“Xəzər Lənkəran”a açıq məktub
Paylaş:
“Xəzər Lənkəran” azarkeşinin etirazı, istəyi klubun əzəmətini özünə qaytarmaqdı. Sən isə “Palmali”dən nə qədər lazım oldu, pul ayırıb bura qədər azarkeşlərin bəzisini satın aldın. Budəfəki dalğa satılmaq üçün yaranmayıb.
Mais Mənsimova çatdırdığın yalan məlumatlarla klubun dayağını məhv eləmisiz, bu azmış kimi, son günlər yenə təhdid zəngləri, şirnikləndirici təkliflər eləməyə başlamısan. Sənin bu diplomatiyan “Xəzər Lənkəran”ı bu illərdə geriyə - uçurumun astanasına gətirib çıxarıb, artıq klub sahiblərinin bunu anlamaq zamanıdı.
Zəfər Mirzəyevin dövründə klubdaxili informsiyaları mediaya və azarkeşlərə ötürən sən olmusan. Mübariz Mənsimovun, Mais Mənsimovun neçə insanı yanlışlıqla, bilmədən “qurban verməsinə” səbəb olmusan və fırıldaqlara görə qovulandan sonra yenidən kluba geri dönəndə Zəfəri devirib onun yerinə geçmək arzusuyla yaşamısan.
Bu arzuna, niyyətinə görə hər şey bir kənara, “Xəzər Lənkəran”ı bada vermisən. Tənqid yazan, ifşa eləyən KİV-lərə “təkliflər” eləmisən, boyun əyən əyib, əyməyənlər isə sənin hoqqalarını ifşa etməyə davam edib.
Klubun futbolçu alış-verişlərində olmazın biabırçılıqlar eləmisən. Transferin məbləğində qabağa düşmək vədi verib, Mais Mənsimovu aldatmısan, onun da işin içini dərindən bilməməyinə görə hələ də anlamayıb ki, bu transferlər əslində klubu xeyli ziyana salıb hərtərəfli.
Başqa klublara beş manata təklif olunan futbolçuları 10 manata almısız, niyə - çünki sizin futbol aləmində baş verən proseslərdən, daxili bazardakı “maraqlardan” xəbəriniz yoxdu. Daha doğrusu, bunlardan Mais Mənsimovun xəbəri yoxdu, sən və əlaltıların isə gözəl bilirdi ki, hər transferdən nə qədər mənimsəmək olar. Bu və müxtəlif saxta əməllərinin üstünü ifşa etmişik və edəcəyik.
Zəfər Mirzəyevə sona qədər etimad göstərən və özünün dostu sayan Mais Mənsimov bizim onun haqqında yazdıqlarımıza məhəl qoymasa da, mütləq zamanı gəldi və nəhayət özü gördü onun kluba və dostuna gəldiyi kələkləri. Nəticədə Mirzəyev o vaxt şok effekti yaradan qovulmayla və əlindəki mülklərin çoxunun geri alınmasıyla cəzalandırıldı.
Sənsə Zəfərin gedişindən sonra klubu dirçəltməliydin, əksinə, Zəfərdən betər hiylələr işlətdin.
Ötən il “FutbolPress”ə qarşı elədiyin nadürüst hərəkətindən sonra biz əminik ki, Mais Mənsimova haqqımızda özündən nağıllar uydurub danışmısan. Mənsimovsa bu saytı həmişə oxuyub və yəqin nəhayət anlayacaq bizim məqsədimiz nə idi, sənin ona bizim haqqımızda çatdırdıqların “donoslar” nə idi... Biz kluba soxulan “barmaqların” kəsilməsini gözləyirdik, səninsə göz görə-görə elədiyin fırıldaqları Mənsimova mahir bacarıqla sırımağına heyranıq...
Bu klubun minlərlə azarkeşi var. Ölkə çempionu olmasa da, kuboku qazananda Rednikin baş məşqçiliyi ilə bir klubun, komandanın azarkeşiylə necə böyük vəhdət yaratdığını hamı görmüşdü. O “Xəzər Lənkəran”ın məhvə getməyi üçün əməli tədbirlərə başlayan qüvvələrin zamanla bunu gerçəkləşdirəcəyini şəxsən mən TV çıxışlarımda, yazılarımda bildirmişdim. Özünüz də bilirdiz... “Neftçi” ilə oyundan əvvəl dəfələrlə bildirdim ki, bu oyunda faciə ola bilər. Oldu – 5:0... Nəyi dəyişdiz?
Klubun haradan, necə vurulacağını nöqtəsinə qədər dəqiq bildirəndən sonra buynuzların biz-biz qalxmışdı və mənim pərdəarxası işlərdən xəbərdar olduğumu bilmişdin – həmin vaxtdan bilərəkdən mənə və “FutbolPress”ə qarşı çox aşağılayıcı hərəkəti gerçəkləşdirdin – çünki gözəl bilirdin, əvvəlcədən hesablamışdın ki, bizim xasiyətimiz necədi, bunu elədiyini bilən kimi klubun reklam əməkdaşlığından imtina edəcəyimizi başa düşmüşdün. Bu sənin planın idi. Ancaq o planın qarşılığında hansı zərbələri alacağını hesablamamışdın. Sən “FutbolPress”in qarşısında güc kimi dayana bilməyəcəyini hələ anlamamısan, çünki bu gücün hələ yarısını belə hiss eləməmisən...
Bu fürsət idi səninçün ki, Mais Mənsimova haqqımızda “O sayt bizə qarşı qərəzli yanaşır və qəsdən belə eləyir, məqsədləri var” kimi fikirlər deyəsən. Ötən ilin sentyabr ayında son telefon danışığımızın səs yazısını yəqin saxlayırsan. Bəlkə də kimlərəsə göstərmisən. O danışıqda klubun reklamından imtina elədiyimi gözəl bilirsən və ona görə də ətrafa – “FutbolPress” reklam vermədiyimizə görə belə yazır” deməyin inandırıcı alınmadı, ictimaiyyətdə haqqımızda pis rəy formalaşdırmadı... Sənin “diplomatiyan” özünü yandıracaq, az qalıb. O hərəkəti və bəzi məqamları açıb yazmaq istəmirik, çünki ictimaiyyətçün şəxsi məsələlər maraqlı deyil, ancaq o şəxsi məsələlər bizim tez ayılmağımıza kömək oldu. Yaxşı ki zamanında ayıldıq və XL-in hara yuvarlandığını, bunun təşkil olunmuş işlər olduğunu əvvəldən yazdıq, bildirdik, xəbərdar elədik. İndi bizdən yan döndərməkçün əlinizdən gələni elədiyiniz o azarkeşlər də geri dönür. Çünki “Zaman hər şeyi həll edəcək” yazmışdıq və həll eləyir. Zaman bir-bir göstərdi...
Babək Quliyevi gətirib, çıxarmaqla deyildi, sizin manevr imkanlarınız məhdudlaşıb, divara dirənib, yoldaş Nadirov.
Təəssüf ki, media olaraq əlimizdən problemin həlli istiqamətində edə biləcəyimiz səlahiyətlərimiz bu qədərə çatır.
XL-in tarixinə qara ləkə düşüb. Çarə isə həmişə var. Nadirov, çarə sənin o klubdan qovulmağındadı.. Bu günü gözləyirik artıq bugündən...
Səndə pul qurtaran deyil ətrafdakılara təklif eləməyə, bizdə isə mübarizə!
| Paylaş: