450-ci qol və ya ilk qol sevinci yaşayanlar
Paylaş:
Topaz Premyer Liqasının VIII turunun “Bakı” ilə oyunu “Xəzər Lənkəran”da iki futbolçunun qol hesabını açması ilə əlamətdar olub.
Klub saytının yaydığı xəbərə görə, Alfred Sanko və Elnur Cəfərov karyeralarında ilk dəfə “ağ-yaşıllar”ın heyətində qol sevinci yaşayıblar. Bununla da, “Xəzər Lənkəran”da fərqlənən futbolçuların sayı 94-ə yüksəldib. Sanko bu siyahıda 62-ci legioner, Cəfərov isə 32-ci yerli futbolçudur.
E.Cəfərov klub tarixində ən gənc qol müəlliflərindən biri kimi tarixə düşüb. 17 yaş 6 ay 23 günlüyündə qol sevinci yaşayan gənc futbolçu yalnız komandanın kapitanı Rahid Əmirquliyevin göstəricisindən geri qalıb. Kapitan 17 yaş 2 ay 20 günlüyündə “Xəzər Lənkəran”da qol hesabını açıb. Bu hadisə kubokun – 2006-cı il noyabrın 20-ndə “Bakılı” (4:0) ilə matçına təsadüf edib. Rahid Premyer Liqadakı ilk qolunu isə cəmi 6 gün sonra – 2006-cı il noyabrın 26-da “Şahdağ”la səfər matçında (5:1) vurub.
E.Cəfərovun vurduğu qol həm də "Xəzər Lənkəran"ın 450-ci çempionat qolu kimi tarixə düşüb. Maraqlıdır ki, ötən il vurulan 400-cü qol da “Bakı” ilə Lənkərandakı matça təsadüf edib.
2004-cü ildə yaranan, elə həmin il Premyer Liqada debüt edən “ağ-yaşıllar” 450-ci qolunu 309-cu qarşılaşmasında vurub. Bu matçda daha bir dəfə qol sevinci yaşayan komandamız bu rəqəmi 451-ə də çatdırıb.
Bu qollardan 259-u evdə, 191-i səfərdə, 1-i isə “Qızıl oyun”un keçirildiyi neytral meydanda – Gəncədə vurulub.
| Paylaş: