Hələ cadu tapmamısız?
Paylaş:
Artıq analiz ediləcək, təhlil aparılacaq hansısa detal qalmayıb. Komandanın problemləri göz qabağındadı və o da məlumdu ki, rəhbərlik ciddi addımlar atmaq niyyətində deyil. İstanbuldan da ümidlər üzülüb. Radikal dəyişiklik görməyən azarkeşlər də bu halla barışmış görünürlər.
Belə halda hansısa ümidverici addımlar atmalı olan idarəçilər isə illərin sınağından üzüqara çıxan azarkeşlərlə görüş yolunu tutdu. Üstəlik, bu görüş daha biabırçı olayla da yadda qaldı. Futbolçuların uğurlu çıxış üçün and içmələri mətbuat nümayəndələri və əksər azarkeşlər tərəfindən də gülüş obyektinə çevrildi. Bu haqda çox yazıldı, çox deyildi.
Gözləyirdim ki, klubun mətbuat xidməti "Simurq"la matçdan sonra belə bir bəyanat versin: "Bismillahir rəhmanir rəhim. Bildiyiniz kimi, bir neçə futbolçumuz azarkeşlərlə görüşdə and içdi, ancaq bu and kobud surətdə pozuldu. Allaha həmd olsun ki, bu hərəkət cavabsız qalmayacaqdı. Dünən and içən futbolçular o andı pozduqları üçün İslam qaydasıyla hərəyə 50 şallaqla cəzalandırılsınlar. Fətva imzalandığı gündən qüvvəyə minir".
Yəni, içilən andın bir qarşılığı olmalıdı, ya yox? Ümumiyyətlə futbolçuların, xüsusilə də Adrian Skarlatakenin nəyə and içdiyini bilmirəm, amma andı pozan hər kəsin bir cəzası olmalıdı.
Mənə elə gəlir ki, yaxın günlərdə klubdan daha çılğın açıqlamalar eşidəcəyik. Məsələn, “stadionda axtarış aparılır” başlıqlı xəbər eşitsəz təəccüblənməyin. Məlum ola bilər ki, klubu gözü götürməyən qüvvələr stadiona cadu basdırıblar. Çağıracaqlar bir cadugər, qazacaqlar stadionu. Pişik qanı, keçi yağı, eşşək quyruğu və digər magiya məmulatlarından ibarət cadunu çıxaracaqlar stadiondan. Höccət bəy belə işlərdə fərasətli idarəçidi. Nə olsun ki, futbolla bir əlaqəsi yoxdu? Üstəlik, klubun mətbuat xidmətinin rəhbəri də dinə-imana bağlı insandı.
Qısası, bu gedişlə mövsüm ərzində klubdan futboldan başqa nə desəz gözləmək olar... Bu gün futbolçulara and içdirən sabah onları pirlərə, ocaqlara da aparar.
| Paylaş: