')

Bu gün:


FutbolPress.Az | Alatoranlıq 

Alatoranlıq 


oxunma sayı: 2408 Paylaş:

FutbolPress
qismet1986@gmail.com
Əvvəla...
“Evləri köndələn yar” tamaşasındakı elçilik səhnəsində əsas məsələyə - qızı istəmək söhbətinə - heç cür keçə bilməyən Səyavuş Aslanın məşhur replikası qulaqlarımdadır: “Neftçi yenə uduzdu!” və əlbəttə ki, unudulmaz Səməndər Rzayevin bariton səsilə verdiyi cavab: “Dublyorlar heç-heçə oynadı...”

Elə bil o gündən bugünə heç nə dəyişməyib, bircə dəyişən odur ki, bizim “Odlar diyarı” olmağımızı artıq "Atletiko" Madridin forması da bilir. Nə müdhiş irəliləyiş! Nə gözlənilməz inkişaf! Mən futbolumuzu "like" eləmirəm, onun indiki “statusu”nu paylaşmaq fikrim də yoxdur.

Sonra...
“Canal+”un məlum və məşum reportajında mənim ən çox xoşuma gələn 16 min yevroluq saat məsələsidir. Əcnəbi jurnalistlərin gözləri kəlləsinə çıxmışdı ki, biz götürmürük, bunlar inciyir. Axı niyə inciyirlər?
Vay-vay! Yazıq uşaqlar hardan bilsin ki, yaxşı oğlan elə şey eləməz, hədiyyəni geri qaytarmaz. Yaxşı oğlan hədiyyəni götürər, hələ üstəlik deyər ki, baxdıqca sizi xatırlayacam...
Saat hədiyyə etməyin simvolikası tarixən müxtəlif cür olub. Bir mənası romantiklər üçün ayrılıq deməkdirsə, o biri mənası “sənə vaxt verirəm, fikirləş” deməkdir. 

Lap sonra...
Klassik şeirdə divan bağlamaq ənənəsi var, şərqin bütün böyük şairləri divan bağlayıb. Höteni də həyəcanlandıran, onun “Qərb-şərq divanı”nı yazmağına səbəbkar olan Hafiz Şirazinin “Divanı” sətri tərcümədə təxminən  belə oxunan bir beytlə başlayır: “Ey Saqi! Əlindəki qədəhi məclisdəkilərə təqdim et...” Saqi – şərabpaylayan deməkdir.
Klassik şeirdə “saqi” sözünün metafizik mənaları var, amma yerüstü mənası hələlik bizim üçün bəsdir. Mən “Canal+”in reportajına baxanda, nədənsə, nə klassik şeirin çoxmərtəbəli mənalarını, nə də lap elə rəhmətlik Adnan Şənsəsvari “Doldur bə meyxanəçi” nidalarını düşündüm. Mənim ağlıma nəsə yaxın illər ərzində populyarlıq qazanmış Stefani Meyerin “Alatoranlıq” romanı və eyniadlı romana çəkilmiş filmlər gəldi. Robert Pattisonun oynadığı film bir vampirin bir qıza aşiq olmasından bəhs edir. Sözügedən reportajda əcnəbi jurnalistlər qəribə şəkildə bir neçə dəfə vurğulayır ki, müsahibimiz gecəyarı görünməyi xoşlayır. Üstəlik gecəyarı verilən müsahibədə qətiyyən şərab qədəhinə bənzəməyən, daha çox qədim məbədlərdə tanrılar üçün qurban edilənlərin qanı içilən müqəddəs cama – qraala bənzər bir badədə şərab içir. Elə bil şərab deyil, vampirlərin içdiklərindəndir.

Lap axırda...
Biz o vaxt həqiqətən ölkəmizlə fəxr edəcəyik ki, fəxarətimiz əcnəbi klubların formasında balaca bir yazıyla yox, hansısa kluba babat pul buraxmaqla yox, adı Məmmədbağır, Mirkazım, nə bilim, Əhməd-Məmməd da olsa, həqiqi futbolçu yetişdirəcəyik və həmin futbolçu heç kimin ura-patriotizminə ehtiyac duymadan böyük futbolun diqqətini cəlb edəcək. Bax onda adam arasına gün işığında çıxacağıq, gecəyarıları vampir kimi yox.

P.S. 3 yevro da, 16 min yevro da olsa, saat saatdır - o həmişə vaxtın getdiyini göstərir. Və uğur heç vaxt 90 dəqiqəyə başa gəlmir; nə yaxşı ki...

Yazarın bütün yazıları

oxunma sayı: 2408 | Paylaş:




?>