')

Bu gün:


FutbolPress.Az | Bəhreyn, "demokratiya" və F1

Bəhreyn, "demokratiya" və F1


oxunma sayı: 1340 Paylaş:

FutbolPress
elvincanturan@gmail.com
ABŞ-ın demokratiya idxalçısı obrazının maskası çoxdan sökülüb. Lakin imperializmin yeni modeli hələ də insanları inandırmağa davam edir ki, əslində, hadisələr müdaxiləsiz və xalqın öz istəyilə baş verir. "Ərəb baharı" yay və qış bilmədən yayılır, diktatorlar devrilir, "insanlar azadlığa çıxır" və...

ABŞ-ın demokratiya siyasətinin iç üzü Bəhreyndə açıldı. Tunis, Misir, Liviya kimi Bəhreyn də ərəb ölkəsidi və bəsit məntiq kifayət edir ki, ABŞ-ın bu ölkə əhalisinə də azadlıq üçün yardım edəcəyini düşünək. Gözlənilənlərin əksinə olaraq, ABŞ bu ölkədə keçirilən etirazları dəstəkləmədi, üstəlik, mitinqləri yatırmaq üçün hakimiyyətə yardım etməkdən, silah satmaqdan da çəkinmədi. Məlumatlara görə, Bəhreyn ötən bir neçə il ərzində ABŞ-dan 51 milyon dollarlıq silah-sursat alıb.

Səbəb ortadadı; "Ərəb baharı"nın baş tutduğu digər ölkələrdən fərqli olaraq, Bəhreyn, BƏƏ və Səudiyyə Ərəbistanındakı hakimiyyət qərbin maraqlarına xidmət edir. ABŞ-dan ən çox silah alan ölkələr siyahısında siz bu adlara da rast gələ bilərsiz. Beləliklə, ABŞ-ın bu ölkədəki üsyanı niyə dəstəkləmədiyi açıq-aşkar ortaya çıxır. Bundan başqa, Bəhreyn İrana zərbə vurmaq üçün də ən yaxşı strateji obyektdi.

Bəhreyn polisi mitinqi çox amansız metodlarla dağıdır, insanlara qarşı  gözyaşardıcı qazlardan istifadə edir. İddialara görə, ərəb polisi müxtəlif mitinqlərin yatırılmasında amansızlıqlarıyla ad çıxaran Con Timoni adlı ABŞ polisi tərəfindən hazırlaşdırılır. Dünyanın ən nüfuzlu media qurumları, azadlıq carçıları isə bu haqda danışmır, ən yaxşı halda kiçik bir xəbərlə məsələnin üstündən keçirlər. İkiüzlülük üzrə ixtisaslaşmış bu jurnalistlərin Suriya olaylarından dastan yazarkən Bəhreyn hadisələrinə olan etinasızlıqları çox şeydən xəbər verir. "Ərəb baharı"nın yaşandığı ölkələrdə insan haqlarının pozulduğunu bar-bar  bağıran qurumların hesabatlarında da Bahreyn barədə məlumatlara rast gəlmirik.

                                                                      ***     ***     ***

Bir neçə cümlə də Bəhreyndəki narazılıq haqda. Ölkədə sünni dairələr hakimiyyətdədi və şiələrə qarşı ayrıseçkiliyə yol verilir. Onu da qeyd edim ki, şiə təriqətinin nümayəndələri ölkə əhalisinin 70%-ni təşkil edir. Başqa sözlə, baş verənlər dini zəmindədi və bu, qərbin maraqlarına cavab vermir.  Eyni zamanda, şiə dairələrin qalibiyyəti və hakimiyyətə gəlməsi gələcək İran savaşı üçün ABŞ-ın ən yaxşı tərfdaşlarından birini itirməsi ilə nəticələnəcək.

                                                                      ***     ***     ***

Yazını oxuyan idmansevərlərdə haqlı bir sual yaranacaq. Bunun idmana nə dəxli? Məsələ ondan ibarətdi ki, Bəhreyn krallığı ölkədə baş verən narazılığı ört-basdır etmək üçün müxtəlif vasitələrə əl atdı. Bunlardan biri də ölkədə Formula 1 yarışlarının keçirilməsi oldu. Müxalif qüvvələr F1-in boykot ediləcəyi barədə hakimiyyəti xəbərdar etsə də, buna məhəl qoyulmadı. Hadisələr o həddə çatdı ki, təşkilatçılar yarışın baş tutmayacağı barədə şübhəli açıqlamalar verməyə məcbur oldular. Lakin Formula 1 yarışları keçirildi, amma xalq bunu boykot etdi. Ölkədəki narazılığın istiqaməti dəyişdi. Yarışlar dünya mətbuatının  gündəmini bəzədi və insanların etiraz səsi arxa fona keçdi. İran, Rusiya və bəzi ölkələrin televiziya kanalları keçirilmiş etiraz aksiyalarından ən dəhşətli görüntüləri yayımladı.

İdmanın siyasətə çevrildiyi bir dönəmdə yaşayırıq və bu, sevdiyimiz yarışlardan həzz almaq şansımızı azaldır. Ən pisi də odu ki, nüfuzlu media qurumları haqlı narazılıqları haqsız, təşkil edilmiş və qərbin maraqlarına xidmət edən nümayişləri isə haqlı elan edərək insanların fikirlərini çaşdırır. Aşağıdakı keçidlərə daxil olub etiraz aksiyalarından görüntüləri izləyə bilərsiz. Yeri gəlmişkən, qeyd edim ki, Bəhreyn Qran Prisinin qalibi Sebastyan Vettel oldu.

http://www.youtube.com/results?search_query=bahrain+f1+grand+prix+baycott

Yazarın bütün yazıları

oxunma sayı: 1340 | Paylaş:




?>