')

Bu gün:


FutbolPress.Az | Ime ıştı karde vəyə?!

Ime ıştı karde vəyə?!


oxunma sayı: 1297 Paylaş:

FutbolPress
elvincanturan@gmail.com
“Böyük oyun” adı ilə futbolumuza soxulan, daha doğrusu, soxduğumuz bir oyun da geridə qaldı. Fariz Yusifovun fitinin sayəsində tempi öldürülən qarşılaşmada hesabı da kimlərsə müəyyən elədi. Bunu iddia edirəm və sübut eləmək fikrim də yoxdu. Əksini isbata yetirmək istəyən olsa, görüşərik…

Oyun zamanı gərginlik yaşandı, matçdan sonra isə bu gərginlik pik həddə çatdı. Qeyri-peşəkar XL rəhbərliyi açıqlamalarında bu olayı 28 mayla əlaqələndirməklə özlərini yandırdı. “Neftçi” isə tazə gəlin kimi dilini uzatmağa cürət eləmədi. Məlum məsələdi, Güloğlan boyda bir zadın əks arqument kimi gözə soxulacağından ehtiyat edirlər.

PFL-dən ciddi siqnallar gəlməsə də, seçki öncəsi baş verən bu hadisənin arşınının uzun kəsiləcəyi aydındı. Ölkədə baş verən ən kiçik toqquşmanın belə problem olduğunu həm Ramin Musayev, həm də Rövnəq Abdullayev yaxşı başa düşür. Elxanın qalstuklu sözbaz olduğunu nəzərə alıb, öncə onu dilləndiriblər. O da incə səs tonuyla ağır sözlər istehsal eləyib, azarkeşləri hədələməkdən belə çəkinməyib. Ancaq mən sizi əmin eləyirəm ki, baş katib heç hadisənin kadrlarına belə baxmayıb. Əslində, baxılası kadrlar da çox deyil. XL-in dəvətiylə Lənkərana 1 gün öncədən gedən jurnalistlərin çoxunu iğtişaş zamanı içəridə saxlayıb, çəkiliş aparmalarına şərait yaratmayıblar. Gülməlidi, elə deyil?!

Amma mən o kadrları diqqətlə izləmişəm və qəti qərara gəlmişəm ki, bu ölkənin polisi ancaq kiminsə cibinə narkotik maddə basmağa, kimisə içəridə “başa salmağa”, satılmış şahid tutmağa yarayır. Təhlükəsizliyi təmin eləmək üçün səfərbər olunan DQ əsgərindən isə danışmağa lüzum yoxdu. Üstünə üfürülsə 40 yerdən travma alacaq əsgərin harasından danışasan?

Matçın ilk yarı fasiləsinə qədər hər şey normal görünürdü. Fasilə zamanı azarkeşlər arasında yaranan söz atışması gərginliyə səbəb oldu. FPTV-nin həmin anlardan hazırladığı video reportajı diqqətlə izləsəz, məsələ sizə də əyan olacaq. Polis təxminən 10-15 dəqiqə gözləyir, azarkeşlərin söz atışmasına şərait yaradır. Sözün kifayət eləmədiyini görən tərəfdarlar bir-birlərinə stul və digər əşyaları atmağa başlayanda isə polisə çatır ki, bu kütləni buradan uzaqlaşdırmaq lazımdı. O kadrların hər biri FPTV-nin obyektivinə tuş gəlib. Azarkeşlə çənə döyən, deyib-gülən bığburma polislər də bundan yayına bilməyib. Daha sonra DQ əsgərləri köməyə çağırılır, canlı çəpər yaradılaraq insanlar tribunlara qaytarılır. Bu, polisin yol verdiyi və sonda baş verən iğtişaşlara səbəb olan əsas faktdı. Əgər vaxtında canlı sədlə azarkeşlər geri qaytarılsaydı, bəlkə də bu olaylar olmayacaqdı.

