')

Bu gün:


FutbolPress.Az | Ulduzun illüziyası

Ulduzun illüziyası


oxunma sayı: 25577 Paylaş:

FutbolPress
shafishafiyev@gmail.com
Luis Suaresin satılmasını müxtəlif cür qiymətləndirirlər. Bəziləri düşünür ki, Suaresə yüksək əmək haqqı ödəmək istəmədikləri üçün satdılar. Digərləri isə, “Liverpul”un onun satılmasından ciddi pullar qazanmaq istədiyi üçün satdığını iddia edir. İkincilərin düşündüyü daha real görsənir. Çünki Mersisayd klubunun lideri “Barselona”ya rekord qiymətə - 70 miyon funt sterlinqə satıldı. Klub uruqvaylıya alternativ kimi isə 20 milyon funta “Milan”nın sabiq forvardı Mario Balotellini transfer etdi. İndi isə bir sual yaranır - Bəs, “Super Mario”o Luis Suares üçün layiqli əvəzləyicidirmi?
 
Ötənilki ildırım sürətli tərəqqidən sonra “Liverpul” yeni mövsümə çox pis başladı və hazırda İngiltərə Premyer Liqasının ortabab komandaları arasında itib-batır. Bəli, başa düşmək olar ki, Mario Balotelli, Adam Lallana, Xavyer Mankilyo, Lazar Markoviç, Deyan Lovren, Alberto Moreno və Əmrə Can hələ təzədir, Brendan Rocersin sisteminə uyğunlaşmayıb, həm də komanda artıq iki cəbhədə - İPL və ÇL-də mübarizə aparır, bununçün isə təcrübə və fiziki gücləri yetərli deyil. Artıq mövsümün 1/5-i geridə qalıb, amma nə “qırmızılar”ın ötən mövsüm oynadığı hər kəsi heyrətə gətirən hücum futbolunu, nə də qol buraxmayan müdafiəni görmək mümkündür.
�м�

Mario Balotelli “Mançester Siti”də oynayanda belə deymişdi - “Məndən yaxşısı təkcə Messidir, qalanları isə mənim arxamdadır”.  Amma aylar keçdi, illər ötdü, söz elə söz olaraq da qaldı. İtaliyalı nə Messi ola bilmədi, nə də adlarını çəkmək istəmədiyi digər birisi. Məhz özünün lovğa, inadkar və qeyri-intizami hərəkətlərinə görə o Mançesterdən qovuldu. Bəli, qovuldu!  “Şəhərlilər” sanki canlarını qurtardılar.

 
“Milan”da isə onunçün həyat ilk aylarda tam əksinə dəyişdi. Yarımadaya qayıdandan sonra Balotelli altı ayda meydana çıxdığı 12 oyunda 13 qol vurdu, heç kimin gözləmədiyi halda “qara-qırmızılar”a üçüncü pilləyə qədər qalxmağa imkan verdi.
 
Qayıdışı nağıl kimi olsa da, ötən mövsümdə bu nağıl bitdi. Mario yenə gündəmdən düşdü. Son mövsümdə İtaliya millisinin üzvü cəmi 14 dəfə fərqləndi. Bu, adi sıravi hücumçu üçün yaxşı göstəricidir, amma Mario adi deyil! O, superdir! Özü belə deyir. O, Messidən qeyri hər kəsi qabaqlayır! Məhz bu amillərə görə “Milan” ondan çox şey gözləyirdi. O isə yalnız şəxsi mənafelərini güdü. 
”Milan” isə turnir cədvəlinin 8-ci pilləsində qərarlaşdı və avrokuboklardan kənarda qaldı.

 
Suareslə Balotelli arasında əsas fərq onların peşələrinə yanaşma tərzidir. Doğrudur, Luis də öz xarakterinə görə mələk deyil. Amma uruqvaylı meydanda bütün var gücü ilə mübarizə aparan, ilk növbədə isə klubun mənafeyi üçün çalışan futbolçudur. Suares komanda yoldaşları – Starrici, Sterlinqi, Koutinyonu, Cərrardı və digərlərini çox gözəl başa düşür, onlarla yaxşı anlaşır və ortaq bir mexanizm əmələ gətirə bilirdi. O onlarla oynayırdı, onlar isə onunla. Buna görə də cənubi amerikalı İPL-də 31 qol vura bilmiş, az qala isə “Liverpul”u çempion eləmişdi, bir az da bəxti gətirsəydi. Kimsə deyə bilər ki, Pistolero öz “dişləmələri” ilə mersisaydın şərəfini rüsvay etdi. Qoy desinlər. Amma mən onlara bir sual verirəm: son 7-8 mövsümdə “Liverpul”a Suares qədər xeyir verən oyunçu xatırlayırsızmı? Çox çətin! Ona görə çətin ki, Suares əsl peşəkardır.

 
Amma mən iddia edirəm ki, Balotelli heç vaxt öz peşəkarlığı ilə seçilməyib, heç zaman öz peşəsinə layiq olan qiyməti verməyib. Onun sadəcə bir dəfə bəxti gətirib – AÇ-2012-nin İtaliya – Almaniya yarımfinalında. Məhz həmin oyundakı iki qol Balotellini məşhurlaşdırdı, ona karyerasında “mən varamsa, heç kəs lazım deyil, özüm hər şeyi bacarıram” lozonqu ilə getməyə şans yaratdı.

