')

Bu gün:


FutbolPress.Az | "Xərçəng"ə məğlubiyyət

"Xərçəng"ə məğlubiyyət


oxunma sayı: 1107 Paylaş:

FutbolPress
elvincanturan@gmail.com
"Mənim üçün "Trabzonspor" güclülərə qarşı dirənən, hər kəsi məğlub eləyən xəyali qəhrəmandı".

Kazım Koyuncu - Türkiyədə milli kimlik və aid olduğu bölgədən asılı olmayaraq hər kəsin dinlədiyi laz sənətçi. Bu gün doğum gününü onsuz qeyd elədiyimiz mübariz roker, futbol sevgisində də imperializmə nifrət yaşadan musiqiçi.

Kazım Koyuncu Qaradəniz musiqisi və rokun sintezini elə formada təqdim elədi ki, ilk baxışdan buna sadəcə gülüb keçənlər belə qulaqlarını bu musiqidən məhrum eləyə bilmədilər. 1993-cü ildə Mehmedali Barış Beşli ilə “Zuğaşi Berepe” (Denizin Çocukları) rok qrupunu yaratdı. Qısa zaman ərzində parçalar və albomlarla dinləyici rəğbəti qazanan qrup 1999-cu ilə qədər fəaliyyətini davam elətdirdi.

Bundan sonra Kazım Koyuncu solo karyerasına start verdi və 2 il sonra “Viya!” albomuyla qulaqlara qonaq gəldi. Onun Türkiyədə partlayış effekti yaradan albomu isə 2004-cü ildə buraxılmış “Hayde” oldu. “Hayde” adlı parça bu gün də Kazım Koyuncu adıyla birgə yada düşür.


Kazım Koyuncu və futbol

Kazım Koyuncunu futbol azarkeşləriyçün maraqlı eləyən əsas cəhəti onun bu idman növünə hədsiz bağlılığıdı. Əslində, sənətçi futbola təkcə idman növü kimi baxmırdı. Onun üçün sənət də, futbol da bir mübarizə idi. O, bu mübarizəni "Trabzonspor"da görürdü məhz buna görə bu kluba azarkeşlik edirdi. Koyuncu dəfələrlə bildirmişdi ki, onun "Trabzonspor"a bağlılığı bölgə amili və milliyətçilik duyğularıyla bağlı deyil: "Trabzonspor"un mənim üçün ifadəsi status-kvonun qarşısında yer alması, onu parçalaması, güclülərə qarşı gücsüzlərin də var olduğunu və onların da nələrsə eləyə biləcəklərini göstərməsidi. "Trabzonspor" Türkiyənin ən beynəlmiləl dəyəri və ünsürüdü".

Kazım Koyuncu "Trabzonspor"un gələcəyi üçün də mükəmməl proqnoz vermişdi. O, klubun özünü 3 böyüklər yanında hiss elədiyi an çökəcəyini bildirmişdi: "Biz varlığımıza anlam qatan dəyərləri unutmağa başlayanda nə anlama gəldiyimiz də anlaşılmır. Əgər özümüzü 3 böyük klub yanında 4-cü klub kimi görsək, nə alınacaq kubokların anlamı qalar, nə də çempionluğun. Bizi fərqli eləyən qazanmaq hirsi, iradəsi və əzmidi. Biz bu köhnə dəyərlərin arxasınca getməliyik".

Kazım Koyuncu futbola belə baxırdı. Onun üçün səhnə də, futbol meydançası da döyüş bölgəsiydi. Ona görə futbolçu aşağı zümrəni təmsil eləməli, onun üçün mübarizə aparmalıydı və Kazım fəlsəfəsiylə nəticə önəmli deyildi: “Nəticə önəmlidirmi? Volkan reportajların birində “futbol topun xətti keçməsində daha artıq bir şeydi” -  demişdi. Tam da belədi. Əsas odu ki, sən nəyin varsa ortaya qoyursan".

Bəli, nəticə önəmli deyildi. Kazım Koyuncu bu mübarizəni çox erkən tərk elədi. Nə imperializmə, nə kapitalizmə, nə də şöhrətə deyil, "xərçəng"ə uduzdu Kazım. 2005-ci ilin 25 iyununda dünyasını dəyişdi. Futbol sahəsi və səhnənin qalibi "xərçəng"ə boyun əydi.

"Pis şeylər gördük. Savaşlar, qətliamlar, ölən, öldürülən uşaqlar, öz dilini, mədəniyyətini, özünü itirən insanlar, toplumlar gördük. Yanan kəndlər, meşələr, heyvanlar gördük. Yoxsul insanlar, ağlayan analar, atalar, hər gün küçələrdə ölümə qaçan narkotik əsiri uşaqlar gördük. Biz də öldük, amma heç nəyə baxmadan bu yer üzündə mahnılar oxuduq. Təşəkkürlər, dünya!"

Yazarın bütün yazıları

oxunma sayı: 1107 | Paylaş:





?>