')

Bu gün:


FutbolPress.Az | İnqilabçı azarkeşlər

İnqilabçı azarkeşlər


oxunma sayı: 1334 Paylaş:

FutbolPress
elvincanturan@gmail.com
Futbolu təkcə bir idman növü kimi səciyyələndirmək sadəlövlük olardı. Milyardlarla pulun dövr elədiyi bu vəhşi sistemin dünya siyasətinə təsiri gündən-günə artmaqdadı. Siyasi çevriliş və inqilabların bəziləri ya futbol stadionlarından başlayır, ya da buradan alovlanır. Təəssüf ki, bəzən çılğın azarkeşlər müxtəlif qüvvələr tərəfindən çaxnaşma yaratmaq məqsədiylə istifadə edilir.

Tribunalardan parçalanan Yuqoslaviya

1990-cı ildə serblər və xorvatlar arasında baş verən qarşıdurma keçmiş Yuqoslaviyanın sonunu gətirdi. Xorvatlarla onların müstəqilliyi ilə barışmayan serblər və polis qüvvələri arasında matçdan 2 həftə öncə başlamış küçə döyüşləri "Srvena Zvezda" - "Dinamo" (Zaqreb) oyununda pik həddə çatdı. Serb qruplaşmalarına rəhbərlik edən Jelko Rajtanoviç daha sonralar insanlığa qarşı cinayət ittihamıyla saxlanıldı.

Qarşılaşmaya qədər və oyun boyu polislə "Dinamo" azarkeşləri arasında atışmalar oldu, görüşdən sonra xorvatlar meydana axışdı. Polisin sərt müdaxiləsi azarkeşlərin xəsarət almasına gətirib çıxardı. Məsələ o həddə çatdı ki, gördüyü vəhşiliklərə tab gətirməyən Z. Boban polislə əlbəyaxa oldu. Məhz bu hadisə xorvatların azadlıq mübarizəsi simvoluna çevrildi.

"Ərəb baharı"nın start fitini çalan futbol azarkeşləri

"Ərəb baharı" kimi tanınan və bu günə qədər davam edən silsilə inqilablarda da futbol azarkeşlərinin rolu danılmazdı. Misir inqilabının simvolu ölkənin ən böyük azarkeş dəstəyinə malik klubu olan "Əl-Əhli" sayılır. "Əhləvi Ultras" azarkeş qrupu atışmaların ən qızğın vaxtlarında polislə mübarizə apararaq, Misir xalqının "qoruyucu mələyi"nə çevrildi. Mübarizə alovlandıqca digər klubların azarkeş qrupları da aksiyalara qoşuldu. Məğlub duruma düşən rejim isə "Əhləvi Ultras" qrupundan çox ağır intiqam aldı. "Əl Əhli"nin "Əl Məsri" ilə səfərdə oynadığı və 3:1 hesabıyla məğlub olduğu qarşılaşmadan sonra ev sahibi komandanın azarkeşləri polislərlə birgə qonaq tərəfdarların oturduğu sektora hücum elədi. Nəticədə 79 azarkeş həyatını itirdi.

Gezi etirazlarına damğa vuran "Çarşı"

Futbol azarkeş qruplarının siyasi mübarizələrə qoşulmasından danışarkən, Türkiyədəki son aksiyaları unutmaq olmaz. Gezi parkı etirazçılarının önündə gedən "Çarşı" azarkeş qrupu aksiya boyu möhtəşəm dirəniş və kreativ şüarlarla yadda qaldı. Su maşınının ələ keçirilməsi və polisə qarşı istifadəsi olayların kuliminasiya nöqtəsi sayıla bilər.

Güney Azərbaycanda davam edən azadlıq mübarizəsinin simvolu isə heç şübhəsiz ki, "Traktorsazi" klubu azarkeşləridi. Hər matçda azadlıq və etiraz dolu şüarlarla yadda qalan tərəfdarlar potensial inqilabçılar sayıla bilər. Sıranı artırmaq, katalonların, yunanların və digər futbol tərəfdarlarının mübarizəsini də bura əlavə edə bilərik.

Azərbaycanda futbol və siyasət

Azərbaycan futbol klubları azarkeşlərinin siyasi mübarizəyə qoşulma təcrübəsi isə yoxdu. Ölkədə ümumi siyasi ideologiyanın yoxluğu və siyasi düşüncə tərzinin formalaşmaması buna əsas səbəb kimi göstərilə bilər. Bu istiqamətdə fərqlənən yeganə azarkeş qrupu isə "Neftçimania"dı. Səbəb isə ondan ibarətdi ki, bu qrup siyasi düşüncəyə sahib solyönümlü gənclərdən ibarətdi. Bu yaxınlarda İrəli İB-nin açdığı pankartı sökməsiylə azarkeş qrupu gündəmə damğasını vurmağı bacarmışdı. "Xəzər Lənkəran" rəhbərliyinin azarkeşlər adından yaydığı və böyük rezonans doğuran pankarta isə XL azarkeşləri ancaq sosial mediada etiraz edə bildi.

Azərbaycan üçün etnik mübarizə o qədər aktual deyil. Lakin gündən-günə bu məsələnin də qığılcımlarını sezə bilirik. "Qarabağ" - "Xəzər Lənkəran" matçından sonra baş verənlər və bəzi azarkeşlərin səsləndirdiyi etnik ayrı-seçkilik yaradan şüarlar bunu deməyə əsas verir. Etnik məsələ olduqca həssas nöqtədi və bunu diqqətdən yayındırmaq olmaz. Əks halda, sonradan yaşanacaq proseslərin qarşısını almaq çox çətin olacaq.

Yazarın bütün yazıları

oxunma sayı: 1334 | Paylaş:




?>