')

Bu gün:


FutbolPress.Az | AFFA çayxanası 

AFFA çayxanası 


oxunma sayı: 1771 Paylaş:

FutbolPress
shikhibayramli@gmail.com

Bu çayxana "Raboçiy prospekt"də yerləşir. Bu obyektin yiyəsinə Rova deyirlər, adı yadımdan çıxıb. Rovanın futbolla arası sazdı. Hələ o həndəvərdə Rova kimi fanat görünməmişdi. Hər dəfə milli komanda uduzanda, klublarımız avrokuboklarda büdrəyəndə kədərlənirdi. Cavan yaşda qəm yeməkdən saçı ağarmışdı. Rovanın Azneft tərəfdələrdə bir kababxanası da var. İşgüzar adamdı...

Vaxtını kababxanaya həsr etdiyindən çayxananı Elik adlı cavan oğlana arendaya verib. Elik azərbaycanca yaxşı danışa bilmir. Əsgərlikdən qayıdandan sonra dayısı Rovadan xahiş eləmişdi ki, bacoğluya bir iş təşkil elə.

Bu sarışın oğlan çayxanada işləyə-işləyə dili öyrənməyə çalışırdı. Ona ən çox yardımçı olan kəs Mikayıl olurdu. Elik çayxanaya gəldiyi gündən Mikayılın adını Maykl qoymuşdu. Maykl get-gedə Eliklə dostlaşırdı. Eşitdiyi bütün yenilikləri onunla bölüşürdü.
Çayxananı dolandıran yaxınlıqdakı zavodun fəhlələri idi.

Bir gün Rova çayxanaya gəlib dedi ki, bəs obyekti ortadan bölürəm. Bir tərəfə həmişəki kimi çayxana olacaq, o biri tərəfdə Ramin adlı oğlan dönərxana işlədəcək. Elik dilləndi:
- Rova müəllim, bu dönər hardan gəldiye. Oturmuşduq da. Öz çayımız, öz qəndimiz.
- Vallah, Elik, Ramini də köhnə tanışlardan biri tapşırıb. Gərək ona da yer eləyim.
- Ramin kimdisə ürəyimə yatmadı, Rova müəllim.
- Nətər eliyək, qavalıyax?

Dialoq sülh və əmin-amanlıq şəraitində yekunlaşdı. Tezliklə Ramin də öz "sostav"ını yığıb gəldi. Dönər işinə usta Xaqani baxacaqdı. Dönər kəsməyə iyirmi il olardı ki, başlamışdı. Xaqanin köməkçisinin adı Elçin idi.
Rovanın tələbi ilə Elik islahatlara başladı. Çayxananın Avropa standartlarına uyğunlaşdırmaqdan ötrü Almaniyadan çayçı gətirdi.
Adı da Berti. Maykl, eləmə tənbəllik, bununla da dil tapdı.
Bir gün Rova Elikə zəng vurdu ki, Avropadan yaxın qardaşlar gəlir, obyekt işlətməkdən yaxşı başları çıxır. Axşamçağı, sərin külək əsəndə Rova dostları Mişel və Jozepi də götürüb çayxanaya qədəm qoydu. Dönər yedilər, pürrəngi çay içdilər. Rova Jozepə dedi ki, ağsaqqal adamsan, Elikə məsləhət ver, buranın alverini qaldırsın.

Jozep də Mişellə məşvərət eləyib Elikə yol göstərdi. Belə ki, sentyabrda çayxanada 17 yaşlı qızlar arasında domino çempionatı keçirmək planları hazırlandı.

Yazarın bütün yazıları

oxunma sayı: 1771 | Paylaş:




?>