin bir nəfəs aldıqdan sonra bu ifadəni ucadan sələndirin. Siz dərhal hansısa cəzbedici hissə, boğucu həyəcana, qəribə bir sehrə qərq olacaqsınız. Özünüz də bilmədən bütün bədəniniz titrəyəcək.

Qorxmayın! Siz hansısa yoluxucu xəstəliyə tutulmamısız və ömrünüzün sonuna da bir neçə il qalmayıb. Siz ya “madridista”, ya da “cule”siniz. Hansı ki, bu ifadəolunmaz hissləri “El Klasiko” adlandırırsınız.

Bugün “El Klasiko” dünyada klub səviyyəsində Çempionlar Liqasının finalından sonra əhəmiyyətinə görə ikinci futbol hadisəsidir. Hətta “El Klasiko”nun auditoriyası bəzi matçlarda ÇL və AL-in finalını da geridə qoyur.

Bu iki klub arasında qarşıdurma öz başlanğıcını 1902-ci ildən götürüb. Məhz onda, “körpə” "Real",  3 yaşlı "Barselona" ilə ilk görüşünü keçirib. Görüşdə Madrid klubu 3:1 hesablı qələbə qazanıb. Bu adi bir gündə gələcəyin ən böyük derbisi – “El Klasiko”nun əsası qoyuldu.



Vaxt ötdü, vədə yetişdi və “Real”la “Barsa” arasında rəqabət bəşəri bir qüvvəyə çevrildi. Kimilərinə sevinc, kimilərinə hüzün gətirən bu iki klub arasındakı soyuq və sərt münasibətlərin yeni mərhələsi general Frankonun dövründə başladı. Çox zaman adi adlandırdığımız futbol oyunu dövlətlərarası bir tarixi də özündə saxlayır. Belə ki, Barselona şəhərinin və ümumiyyətlə Kataloniyanın Frankonun ordusuna qarşı ən şiddətli müqavimət göstərməsi bir qığılcım oldu. Həmin vaxt məhz Barselona prezidenti qəddar generalın ordusuna qarşı mübarizə aparırdı.  Franko isə bu mübarizədən qalib ayrılmaqçün əlindən gələn hər şeyi edirdi – insanları öldürür, Barselonaya basqınlar edir və terrorlar törədirdi. Bütün bunlar bir yana, o, Kataloniya xalqının yenilməz ruhunu təcəssüm etdirən “Barselona”nı məhv etmək istəyirdi. “Real” isə diktatorun göz bəbəyi, sevimli komandası idi.

Bütün bu hadisələrdən sonra “Real” – “Barselona” matçı xalqların iradə mübarizəsinə çevrildi. İndi hər komanda sanki öz millətinin şərəfini qoruyur. Hər görüş müstəqillik uğrunda bir savaş: Madrid - Barselona savaşı. Elə bir savaş ki, heç vaxt, hətta bircə “madridist” və “cule” sağ qalmasa belə qurtarmayacaq.

"Real"ın Santyaqo Bernabeunun başçılığı altında 1953-cü ildə Di Stefanonun alınması ilə başlayan qızıl dövrü 1966-ci ildə Çempionlar Liqasındakı qələbəsilə başa çatdı.   Bundan son Madridlilər 20 ildən çox Avropanın ən nüfuzlu klub turnirinin qalibi ola bilmədi.


"Real" və "Barsa” arasında 1959-60-cı illərdəki qarşıdurma xüsusilə yaddaqalan oldu. 1959-cu ildə “Barselona” son anda “Real”ın əlindən İspaniya çempionluğunu ala bildi. 1960-cı ildə isə barışmaz rəqiblər Çempionlar Kubokunun yarımfinalında üz-üzə gəldi. Oyunun nəticəsi azarkeşlərə 1902-ci ildəki ilk qarşılaşmanı xatırlatdı. İllər sonra eyni nəticə: “Real” 3 - 1 “Barsa”. İkinci oyunda isə “Nou Kamp”a 130 mindən çox “Barselona” tərəfdarı gəldi. Kataloniya klubu azarkeş sayında görə tarixində rekordla yadda qalsa da, matçda nəticə dəyişməz oldu: 1-3. Bu iki qələbə “Real”a növbəti beş ildə Avropanın ən nüfuzlu titulunu əlindən buraxmamaq üçün  təkan verdi.



