')

Bu gün:


FutbolPress.Az | Adı zəhmətkeşin, dadı kapitalistin

Adı zəhmətkeşin, dadı kapitalistin


oxunma sayı: 1287 Paylaş:

FutbolPress
elvincanturan@gmail.com
Müasir futbol qara pulların yuyulması üçün bir nömrəli vasitədi: kapitalistlərin xalqdan oğurladığı milyonlar məhz bu mexanizmdə dövr edir, yenidən və artıqlamasıyla onların cibinə qayıdır. Bu, bütün dünyada belədi və Azərbaycan futbolu da bundan kənarda deyil. 2004-cü ildən azərbaycanlı milyonçuların da futbola məcburi axını başladı və pullanan futbolumuz inkişaf əvəzinə, daha bərbad, daha iyrənc forma aldı.

Bəzi futbol azarkeşləri isə hələ də paytaxtın “Neftçi” klubunu “zəhmətkeşlərin komandası” adlandırmağa davam edirlər. Əlbəttə, azarkeş öz komandasını daima öz yanında görmək istəyir və bu, təbii haldı. Lakin gəlin görək, “Neftçi” doğrudanmı zəhmətkeşlərin komandasıdı?

Əslində, bu haqda düşünməyin özü belə absurddu. Məsələ ondan ibarətdi ki, klub birbaşa SOCAR-dan maliyyələşir. Üstəlik, klub rəhbərliyinin də ARDNŞ ilə bağlılığı kimsəyə sirr deyil. Belə olan halda, hansı xalq komandasından söhbət gedə bilər?

Zəhmətkeşlərin komandası xalqın yanında olmalıdı. Sual yaranır: Nə vaxtsa “Neftçi” rəsmiləri və ya komanda üzvlərindən neftçilərin problemləri ilə bağlı hansısa açıqlama verilibmi? Hansısa futbolçunu qol vurandan sonra və ya oyun zamanı neftçilərə dəstək şüarı yazılmış geyimdə görmüşükmü? Bu yaxınlarda ARDNŞ işçiləri tətil elədi, fəhlələr maaşların artırılmasını, iş şəraitlərinin yaxşılaşdırlmasını tələb elədilər. “Neftçi”dən isə səs çıxmadı…

Necə deyərlər, adı zəhmətkeşin, dadı kapitalistin olan “Neftçi” haqda fikirlərimi burada yekunlaşdırıb, əsl xalq komandasından yazacam.

“Sankt Pauli”

Sol düşüncənin hakim olduğu və zəhmətkeşlərin yanında olan klub deyərkən, bir çoxları ya “Livorno”nu, ya da “Adana Dəmirspor”u xatırlayır. Haqqında danışacağım bu klub isə Almaniyanın ən varlı şəhərlərindən biri olan Hamburqu təmsil edir. “Sankt Pauli” Hamburqun ən yoxsul ərazilərindən birinin adıdı. 2010-cu ildə 100 illiyini qeyd eləyən klub da məhz bu bölgənin adını daşıyır. Klubun futbol tarixinə düşəcək uğurları yoxdu. Əsasən Almaniya çempionatının aşağı liqalarında oynayır. Buna baxmayaraq, komandanın dünyanın 4 tərəfində azarkeş kütləsi var. Səbəb isə ondan ibarətdi ki, “St. Pauli” hər zaman azarkeşlərinin yanındadı. Milyonların dövr elədiyi kapitalist futboluna qarşı olan bu klub liman işçiləri və yoxsul zəhmətkeşlər tərəfindən qurulub. Müasir futbolun hər yeniliyinə qarşı çıxan komanda 2007-ci ilə qədər elektron tablodan istifadə eləməyib. Oyun zamanı vurulan qolların təqdimatı taxta lövhədə əllə dəyişdirilən rəqəmlərlə həyata keçirilib.