 
Düzdür, o, 20 yaşında “Mançester Siti”nin heyətində iki mövsümdə 20 qol vurdu. Amma o, İngiltərəyə birinci gəlişində bununla seçilə bilmədi. O sadəcə “Etihad”da keçirtdiyi 2,5 il ərzində lovğa fikirləri, komanda yoldaşları və məşqçiləri ilə davaları, mətbuata verdiyi dəliqanlı açıqlamaları ilə yadda qaldı.
 
Brendan Rocers Balotellini “Liverpul”a alanda italiyalının inkişafına, hücum xəttində ona güvənəcəyinə, onun kluba xeyirli olacağına inanırdı. Amma bu olmadı. Onun işi sadəcə ədyala bürünərək ehtiyyat oyunçular skamyasında oturmaqdan və klubun “You’llneverwalkalone” şüarına əməl eləməməkdən ibarətdir. Balotellinin “Liverpul”da nəinki məhsuldarlığı azalıb, o, həm də komanda yoldaşlarına qol vurmağa mane olur. Hələ ki, onun aktivində "qırmızılar"ın heyətində "Ludoqorets”in qapısına vurduğu bir qol var, yalnız bir qol. Qoy bununla öyünsün, görək, "Super Mario” adına bunu necə sığışdırır?

 
Doğurdanmı "Mançester Siti” və "Milanda”kı adamlar Balotellini öyrədə bilmədilər? Doğurdanmı, Balotelli hər zamankı kimi nəsə alınmayanda özündən başqa hər kəsin təqsirkar olduğunu düşünür? Bu suallara ən doğru cavabı isə Evonir Boban verib: ”Mən də daxil olmaqla, 99,9 % insan Mario Balotelli haqqında pis fikirdədir. Hətta Cankarlo Marokki, Kristian Panuççi belə. Amma mənim Balotelliyə yazığım gəlir. O yaxşı oğlandır. Bir şeyi pisdir ki, özünü tənqid etməyi bacarmır. Öz üzərində işləməyi sevmir, hər şeyin göydən düşəcəyini gözləyir. Bütün futbol ekspertlərini bir yerə toplasan da Marionu başa salmaq olmayacaq. Biz nə qədər çalışsaq da, o, öz yolundan dönməyəcək”. Bu Balotellinin öz oyunu üzərində işləməsi və davranışlarını düzətməsi üçün deyilmiş sözlər idi. Amma Bobanın bu sözlərindən bir neçə gün sonra "Liverpul”un „Vulverhemton”la yoldaşlıq matçında Balotelli rəqibin oyunçuları ilə dava etdi, Rocers isə isə onu sakitləşdirmək üçün əvəzləmək məcburiyyətində qaldı.

Luis Suares və Mario Balotelli – yer və göydür. Əgər birinci komandasının uğurları üçün canını da meydanda qoymağa hazırdırsa, ikincisi isə öz şəxsi maraqlarını hər zaman klub mənafeyindən üstün tutur. Hərdən özünü “Liverpul”un seleksiyaçılarının yerinə qoymağım gəlir. Ola bilməzdimi ki, Suaresin satılmasından sonra Rademel Falkao variantına baxaydılar?! Düşünmədilərmi ki, 65-70 milyon civarında ödəyib Edisson Kavanini heyətinə qatmaq daha xeyirli ola bilərdi?! Bəlkə də hər zaman yox, amma çox hallarda qiymət və keyfiyyət faktoru düz mütənasibdir. Balotelli Mersisayd klubuna 20 milyon funt sterlinqə başa gəlib. Təxminən eyni qiymətə də “Milan” onu transfer etmişdi. Amma yenə xatırlatmalı olacağam – irəliləyiş yoxdur. Keyfiyyət isə demək olar sıfırdır!
 
Düzdür “Milan”ın sabiq ulduzu, klubun canlı əfsanəsi Andrey Şevçenko Balotelliyə inandığını söyləyib. Lakin Şeva bunun Balotelli üçün son şans olduğunu vurğulayıb. “Qırmızılar”ın fanatlarına isə sadəcə səbr etmək, Balotellinin düzələcəyinə inanmaq, onun komandaya kömək edəcəyi vaxtı gözləmək qalır. Əgər belə olmasa, gözləntiləri gerçəkləşməsə, yəqin özləri də düşünərlər – “Balotellini tənqid edənlər axmaq deyil, onun özü axmaqdır”.


Mario isə “Liverpul” azarkeşlərini öz oyun keyfiyyəti, qolları və davranışı ilə sevindirməyə məcburdur. O, damarında YNWA qanı axan hər kəsin arzusunu gerçəkləşdirməli, ən azında bu yolda öz əməyini əsirgəməməlidir. Əgər alınmasa, günahını yalnız özündə axtarmaq lazımdır. Futbol hər şeydən əvvəl komanda oyunudur – Balotelli üçün düşünmək vaxtı gəlib. 

Yazarın bütün yazıları

oxunma sayı: 25577 | Paylaş:




?>