XXI əsrdə bu rəqiblərin bir-birinə nifrəti o dərəcədə artıb ki, bu gün “Barselona”nı “Real”sız, “Real”ı da “Barselona”sız təsəvvür etmək mümkün deyil. Bu komandalardan birinin uğuru digərini qıcıqlandırır və hər növbəti ilin qarşılaşmasını daha maraqlı, ecazkar və möhtəşəm edir. Artıq “Real” və “Barselona” 100 ildən çoxdur ki, tamaşaçılara ölüm-dirim mübarizəsinin həyəcanını yaşadır.


“El Klasiko” çoxdan futbol oyunu çərçivəsindən çıxıb. Bugün “El Kalsiko” iki mədəniyyətin, iki xalqın və iki ədət-ənənənin qarşıdurmasıdır. Bu iki komanda turnir cədvəlinin hansı pilləsində qərarlaşmasına baxmayaraq, onların görüşü zamanı bütün stadion dolur, milyonlarla azarkeş isə televiziya ekranları qarşısına yığılır.

Bu komandaların fanatlarında hər zaman bir-birinə qarşı nifrət qığılcımları hiss olunur. Onların münasibətləri heç vaxt neytral olmur. İstənilən “madridist” “Real”a azarkeşlik etdiyi gündən "Barselona”ya nifrət edir və ya əksinə. Öncə bu, qeyri-adi və mənasız hiss kimi görünür. Amma “madridist” və “cule” qarşıdurmanın möhtəşəmliyini hiss edir. Bundan sonra gözlənilən hadisə baş verir - tədricən bu hiss alovlanır, ətrafa yayılır və rəqibə qarşı nifrətə çevrilir.

Hazırda bu klubların azarkeşləri öz komandalarına məhəbbət və sevgi aşılamaq əvəzinə, daha çox rəqibə nifrət etməklə məşğuldur. Buna hər iki tərəfin düşərgəsində rast gəlmək olar. Onlar rəqiblərinə o dərəcədə nifrət edirlər ki, fan klublar əvəzinə “antimadridist”, “anti cules” kimi böyük hərəkatlar yaradırlar. Bu isə onların psixikasını pozur və yüksək emosiyanın gətirdiyi fəsadlara səbəb olur. İnsanlar üçün öz komandasının qələbəsi artıq ikinci plandadır. Onlara həqiqi həzz verən isə əbədi və əzəli rəqibin məğlubiyyəti, uğursuzluğudur.

Amma “Barselona” fanatları madridlilərdən daha aqressivdir. Bunun üçün də əsas var – Kataloniya üçün “Barselona” hər şeydir. Oyun zamanı bütün katalonların qəlbi “Nou Kamp”da döyünür. “Barselona” Kataloniya üçün dünyaya “Hər kəs “Barselona”ya azarkeşlik edir” şüarını səsləndirmək və öz müstəqilliyi üçün qarşıda qoyulan məqsədlərinə çatmaq vasitəsidir.


Şəhər kimi Barselona çox gözəldir. Hər il ora dünyanın 4 tərəfindən milyonlarla turist gedir. Bu elə bir şəhərdi ki, burada səninçün hər şey asan və rahatdı. Barselonanı daim öz xəyalları il göylərdə gəzən zərif və füsünkar bir qızla müqayisə etmək olar.

Madridi isə çox dərin və ciddi işlər ilə başı hər zaman qarışıq, dünya dərdinin əzalarında hiss olunduğu yaşlı kişiyə bənzədirlər. Futbol Madriddə də mühüm rol oynayır, amma istənilən halda Barselona ilə müqayisə etmək olmaz.

“Real”ın fanatları daha loyaldır. Əvvəllər “Bernabeu” daha möhtəşəm auraya malik olurdusa, son illər onlara bu möhtəşəm atmosferi yaratmaq nadir hallarda qismət olur və ya heç olmur. Amma buna baxmayaraq komandalar arasındakı rəqabət heç vaxt ölmür.


