')

Bu gün:


FutbolPress.Az | Nadir xəstəlik haqda son dəfə... (YAZI)

Nadir xəstəlik haqda son dəfə... (YAZI)


oxunma sayı: 652 Paylaş:

FutbolPressHər şey yaxşı başlamışdı; Toşak getmiş, Denizli gəlmiş, məğlubiyyətlərin kökünü kəsmiş və komanda qış fasiləsinə yollanmışdı. Hamı belə düşünürdü ki, fasilədən sonra hər şey daha yaxşı olacaq. İnsafən elə də oldu da.  3 oyuna liderlərdən alınan 7 xal yaxşı günləri xəbər verirdi.

Hadisələrin sonrakı gedişi belə göstərdi ki, xəbərçi kəzzab imiş. Nisbətən zəif komandalarla oyunda ardıcıl xal itkiləri ora gətirib çıxardı ki, komanda ikinci beşlikdəki yerini möhkəmlətsin. Ümid kuboka qaldı – 2014-cü ildə 2 dəfə məğlub elədikləri “Qəbələ”ylə yarımfinal oyununa. Nəzərə alsaq ki, bu klubu 11 gün öncə məğlub eləmişdilər; yaxşı nəyəsə ümid eləməyə dəyərdi. O da olmadı. Mənzərə nədi? “Böhran” sonrası çempionatların, eləcə də kubokların ən yaxşılarından biri,  yetərincə reputasiyalı və reputasiyası qədər peşəkarlığı, futbol biliyi olan baş məşqçi, ölkədə ən böyük azarkeş dəstəyinə və bir çoxlarının həsəd aparacağı maliyyə imkanlarına sahib klub – bu komponentlər varsa hamı çox təbii ki, uğur gözləyər.  Amma nəticə tərsinədi. Sanki belə bir şey – bir mol hidrogenlə yarım mol oksigen reaksiyaya girir, amma nəticədə su alınmır. Kim inanar?

Əlbəttə bu anlayışlardan yerli-dibli xəbəri olmayanlar üçün bu bir elə də əhəmiyyətli deyil – lakin az-maz bilən biri üçün  nonsensdi. Yəni heç bir halda baş verməsi mümkün olmayan, bu mümkünlüyü ağla gətirməkçün belə böyük fantaziyanın tələb olunduğu, spekulyativ vəziyyət; “Xəzər Lənkəran”da baş verənlərin təsviri belədi.

Biz nə edirik? Biz maraqlı kimyaçı kimi vəziyyəti öyrənməyə çalışırıq – hidrogen kimi qələmə verilən şey həqiqətən də hidrogendirmi və bir “mol”durmu? Tarix göz qabağındadı, komanda həqiqətən də uğurlu sayılacaq keçmişə sahibdi, azarkeş sayı, dəstəyi obyektiv reallıqdı – baxırsan və görürsən. Əgər YAP mitinqlərindəki kimi idarədən, küçədən tutub gətirməyiblərsə, bəli, həqiqətən də klubun fan bazası böyükdü.

Qalır iki şey – maliyyə imkanları yaradan rəhbərlik və məşqçi. Möhtərəm rəhbərin qəzetlərin birinə verdiyi müsahibənin tonundan belə başa düşülürdü ki, günahı məşqçidə görürlər. Hər nə qədər “...uğursuzluğun səbəbini bilmirik. Bilsəydik, həll eləyərdik” desə də.

Biz də gedişatı aydınlaşdırmaqdan ötəri rəhbərliklə əlaqə saxlamağa çalışdıq. Əvvəla ona görə ki, məşqçinin də münasibətini öyrənə bilməyimiz üçün bizə şərait yaradılsın.

İkincisi, rəhbərliyin mövqeyini öyrənək - eyni məsələdə iki tərəfin də nə düşündüyünü, planlarının məqsədlərinin konkret olaraq nə olduğunu anlayacaqdıq və belədə obyektivlik də tam təmin olunacaqdı.

Rəhbərsə bizə qarşı qərəzini açıq-aydın nümayiş elətdirdi – “Mənim media üçün həmişə vaxtım var, ancaq siz nəyisə öyrənmək istəyirsizsə buyurun mətbuat xidmətinə müraciət edin”.

Bizim məqsədimiz nəyisə öyrənmək və oxuculara çatdırmaqdı.  Bu, ictimai mahiyyətə sahib işdi.

Bu saytla o şəxs arasında mübahisələr olub – daha doğrusu, bu sayt klubun fəaliyyətini, fəaliyyətdən payına düşən məsuliyyət nə qədərdisə, o qədər də, həmin şəxsi tənqid edib; o isə bunu şəxsi məsələ kimi görüb. Ya da bilərəkdən o səviyyəyə gətirib çıxarıb. Məsələn o başa düşə bilmir ki, nə yediyi, nə geydiyi, harda gəzdiyi, siyasi görüşü, cinsi orientasiyası, coğrafiya üzrə biliklərinin səviyyəsi vəs. – şəxsi məsələ bunlardı; bunlarsa bizə maraqlı deyil. Klubun oyunu, uğurları, idarəçilik forması – bunlarsa ictimai məzmuna sahibdi və biz burda hər cür söz demək, tənqid eləmək haqqına sahibik. Bir də xatırladaq, bunlar şəxsi məsələ deyil.

Lakin ümumi ilə xüsusini  ayıra bilməmək, şəxsi məzmunlu şeyləri ictimai məzmunlu olanlara qatıb-qarışdırmaq – bu artıq psixoloji çatışmazlıq həddidi. Bunun içində ifrat eqoizm də, “mən toxunulmazam”, “nə eləyərəm, əcəb eləyərəm” iddiaları da, “media üçün həmişə vaxtım var amma siz.. ” deyibən, bizi öz dünyasında alçaltdığına inandıracaq qədər acizlik də var.     

"FutbolPress" 


oxunma sayı: 652 | Paylaş:




?>