Oyunun sonunda baş verənlər barədə də az-çox eşitmisiz. Matç bitəndən sonra azarkeşlər stadionu tərk eləməyə çalışan zaman məlum olur ki, çıxışlardan yalnız biri açıqdı. Yaranan basabas və “Neftçi” azarkeşləriylə söz atışması kütlənin böyük bir qisminin geri qayıtmasına səbəb olur. Təhlükəsizlik əməkdaşlarının işiylə bağlı növbəti sual yaranır. “Neftçi” azarkeşlərini mühasirəyə alıb hər iki çıxışı açıq saxlamaq olmazdımı? Belədə stadion daha tez boşalar, gərginliyin miqyası bu həddə çatmazdı. Burada stadionun konstruksiyasının da yararsız olduğu məlum olur. Ölkənin ən böyük azarkeş ordusunun stadiona rahat giriş və çıxışı üçün hər sektor ayrıca buraxılış məntəqəsiylə təmin olunmalıdı.

Polis və əsgərlər arasında anlaşmanın olmadığı da özünü göstərdi. Sola sıxışdırma lazım olduğu halda, sağa doğru canlı səddin yaradılması, kütlənin polis tərəfdən bir, əsgər tərəfdən başqa istiqamətə qovulması və s.

Məncə, sadalanan bu amillər təhlükəsizlik işçilərinin fəaliyyətinin hansı formada olduğunu açıq göstərir. Ölkənin ən böyük və ən cılız matçından sonra baş verənlərin məsuliyyətini birbaşa Lənkəran polisi daşıyır, daşımalıdı da. Bundan əvvəlki illərdə baş verən onlarla belə hadisəni sadalayıb bütün ölkə polisinin nə qədər aciz olduğunu da göstərmək olar. Bakıda döyülən azarkeşlər, futbolçu, hakim və digər şəxslər də məhz bu rəzil təhlükəsizlik işçilərinin qurbanı olub. Lazım gəlsə (?) konkret faktlar da sıralaya bilərəm.

Futbol qarşılaşmalarında davanı hansı tərəfin salması o qədər də önəmli deyil. Bu, hər matça uyğun dəyişə bilər. Ortada qələbə, məğlubiyyət, prinsip, aqressiya, əsəb varsa, deməli, dava da olacaq, qarşıdurma da. Dünyanın ən sivil futbol ölkəsi belə bundan qaça bilmir, qaça bilməyəcək də. Sadəcə o ölkələrdə bizim 200-300 polisin edə bilmədiyini adi mühafizə dəstəsi edir.

Elxan Məmmədov və digər futbol başbilənlərimizin (kül mənim başıma) məntiqi ilə günahkarlar məhz iğtişaş səbəbiylə başqa rayonlardan gələnlərdi. Əslində, bu, yeni bir açıqlama forması deyil. Bu ölkədə nə vaxt narazılıq yaranırsa, bunu ya ölkəmizin kosmik inkişafını gözü götürməyənlər edir, ya da düşmən dəyirmanına su tökənlər. Elxan bəyin məntiqiylə yanaşsaq, Qazaxdan Bakıya milli komandamızın matçını izləməyə gələnlər ermənilərə işləyir.

Ondan da xəbəriniz olsun ki, Qusar rayon sakini 1994-cü il təvəllüdlü Elman Davud oğlu Tağıyev topdaşıyan uşağı əsgərlərin əlindən almağa çalışarkən həbs olunub. DQ-ın qoluzorlu (kül yenə mənim başıma) əsgərləri topdaşıyanı ayaqaltı edərkən Elman stadiona daxil olur və hazırda həbsdədi.

Beləliklə,  təhlükəsizlik əməkdaşlarının özfəaliyyəti böyük qarşıdurmaya və gərginliyə səbəb oldu. Bu, ibrət götürüləsi bir nümunədi. Qarşıda bizi onlarla belə matç gözləyir. Əgər təhlükəsizliyimizə siz təminat verəcəksizsə, onda kül bizim hamımızın başına. Talışların çox gözəl bir el məsəli var: Ime ıştı karde vəyə? Ardını yazmıram… Mən hələ abırımı o qədər itirməmişəm, xan!

Yazarın bütün yazıları

oxunma sayı: 1297 | Paylaş:




?>