"Ədəbsiz" təklif (ARAŞDIRMA)
Paylaş:
Türkiyədə tibb sektorunun öndəgələn firmalarından biri, İstanbulun “3 böyük” klubuna maraqlı bir təklif eləyib. Təklifin məzmunu bundan ibarətdi ki, şirkət klubların loqotipi olan prezervativlər istehsal eləyəcək və müqavilə pulundan əlavə, satılan hər məhsul başına komandaya müəyyən məbləğ ödənəcək.
“Hürriyet” qəzetinin xəbərinə görə, “Qalatasaray” və “Beşiktaş” bu təkliflə razılaşıb – “Fәnәrbağça” isə düşünməkçün vaxt istəyib. Əgər onların da “həri”sini alsalar, yaxın vaxtlarda aptek, supermarket rəflərində və rəsmi klub mağazalarında “qartal”, “aslan”, “bülbül” prezervativlərini görmək olar. “Sarı-qırmızılılar”ın Bakıda da rəsmi mağazasının olduğunu nəzərə alsaq, şəhər sakinləri yaxın gələcəkdə “safe sex” məhsullarını burdan əldə edə bilərlər.
Bu qalsın bir qıraqda – keçək dünyaya. Klub loqotipli prezervativlərin satışı Avropada illərdi ki ciddi gəlir mənbəyinə çevrilib. “Çelsi”, “Arsenal”, “Man. Yunayted”, “Benfika”, “Barselona” vəs. kimi zirək klublar, təklifsiz-filansız, bazar dinamikasını nəzərə alaraq çoxdan bu işə atılıblar. Bəzilərinin hətta bu məqsədlə fəaliyyət göstərən fabrikləri var.
Ancaq bu biznes fəaliyyəti təkcə klublarla məhdudlaşmayıb. Elə futbolçular var ki, onları artıq sektor lideri saymaq olar. “Öküz” Vyeri hələ illər əvvəl futboldan qazandığı pulları prezervativə “qoymuşdu”. Bir neçə il sonraysa “Milan”ın əfsanəvi futbolçusu Maldinini də özünə ortaq eləmişdi. Yeri gəlmişkən, məhsulunun reklam çarxlarında da məhz Vyeri özü oynamışdı. Hətta karyerasının son illərini Brazilyada klub axtarmaqla keçirən futbolçunun sırf bazar imkanlarına görə, bu ölkəyə gəlmək istədiyi şayiələri dolaşırdı.
İstehlakçıdı, ya yox, bunu bilmirik, amma Brazilyada məşhur prezervativ brendlərindən birinin istehsalçısı da Ronaldinyodu. “Dovşandiş” ötən ilin bu dəmlərində klubla (“Atletiko Mineyro”) anlaşma imzalayaraq üz qabığı ağ-qara rəngli qoruyucu vasitə istehsalına başlayıb. Məhsulun devizi də əlamətdardı – “Sex Free” və Ronaldinyonun Avropadakı son illərini yaxşı xarakterizə edir.
Çindəki istehsalçılarsa başqa üsula əl atıblar. Uzaq Şərq ölkəsinin apteklərində üstündə Devid Bekhemin şəkli olan prezervativlərlə rastlaşmaq mümkündü - əlbəttə ki, 4 uşaq atası “Spays Boy”un icazəsi olmadan.
Hər ehtimala qarşı: Başlıq, məşhur kinonun adından götürülüb. "3 böyüklər"ə edilən təklifin məzmunu-mahiyyəti barədə nəsə bir normativ xarakter daşımır.
"FutbolPress"
| Paylaş: