')

Bu gün:


FutbolPress.Az | Baş tutmayan aksiya və bölmədə bir saat

Baş tutmayan aksiya və bölmədə bir saat


oxunma sayı: 1131 Paylaş:

FutbolPress
elvincanturan@gmail.com
"Xəzər Lənkəran"ın 0:8 biabırçılığı artıq 2-ci qoldan sonra böyük etirazlara səbəb olmuşdu. Bunun belə yekunlaşmayacağı da aydın idi. Məğlubiyyətin ertəsi günü "facebook"da "ağ-yaşıl"lı azarkeşlər stadionun qarşısında aksiya keçirməyi planlaşdırdı. Lənkəranda olduğumdan aksiyanı işıqlandırmaq üçün stadionun yerləşdiyi əraziyə yollandım. 

Mən ora yetişərkən artıq axşam saat 20:00 idi və 50-yə yaxın azarkeş körpünün yanına yığışmışdı. Sayın azlığı diqqətimi çəkdi və təşkilatlanmanın zəif olduğu qənaətinə gəldim. Bu qədər adamla şüar səsləndirmək məntiqə uyğun deyildi. Azarkeşlərə təklif elədim ki, yaxınlıqda bir dəftərxana tapıb A4 vərəqələr və qələm alsınlar. Üzərinə müxtəlif şüarlar yazıb stadiona və ətraf divarlara yapışdırsınlar. Ancaq azarkeşlər stadiona doğru irəliləməyə başladılar. 

Elə bu an polis maşını hadisə yerinə yetişdi. Körpü üzərində azarkeşlərə yaxınlaşan mülki geyimlilər və polis onları buradan uzaqlaşmağa çağırdı. Çağırışa məhəl qoyulmadı. Mülki geyimli şəxsin telefonla aksiya iştirakçılarını çəkməsi qarşı tərəfin də eyni addımı atmasına səbəb oldu. Mən Elçin Cəlilova zəng edib hadisə barədə ona danışdım. Bunu görən polis işçisi mənə yaxınlaşdı. Press-kartım çaya düşsə də, onların cəngindən qurtula bildim. 

Azarkeşlər isə körpüdən geriyə çəkildilər. Bu anda polislə qarşıdurma yarandı və bir neçə azarkeş polis maşınına mindirildi. Mən bu anları çəkərkən polis əməkdaşı bunu gördü və telefonumu almaq üçün üstümə gəldi. Uzun müddət onunla mübarizə aparsam da, bir neçə polis və mülki geyimlinin köməyilə məni də maşına atdılar. Mülki geyimli şəxslərdən biri düz üzümün üstündə oturdu. Başım dəmirə dəyirdi. Qışqırsam, bağırsam da xeyri olmadı. Mülki geyimli özündən olduqca əmin danışır, bizi başa salacağını bildirirdi. 

Azarkeşlərdən biri - Hollivuda çıxmış ilk azərbaycanlı, Polat Aləmdarın dublyoru Babək Həsənzadənin etirazı mülki geyimlinin onun üzünə yumruq vurmasıyla nəticələndi. Babəkin burnu qanadı və köynəyi qana bulandı. Mənsə boynumun və belimin ağrısını hiss edirdim. Bundan həzz alan mülki geyimli özünü üstümə çırpır, ucadan danışırdı. Nəhayət, jurnalist olduğum bunun qulağında şimşək kimi çaxdı. Üstümdən qalxdı və yumşalmağa başladı. Öyüd-nəsihət verməyə start vermişdi ki, bölməyə çatdıq. Hamını əl-üzlərini yumağa məcbur etsələr də, mən buna etiraz edərək rəisin bizi belə qəbul eləməsini istədim.

Mülki geyimli daha sonra mənə yaxınlaşaraq işinin bu olduğunu, onu başa düşməyimi istədi. Uzun monoloqunun nəticəsi bu idi ki, yazmağa, nəsə deməyə ehtiyac yoxdu. Mənsə israr edirdim ki, qanun nə tələb edirsə, onu da edin. Vəziyyəti öz xeyrinə dəyişməyə çalışan həmin şəxs məni təşkilatçı olmaqda ittiham elədi. Daha sonra bildirdi ki, digər saxlanılanlar bunu desə, kimsə mənə inanmayacaq. Başa düşürdüm ki, geri addım məni bunun caynağında asan yemə çevirəcək. Ona görə də geri çəkilmədim, nə istəyirsinizsə edin - dedim.