“Real” və “Barsa” azarkeşləri öz oyunçusunun rəqibin düşərgəsinə keçməsini heç vaxt qəbul edə bilmir və heç vaxt həmin oyunçunu bağışlamır. İstənilən belə transfer böyük təzyiq və qalmaqallarla müşayiət olunur.

1995-ci il. Mixael Laudrup. “Barsa” üçün ağır zərbə. Düzdür, ondan əvvəl də “satqınlar”a rast gəlinirdi. Amma o futbolçular komanda üçün əhəmiyyətli deyildi, ya da onlar rəqibin düşərgəsinə birbaşa yox, başqa bir klubda oynadıqdan sonra keçirdi. Məhz Laudrup “Barsa”nı “Real”a dəyişən ilk belə “satqın” olmuşdu. Həmin ildə o, “El Klasiko”ya Madrid formasıyla çıxanda, az qala azarkeşlər danimarkalını diri-diri yemək istəmişdi. Onlar oyunçunun topa hər toxunuşunu fitlə qarşılamış, meydanın kənarına gələndə isə ona əllərinə nə keçdi tulamışdı. Nəticədə isə Laudrup məcburiyyət qarşısında onun əvəzlənməsini istəmişdi.

İkinci belə şəxs isə “Real”ı “Barsa”ya dəyişən Luis Enrike olmuşdur. Amma Madridlilər “Nou Kamp”da eyni Laudrupa qarşı edilənlərin bənzərini təkrarlamaq istəsə də, buna imkan olmamışdı.

Amma nə Laudrupun, nə də Enrikenin keçidi, Luiş Fiqonun “Barsa”dan “Real”a keçidi qədər böyük rezonansa səbəb olmayıb.

Yuxarıdakı iki transferin rezonansını "Barselona”dan "Reala" keçən Luiş Fiqo ilə heç cür müqayisə oluna bilməz. Qalmaqal o qədər böyümüşdü ki, hətta klublar “ulduz oyunçuların rəqibə satımayacağı”na dair saziş imzalamağa məcbur olmuşdu. Odur ki, portuqaliyalının ağ forma ilə keçirtdiyi ilk “El Klasiko”da baş verənləri təsvir etmək çətindir. Amma onu deyim ki, oyun zamanı qələm, mobil telefon, ayaqqabı, parik və hətta alt paltarlar belə portuqaliyalıya tuşlanırdı. Azarkeşlər Fiqonu əsl cəhənnəmlə tanış eləmişdi. Matçda elə anlar olmuşdu ki, yarımmüdafiəçi qorxudan künc bayrağına tərəf belə gedə bilməmişdi.


Bəli, bütün bu epizodlar iki klubun döyüş tarixinə həmişəlik daxil olmuşdur. Bu gün isə tarixin növbəti səhifəsi Madriddə yazılacaq.
 

“REAL MADRİD” – “BARSELONA”

Turnir: İspaniya La Liqası
Tur: IX 
Tarix: 25 oktyabr
Başlama vaxtı: 21:00
Stadion: “Santiaqo Bernabeu” (81.044 tamaşaçı)
 

Oyunların statistikası:
  

Real Madrid 
UEFA reytinqində yeri (2014) 1
Oyun sayı 188
Qələbə 79
Bərabərlik 37
Məğlubiyyət 72
Vurulan qollar 312
Buraxılan qollar 292
Top fərqi +20
Böyük hesablı qələbə 8:2, 5:0
Böyük hesablı məğlubiyyət 2:7, 0:5
Ən bolqollu oyun 8:2, 5:5
Ən bolqollu heç-heçə 5:5
Xallar 274      
Barselona
UEFA reytinqində yeri (2014) 2
Oyun sayı 188
Qələbə 72
Bərabərlik 37
Məğlubiyyət 79
Vurulan qollar 292
Buraxılan qollar 312
Top fərqi -20
Böyük hesablı qələbə  7:2, 5:0
Böyük hesablı məğlubiyyət 2:8
Ən bolqollu oyun 2:8, 5:5
Ən bolqollu heç-heçə 5:5
Xallar 253
 
