')

Bu gün:


FutbolPress.Az | Yaşar Seyidov: "Bakı"nın formalaşması üçün 2-3 il vaxt lazımdı" (MÜSAHİBƏ)

Yaşar Seyidov: "Bakı"nın formalaşması üçün 2-3 il vaxt lazımdı" (MÜSAHİBƏ)


oxunma sayı: 520 Paylaş:

FutbolPress"Bakı"nın icraçı direktoru Yaşar Seyidov "FutbolPress.az"a müsahibə verdi. Klub rəsmisi Topaz Premyer Liqasının son turunda "Xəzər Lənkəran"a məğlubiyyəti (4:0), həmin oyundakı hakimin qərəzli qərarları, "Bakı"nın hazırkı durumunu və gələcək planları haqda danışdı.

- TPL-in son turunda “Xəzər Lənkəran”a 4:0 məğlub oldunuz. Oyun haqda nə deyə bilərsiniz?
- Məğlubiyyətlər hər zaman acı olur. Özü də böyükhesabla yenilmək daha pisdir. Amma komandamız gənclərdən təşkil olunub. Müdafiənin kobud səhvlərinə və hakimin bəzi qərarlarına görə 4 qol buraxdıq. Qapımıza təyin olunan səhv penaltiyə kimi yaxşı oynadıq, daha sonra oyunumuz sındı.

- Həmin oyunda hakim qərarları ilə bağlı etiraz etmisiniz...
- Bəli, biz mübahisəli epizodlarla bağlı videoçarx hazırlayıb saytımızda yerləşdirmişik. Hakim matçda kobud səhvlərə yol verdi. Bugünə kimi tam səmimi olmuşam və heç vaxt hakimlə bağlı narazıçılıq eləməmişəm. Amma bu dəfə məsələ fərqlidir. Qapımıza penalti təyin olunmazdan əvvəl “Xəzər Lənkəran”ın oyunçusu meydanın mərkəzində qaydanı pozmuşdu, amma hakim oyunu saxlamadı. Əks hücum zamanı isə qapımıza olmayan penalti təyin edildi. Bundan sonra meydan sahiblərimin 63 nömrəli oyunçusu (red – Alfred Sanko) ikinci sarı vərəqə ilə meydandan qovulmalıydı. Hakim yenə bunu eləmədi. Oyunda  demək olar ki, qərarların çoxu əleyhimizə idi. Əgər FIFA referilərimiz belə gülünc səhvlər edirsə, digər hakimlərdən nə gözləyək?!

- İki ardıcıl qələbədən sonra bu məğlubiyyət komandanın psixoloji durumuna necə təsir edəcək?
- Düşünmürəm ki, pis nəsə olacaq. Komanda gəncdi, uğurları və qələbələri hələ qabaqdadı. Bu məğlubiyyəti unudub qarşıdakı oyunlar haqda fikirləşməliyik. Hələ çempionatın cəmi 8 turu arxada qalıb. Bundan sonra səhvlər üzərində işləyib, növbəti matçlara köklənməliyik.

- “Bakı” TPL-in geridə qalan 8 turunda ən çox qol buraxan komandadı. Müdafiədəki problemləri necə həll etməyi düşünürsünüz?
- Bilirik, bu, üzücüdür. İki oyunda 11 qol buraxmışıq. Müdafiəçilərdə peşəkarlıq və ustalıq səviyyəsi çatışmır. İlk dəfədir Premyer Liqada oynayırlar. Amma heç kəs çox qol buraxmağımıza bəraət qazandırmır. Həm oyunçular, həm də məşqçilər heyəti bu problemi aradan qaldırmaq üçün çalışmalıdı.

- “Bakı”nı keçmiş günlərə qaytarmaq konkret hansı addımlar atırsınız?
- “Bakı” mütləq ötən günlərinə qayıdacaq. Bununçün bir kollektiv kimi çalışırıq. Hamımızın üstünə böyük məsuliyyət düşür. Gənc oyunçulardan ibarət komanda qurmuşuq. Gələcəkdə “Bakı”dan bir neçə oyunçu Azərbaycan millisində oynayacaq.

- Sizcə “Bakı”nın əvvəlki vəziyyətə qayıtması üçün nə qədər vaxt lazımdır?
- Biz çalışırıq. Konkret olaraq deyə bilərəm ki, hazırkı “Bakı”nın formalaşması üçün 2-3 il vaxt lazımdı.

- Bəs maliyyə cəhətdən klub prezidenti sizə dəstək verirmi?
- Klub prezidenti “Bakı” üçün əlindən gələni edir. Maliyyə problemləri həll olunacaq. Lakin bu o demək deyil ki, əlimizdəki pulu boşuna xərcləyəcəyik. Yox, bu pullar gənclərin peşəkarlaşması üçün xərclənəcək, lazım olan oyunçuları alacağıq. Bütün mailiyyə vəsaitləri tam qanun çərçivəsində xərclənəcək.

- Hafiz Məmmədov komandanın hazırkı durumundan və baş məşqçidən razıdırmı?
- Nəticələrimiz ürəkaçan deyil. Təbii ki, heç kim belə vəziyyətdən razı qala bilməz. Baş məşqçidən komanda yaxşı oyun sərgiləyəndə və yaxşı nəticələr qazananda razı qalmaq olar. Amma biz bununçün çalışırıq.


oxunma sayı: 520 | Paylaş:




?>