“Sankt Pauli” evsizləri, yoxsulları, zəhmətkeşləri birləşdirir, ev matçlarını keçirdiyi “Millerntor” stadionunda onlara əsl bayram yaşadır. Bu kütlə 90 dəqiqə ərzində təkcə futbola baxmaqla kifayətlənmir. Bütün siyasi tələblər, etirazlar da məhz buradan çatdırılır. Komandanın hər matçında Karl Marksın, Çe Qevaranın və digər solçu liderlərin pankartları sərgilənir, marşlar ifa olunur, dünyanın müxtəlif ölkələrində keçirilən zəhmətkeş tətilləri və aksiyalara dəstək şüarları səsləndirilir. Millətçi hərəkatlar və soyqırımlara qarşı azarkeşlər onlarla yazılı pankart açır, hər zaman “faşistləri rədd edin, biz hamımız qardaşıq” şüarı ətrafında birləşirlər.

Futbolçular da siyasi şüarlar və mübarizə baxımından azarkeşlərdən geri qalmırlar. Onlar da hər matçı, hər qolu əsl etiraz şousuna çevirir, azarkeşlərə dəstək olurlar.

Ötən əsrin 80-ci illərinə qədər klubun cəmi 1500-2000 azarkeşi vardı. O illərdə stadionun əsl etiraz mərkəzinə çevrilməsi, komanda üzvü İ. Volkerin vətəndaş müharibəsi yaşayan Nikaraquaya dəstək vermək üçün ora getməsi kluba olan marağı hədsiz artırdı. Futbolçu geri dönüşündə əsl qəhrəman kimi qarşılandı. Bu, kluba şöhrət gətirdi və tezliklə 22.000-lik stadion tamamilə doldu.

Zəhmətkeşlərin komandası elə əsasən onlar tərəfindən maliyyələşdirilir. Bunun üçün olduqca yaradıcı şüarlar və aksiyalar düşünən zəhmətkeş azarkeşlər həmişə dünya mediasında gündəm olmağı bacarıblar. 2003-cü ildə klub iqtisadi böhran keçirərkən bütün Almaniyada maraqlı pultoplama aksiyalarına start verildi və cəmi 3 ay ərzində 2 milyon avroya yaxın vəsait yığıldı:

- Üzərinə “Xilasedici” yazısı yazılan 14.000 forma satıldı
- “Sankt Pauli” üçün iç” aksiyası keçirildi, pivə satışından 20.000 avro əldə edildi.
- “Astra içirsən, “Sankt Pauli”ni xilas edirsən” aksiyası keçirildi, 1 avrodan pivə satıldı və 120.000 avro qazanıldı.
- Konsertlər təşkil olundu və 270.000 avro toplandı.


Zəhmətkeş azarkeşlərin yaradıcılığı bununla tükənmir. Onlar tez-tez “Sankt Pauli” üçün içək”, “komandamızı qurtaraq” aksiyaları keçirir, əldə edilən gəliri klubun hesabına yatırırlar.

Klub tarixinə düşəcək ən böyük uğur isə 2005-2006-cı il mövsümündə Almaniya kubokunun yarımfinalına çıxmasıdı. “Verder Bremen”, “Herta” (Berlin) və digər güclü rəqiblərini məğlub edərək yarımfinala çıxan komanda burada “Bavariya” ilə üz-üzə gəldi və 0:3 hesabıyla məğlub oldu.

Komanda qeyri-rəsmi dünya çempionatına da qatılır. FIFA üzvü olmayan ölkələr arasında təşkil olunan bu qeyri-rəsmi turnirə “Sankt Pauli” 2006-cı ildə meydan sahibliyi də edib. Çempionatın ən qəribə hadisəsi də məhz bu klubun azarkeşləri ilə bağlıdı. Tibetlə qarşılaşan “Sankt Pauli”  7:0 hesabıyla öndə olarkən azarkeşlər öz komandalarına təzyiq edərək, zəif rəqibə qol vurmamalarını istəmişdilər.

2012-ci ildə “Sankt Pauli”  “Bavariya” ilə yoldaşlıq görüşü keçirdi. Matçın devizi olan “Dünya çempionlarına qalib gələnlər dünya çempionlarına qarşı” sloqanı mediada böyük əks-səda doğurdu. Matçdan sonra üzərinə “dünya çempionlarına qalib gələnlər” yazılmış futbol geyimləri satışı həyata keçirildi.

İndi siz qərar verin. Bizim “xalq komandası” vurar, yoxsa “Sankt Pauli”?!

Yazarın bütün yazıları

oxunma sayı: 1287 | Paylaş:




?>