 
 
 
 
 
 
 
































NƏRDİVANIN 1 VƏ 3-CÜ PİLLƏSİ


N Komanda O Q H M T-F Xal
1. Barselona 8 7 1 0 22:0 22
2. Sevilya 8 6 1 1 15:8 19
3. Real Madrid 8 6 0 2 30:9 18
4. Valensiya 8 5 2 1 17:7 17
5. Atletiko Madrid 8 5 2 1 14:7 17
6. Vilyarreal 8 4 2 2 12:7 14
7. Selta Viqo 8 3 4 1 13:11 13
8. Malaqa 8 3 3 2 7:8 12
9. Rayo Valyekano 8 3 2 3 11:12 11
10. Hetafe 8 3 1 4 6:12 10
11. Espanyol 8 2 3 3 9:10 9
12. Eybar 8 2 3 3 8:10 9
13. Almeriya 8 2 3 3 7:9 9
14. Granada CF 8 2 2 4 5:12 8
15. Depoprtivo 8 2 1 5 11:19 7
16. Real Sosyiedad 8 1 2 5 9:13 5
17. Atletik Bilbao 8 1 2 5 5:12 5
18. Elçe 8 1 2 5 7:18 5
19. Levante 8 1 2 5 4:20 5
20. Kordoba 8 0 4 4 5:13 4
 
İTKİLƏR:

Zədəli
“Real” Madrid: Qaret Beyl, Xese, Koentrao
“Barselona”: Duqlas, Adriano

Cəzalı
“Real” Madrid: yoxdur
“Barselona”: yoxdur

QARAGEYİMLİ ŞƏXS – matçın baş hakimi

Adı: Xesus Xil Mansano

-          2014-cü ildən FIFA referisidir
-          30 yaşı var
-          2012-ci ildən La Liqa oyunlarını idarə edir
-          Primeroda 40 matç idarə edib, 221 sarı, 11 qırmızı vərəqə göstərib
 

RƏQƏMLƏR

10 Dünya Çempionu sabah meydana çıxa bilər.
14 oyunçu ilk “El Klasiko”suna çıxa bilər.
16 oyundur ki, “Real” - “Barselona” matçında qarşılıqlı qollar vurulub.
250 Messi La Liqada məhz bu qədər qol vurub. Argentinalı La Liqanın bombardiri Telmo Serradan cəmi bir qol geri qalır. Sabah argentinalı fərqlənib rekordu təkrarlayacağı halda “Santiaqo Bernabeu”da onun şərəfinə xüsusi tədbir keçiriləcək. Buna FIFA icazə verib.
640 jurnalist bu oyunda iştirak etmək üçün akkreditasiya alıb
 
FİKİRLƏR:

“Real” Madridin baş məşqçisi Karlo Ançelotti: “Biz yaxşı formadayıq. Amma “Barselona” ilə bütün oyunlar çətin olur. Rəqib haqqında danışmağa fəyməz. Hər kəs “Barselona”nın gücündən xəbərdardır. Öz komandama həmişə inanıram. Müdafiədə az səhv edirik. Hücum xəttimiz isə ideal vəziyyətdədir. İnanıram ki, yaxşı oyun olacaq. Bütün gücümüzü sərf edib, maksimum nəticə qazanmağa çalışacağıq”
 
“Barseona”nın baş məşqçisi Luis Enrike: “İlk dəqiqələrdən aktiv oyunamağa çalışacağıq. Rəqibin müdafiəçilərini səhv etməyə məcbur etməliyik. Müdafiədə də diqqətli olmaq lazımdır. Bizim məqsədimiz oyunda üstünlüyü ələ alıb, onu istədiyimiz tərzdə davam etdirməkdir. “El Klasiko” emosiyalı matçdır. Rəqib də çox güclüdür. İstərdik ki, Madriddən 3 xalla dönək”.

Şəfi ŞƏFİYEV


oxunma sayı: 1892 | Paylaş:




?>