Bizi rəisin otağına saldılar. Rəis əvvəl qışqır-bağırla bizi başa salmağa çalışdı. Ona da jurnalist olduğumu bildirdim. Press-kartımı soruşdu. Əməkdaşınız onu qırıb deyəndə isə bildirdi ki, Əflatun Amaşova zəng edib mənim kimliyimi dəqiqləşdirəcək (?). "Müsavat"da, "Azadlıq"da və digər KİV-lərdə xəbərin yayılması lehimizə işlədi. Baxmayaraq ki, buna görə bizi müxalifətçi adlandırır, aksiyanı dövlət çevrilişi həddinə qədər çatdırmağa çalışdılar. Biz 5 nəfər idik və orada öyrəndik ki, təxminən eyni sayda adam da maşınla saxlanılıb. Polis rəisi bizi əvvəlcə 15, daha sonra isə 1 sutkalıq həbslə hədələyir, başımıza oyun açacağını bildirirdi.

Bizi rəisin otağından çıxardılar. Digər polis əməkdaşları mənə yaxınlaşır, dünən oyun zamanı məni gördüklərini bildirirdilər. Bu, mülki geyimli şəxsi daha da həyəcanlandırırdı. O, mənə mülki geyimdə olmasının əslində qanunsuz olmadığını izah elməyə çalışırdı ki, vəsiqəsini təqdim eləmədiyini ona xatırlatdım. Belədə o, yenə susmağı üstün tutdu. Polis əməkdaşlarından biri bizə yaxınlaşıb dünənki matçın fəallarını təhqir elədi, onların kütlə arasında şir, ayrılıqda dövşan olduqlarını dedi. Bu, saxlanılanların da etirazına səbəb oldu. 

Yenidən rəisin otağına girdiyimizdə isə vəziyyət dəyişmişdi. Redaksiyamız tərəfindən 102 xidmətinə təcili müraciətdən sonra məsələni ciddi araşdırmaq üçün aparıldığımız bölməyə bildiriş göndərilmişdi. Bundan sonra rəsi bizi yenə sorğu-sual elədi və buraxdı. O, məndən heç nə yazmayacağıma dair söz verməyimi istədi. Yalandan dedim ki, mən artıq 4-5 dəfə saxlanılmışam və mənim üçün bu, problem deyil. Belədə rəis digər 8 nəfərin də qalmalı olacağını bildirdi. Naəlac qalıb razılıq verdim. Adımızı, soyadımızı və əlaqə vasitəmizi qeyd edib, telefonumuzda olan fotoları sildilər.

Mülki geyimli isə yaxamdan əl çəkmək niyyətində deyildi. Mənə başına gələn bir əhvalatı danışır, əlini vaxtaşırı çiynimə qoyurdu. Daha sonra mənə çox maraqlı təklif də elədi: "Harda aksiya olacağını mənə de, gedək, səni mühafizə edim sən çək, ya da qanunla müəyyən olunmuş həcmdə (?) materialı mən şəxsən verim sənə. Dost qazanmaq hər zaman vacibdi". Daha sonra xəbərləri yaymayacağıma and içməyimi istədi. Əsl müsəlman andını içib bitirmişdim ki, "namusum haqqı de" - deyərək israr elədi. Sözünü yerə salmaq olmazdı.

Necə deyərlər, itlə yoldaşlıq et, amma çomağı əldən qoyma.

Sonda baş tutmayan aksiya barədə də fikirlərimi bölüşüm. Mən hər zaman belə aksiyaların əlehinə olmuşam. Bu tip kiçik hərəkətlər böyük üsyanların, çıxışların qarşısını kəsir. İnsanlarda vahimə, qorxu və inamsızlıq yaradır. Çalışın, düzgün təşkilatlanın, "facebook"da haray qoparanlara aldanıb hərəkət eləmək olmaz...

Təklif: Sayınızın az olduğunu görüb daha kreativ addımlar ata bilərdiz. Məsələn, XL-in tabutunu stadionun qarşısına qoyub növbə ilə hərəniz onun üzərinə bir qərənfil ata bilərdiz ki, bu da daha böyük səs-küy yaradar, həbssiz və uğurla baş tutardı.

Sonda ədalət naminə onu da qeyd edim ki, klub rəhbərliyinin həbslərlə əlaqəsi olduğuna inanmıram. Çünki biz şöbədə olarkən rəis Höccət Hacıyevlə əlaqə saxlayıb baş verənləri ona danışdı.

Yazarın bütün yazıları

oxunma sayı: 1131 | Paylaş:





?>