"Məşq eləyəndə özümü yaxşı hiss eləyirəm"
Paylaş:
Ümid Məmmədov haqda bir neçə saat əvvəl məlumat vermişdik. Orda olmağını fürsət bilib gənc futbolçuyla söhbətləşmək istədik. Həkim gün işığına çıxmağı qadağan elədiyinə görə, görüşümüz “Qəbələ” Futbol Akademiyasının həyətindəki bir kölgəlikdə baş tutdu.
Ümidin əmisi Nüsrət Məmmədov da ordaydı və söhbətimizdə o da iştirak elədi.
Nüsrət Məmmədov bildirdi ki, Ümid 5 ildi “Qırmızı-qaralar”ın akademiyasındadı. Hazırda 14 yaşı var.
“Keçən ilin mayında yüksək hərarət və qaşınmadan əziyyət çəkməyə başladı. Rayonda bir çarə qılan olmadı. Bakıya, Talessemiya Mərkəzinə gəldik. Ordan məsləhət bildilər ki, Onkologiya Mərkəzinə gedək”.
Sonuncudakı analizlərdən sonra məlum olur ki, Ümid Hoçkin xəstəliyinə tutulub (Limfoqranulematoz). Bakıda bir müddət müalicə alsa da vəziyyətində yaxşılaşma olmur.
“Ona görə Belorusiyaya üz tutduq. Bir neçə kimyaterapiya kursundan sonra yaxşılaşdığını gördük. Ancaq müalicə davam eləməlidi. Özümüz ancaq 43 min (manat-red.) pul tapa bildik. Qəbələdəki banklardan kredit götürdük, əlimizdə nə varsa satdıq. Axırda da evi satılığa çıxardıq”.
“Kənd yerində də evin nə qiyməti olacaq ki“, əmi Məmmədov davam eləyir: “Heç alan da olmadı”.
“Qəbələ” rəhbərliyinə minnətdarlığını bildirən Məmmədov, müalicəyçün rayon icra hakimiyyətinə müraciət elədiyini də bildirdi.
“Ordan da Taleh Heydərova (“Qəbələ”nin prezidenti – red.) deyiblər. Sağ olsun Taleh müəllim, onun göstərişiylə Belorusiyadakı müalicələrçün 18 minə yaxın pul köçürdülər”.
Ancaq yenə də müalicə lazımdı. Məmmədovlarsa tamam müflis olub. Və əgər müalicə almasa, xəstəlik vəzi xərçənginə çevriləcək.
Sonr Ümidlə danışmağa başlayırıq. Gözəl nitq qabiliyyətinə sahib, olduqca mədəni, alicənablığıyla diqqət çəkən Ümid hər gün idman elədiyini, məşqlərdə iştirak elədiyini bildirdi.
“Məşq eləyəndə özümü yaxşı hiss eləyirəm. Ancaq həkim qəti tapşırıb ki, oynamaq olmaz”.
İnsani keyfiyyətləriylə bizi yaxşı mənada duyğulandıran bu gənc yoldaşımızın tezliklə sağalmasını arzu eləyirik.
| Paylaş: