')

Bu gün:


FutbolPress.Az | Lam gedir, kim gəlir? (YAZI)

Lam gedir, kim gəlir? (YAZI)


oxunma sayı: 289 Paylaş:

FutbolPressMundialın qalibi Almaniya millisinin kapitanı Filip Lam yığma karyerasını sonlandırır. "Atom qarışqa" 20 yaşından bəri  müdafiəsinin sol və (əsasən) sağ cinahında oynadığı "Mannşaft"ın formasını bir də geyməyəcək.

10 illik yığma karyerasına 1 dünya çempionluğu, 2 DÇ, 1 AÇ bürünc medalı və 1 dəfə də AÇ gümüşü sığdıran "Bavariya"lının yerini kimin tutacağıysa indidən müzakirə mövzusu olub. 

Nüfuzlu Goal.com saytının alman versiyasında artıq birinci dərəcəli namizədlərin adları çəkilib. 

Almanların sonuncu kapitanının klub və yığmadakı kolleqası Cerom Boatenq digər isimlərə nisbətən daha ön plandadı. Adətən (eləcə də sonuncu mundial yarışında) müdafiənin mərkəzində oynasa da qaradərili futbolçu Lam olmayanda, yaxud digər mövqedə çıxış eləyəndə onun yerini tutub. 

Bəxtsizliyi "Sehrbaz Lilliput"la eyni illərdə yığmaya çağırılmış olan Kevin Qrosskroyts da namizədlər sırasındadı. Belə demək mümkündüsə, kapitanın gedişi "Borussiya"lının qara bəxtini oyada bilər. Klubda son 3-4 ildə göstərdiyi oyunla diqqət çəkən müdafiəçi yaşına (25) baxmayaraq cəmi 5 dəfə "Nasionalelf" forması geyib. 

Son DÇ-də müdafiənin mərkəzində və solunda parlaq çıxış eləyən Benedikt Hövedes də, lazım gələndə, müdafiənin sağına keçə bilər. "Şalke"linin mundial performansından sonra çətin ki, Löv ondan əl çəkə.

Hələ yığma səviyyəsində özünü isbat eləyə bilməsə də, albanəsilli Şkodran Mustafi də qarşıdakı illərdə sağda sınana bilər. Yuxarıda adı çəkilən "rəqibləri" - Boatenq və Hövedes kimi "Sampdoriya"lı da daha çox müdafiənin mərkəzində çıxış eləyib. Ancaq o mövqedəki oyunçudan gözlənilməyən sürət, driblinq və top texnikası mümkündü ki, Mustafini Lamın taxtına oturtsun. 

Yox, əgər Löv təbii sağ cinah müdafiəçisinə üstünlük verəsi olsa, onda "Volfsburq"lu Sebastian Yunqu da nəzərdən qaçırmamaq lazımdı. Mayın 13-də Polşayla hazırlıq matçında yığmada debütünü eləyən Yunqun 22 yaşı var. Dağıdıcı sürəti və öldürücü asmalarıyla "Qurdlar"ın sağ cinahını təkbaşına diri saxlayan 22 yaşlı futbolçu mundial heyətinə daxil edilməsə də, almaniyalı futbol biliciləri onun haqda yüksək fikirdədi. 

Adı sadalananların səviyyə və yaşlarına ötəri nəzər salmaq kifayətdi ki, son dünya çempionlarının qarşıdakı 10-12 il ərzində sağda büdrəməyəcəyinə əmin olaq.


oxunma sayı: 289 | Paylaş:




?>