Xədicə, hanı nəticə?
Paylaş:
"Xəzər Lənkəran"ın fəxri prezidenti 3 ulduz alacağına söz verib
"Xəzər Lənkəran"la adı hallanan ulduz futbolçu kimdi - Özəl
"Xəzər Lənkəran"ın transfer siyahısına düşən ulduz futbolçu kimdi? - İlk dəfə bizdə
İnformasiya yükü sadəcə belə başlıqlardan ibarət olan xəbərləri oxuyanda elə düşünürdüm ki, Mübariz Mənsimov 3, 4, 5 ulduzlu otellər alır, tərcümə xətasına yol verən zurnalistlərimiz də bizə məlumatı belə çatdırırlar. Bu söz-söhbətlər aylar uzunu davam elədikcə isə ortada belə “kreativliyin” olmadığını anladım.
Köhnə söhbətdi: XL gündəmi məşğul etmək, uğursuzluqdan diqqəti yayındırmaq üçün belə xəbərləri istehsal edir, saytlar da onu manşetə yerləşdirməklə uyğun bölgələrə “yerləşmək imkanı” qazanırlar... Ümumiyyətlə, saytlarda reklamın yerləşdirilmə proseduru çox maraqlıdı: əvvəl sən hansısa klubun arxa qapısında yerləşirsən, sonra da klubun banneri sənin saytının başında yerləşir.
Xülasə, XL yenə uduzdu. Açığı, oyundan qələbə gözləntim yox idi. Komandanın son oyunlarını diqqətlə izləmişdim və Toşak dönəminin "fantastik sıçrayışı"ndan əsər-əlamət görməmişdim. Amma yenə də ürəklə bacarmaq olmur. Ümidin öləcəyi son həddə gəlib çatmadığına inanmağa çalışırsan.
Oyun barədə heç nə deməyəcəm. Nə Ramaldanovun səhvini qabardacam, nə istəksiz oyundan danışacam. Məni yandıran Toşakın oyunsonrası mətbuat konfransında dedikləridir: "30 ildi futboldayam, çalışdırdığım komandalardan belə zəif oyun görməmişdim". Bax, belə yerdə dəli Mirqasımı ağlamaq tutur. Yoldaş Toşak "Slima" ilə keçirilən hər iki oyundan sonra belə danışmırdı axı. Onda inam burulğanı yaradır, futbolçularından razı qaldığını deyirdi. İndi nə oldu?
Deyəsən tapdım. Toşakın yox, XL-in inkişaf modulunun sirrini tapdım. Bu klubda inkişaf arxaya irəliləyiş imiş sən demə. "Xəzər Lənkəran" fəlsəfəsinə görə, ilk mərhələdə uğurlu, ikincidə isə çox bərbad oynamaq mümkün imiş.
Yoldaş Toşak, "Slima" ilə oyunda da aşkar görünürdü ki, sən bu komandaya yeni nəfəs gətirməmisən. Bu kluba yeni güc qatmamısan, bu futbolçuları oyuna, hədəflərə kökləməmisən. O zaman mətbuat konfransında jurnalistlərlə məzələnəcək dərəcədə "şişmişdin". Çünki komandan nəticə qazanmışdı. Yadındadımı “bakılı jurnalistə” dediyin sözlər? "Burada oyun izləmək sənə xoş deyilsə, get, Bakıda oyunlara bax"!
İndi üzümü sənə tutub deyirəm. Bu futbolçulardan narazısansa, get, Uelsdə başqa futbolçularla oyna...
Bu futbolçuları heyətə mən yox, sən cəlb eləmisən. Bu oyunçulara taktiki tapşırıqları mən yox, sən vermisən.
10 illiyə gedirsiz, ağa… Hanı söz verdiyiniz ulduz futbolçular? Hanı hamının həsrətlə qayıdacağı günü gözlədiyi əzəmətli "Xəzər Lənkəran"?!
Xədicə, hanı nəticə?
| Paylaş: