')

Bu gün:


FutbolPress.Az | Maradona üçün - vuvuzela

Maradona üçün - vuvuzela


oxunma sayı: 1338 Paylaş:

FutbolPress
qismet1986@gmail.com

İnsanlar "qızıl dövr"ü xərcləyib qurtarıblar. İndi dünyanın yenidən və bəlkə də əbədi (ürəyi) DAŞ dövrüdür. Bütün qüvvəsini, sevgisini bir-birini didib-parçalamağa, bir-birinə mane olmağa xərcləmiş insanlar RED BULL içib, enerji yığmaq istəyirlər. Zamanın dilini bilməyən Qara Qitənin adamları "Heyyy adamlar, biz də sizinlə eyni dünyada yaşayırıq!" deyə bilmədiklərindən vuvuzela çalırlar. Dünya isə hər dəfə olduğu kimi bu dəfə də qulaqlarını tıxayıb, Koka-kola içir.

Vuvuzela ova hazırlaşan kişinin, cəngavərin, əsgərin, qəbilə başçısının çağırışıdır. Vuvuzela futbolla al-ver edən maqnatların, off-sayd olanda gözünə çöp düşən yan hakimlərin acığına CAR-da ovçuların, adamyeyənlərin, hisin-pasın içində doğulan, ölən adamların bütün dünyaya bəşəriyyətin miskin halətiylə bağlı mesajıdı.

Vuvuzelayla CAR bütün dünyaya car çəkdi ki, " Ey bizi alnımızdakı tərdən ayrı su görməyə qoymayan qırmızı qalstuklu, göy kostyumlu ağ adamlar, portmanatları mədəmizdən dolu adamlar, suyu su, odunu odun adamlar, kişisi kişi, qadını qadın adamlar siz heç vaxt bizi eşitmədiniz. Biz dünya qədər qədim qitədə yaşayanlar, sizin gözünüzdə ancaq "National Geografic" verilişləri üçün material olduq. Şirlərlə oynayan, fillərlə dost olan adamlara sizə həmişə laboratoriya dovşanı kimi baxdınız. Bizdə uşaqlar doğuldu və acından küçədə öldülər. O ölən uşaqların son nəfəsində yanında adamlar yox, ac qarğalar, kərkəslər varıydı. İndi sizin qulaqlarınızı tutub, ağzınızı büzdüyünüzü vuvuzela həmin uşaqların son nəfəsidi. Canınız çıxsın qulaq asın!"

Xristo Stoiçkovun yerlisi, məşhur öncəgör Vanqa ölmədən öncəki müsahibələrindən birində belə demişdi: "Dünyanın anlamaq istəyirsinizsə futbola baxın". Borxesin mənəvi qardaşı Vanqanın gözləri bizdən daha açıq idi. Vanqa bəlkə də heç kor deyildi. Sadəcə gözlərini yummuşdu ki, göz yaşları görünməsin, içəri axsın. Futbolun tanrısı Maradona isə ağladı...

Bu Pelesifət zəmanənin sonuncu şairi Maradonadır. Mundialdan qabaq verdiyi bəyənata gülənlər, ona başdanxarab deyənlər oldu: " Çempion olsaq Buenos-Ayresin küçələrində çılpaq gəzəcəm."

Kasıblıq içində keçən uşaqlığında Maradona doğma ölkəsinin küçələrində çılpaq gəzib, oynayıb. Ağzı əmzikli, tumansız, maykasız yıxıla-yıxıla, əzilə-əzilə kasıb evlərin, sərsəri küçələrin palçıqlı yollarından böyük futbolun yaşıl meydanlarına qədər böyüyüb. Ağlı-qaralı kürə topu dünya kimi anlayıb. Vanqanın kor gözləriylə gördüyünü Maradona ayaqlarıyla başa düşüb. Bir gün gəldi, palçıqlı küçələrdə tumançaq qaçan qıvırcıq saçlı gombul uşaq dünyanın ən böyük meydanlarında ayaqlarıyla şeir yazdı, futbolun poeziyasını yaratdı.

Futbol topu dünyanın modelidir. Həmişə oynayan iki tərəf var. Bu iki tərəf topa (dünyaya), sahib olmaq, ona qalib gəlmək, ən böyük olmaq istəyir. Burda sərhədlər əvvəldən müəyyənləşib, meydan iki yerə bölünüb. Bir komanda digərinin ərazi bütövlüyünü pozmaq istəyən kimi futbol başlayır. Qapıçı iki dirəyin tən ortasında duranda, uzaqdan dirəyin bütün hissələriylə bir yerdə böyük "M" hərfinə bənzəyir. Bu hərflə dünya modellənməyə başlayır: Müharibə, meydan, məğlubiyyət, mərkəz...

Futbolda da həyatdakı kimi hakimlər bəzən ədalətsiz olur. Maradona bütün bunları çılpaq gəzdiyi küçələrdə çirkli bezdən düzəlmə futbol topuyla məhlələrarası "dünya çempionu" olarkən anlamışdı. Anlamışdı deyə topla dünya kimi davranırdı.

Elementlərin dövrü cədvəli təsdiqləyər ki, Argentina dünyanın "gümüş dövrüdür". "Gümüş dövrün" qızıl oğlanı Maradona İngiltərəyə əllə vurduğu qoldan sonra "Bu tanrının əliydi"-demişdi. Dieqo elə həmin oyundaca ingilislərin 8 oyunçusunu keçib, bütün dünya çempionatları tarixinin ən gözəl qollarından birini vurdu. Əlbəttə ki, burda da hər işdə olduğu kimi, tanrının əli varıydı.

CAR-dakı mundialda futbolun şairi bu dəfə komandanın baş məşqçisiydi. Almaniyaya məğlub olandan sonra evlərinə dönməmişdən qabaq Maradona müsahibəsində deyir: "Həyatımın ən acı günüdür. Məhəmməd Əlidən yumruq yemiş kimiyəm".

Eyni şey almanların başına gəlsəydi yəqin onların məşqçisi Löv belə deyərdi: "Pis oynamadıq. Müdafiədə strateji bir neçə səhvimiz oldu. Mərkəz yarımmüdafiəçiylə stopperin arasında kontakt yoxuydu. Bunları analiz edəcəyik".

Alınmadı. Maradonanın doğulduğu şəhərin küçələrində çılpaq gəzmək arzusu gözündə qaldı. Dieqo çilpaq, yıxıla-yıxıla, əzilə-əzilə böyüdüyü, çempion olduğu, qocaldığı küçələrlə bu dəfə qalib kimi yıxıla-yıxıla, əzilə-əzilə, çılpaq halda geri qayıtmaq istəyirdi. Maradona böyük meydanların, parıltılı salonların qulaqbatırıcı alqışlarını, silikon dodaqların süni gülüşlərini, linza gözlərin nəzakətli göz yaşlarını soyunub anadan dünyaya gəldiyi kimi saf, çılpaq və qalib öz uşaqlığına, palçıqlı məhlələrinə qayıtmaq istəyirdi. Heç kimdən çəkinmədən, utanmadan, qorxmadan, göz yaşı tökə-tökə qoca bədəninin bütün qüvvəsiylə qaçmaq istəyirdi. Uçuq evlərin arasında çirkli bezlə top oynayan gombul, balaca boy, qıvırcıq saçlı Dieqonu görmək istəyirdi. Maradona öz uşaqlığını qucağını alıb hamıya: Messiyə, Hiquenə, Haynzeyə, Yokaim Lövə, Kloseyə, Sneyderə, David Vilyaya, Kristiano Ronaldoya, Lider TV-dəki Rövşən Binnətliyə - hamıya, bütün dünyaya göstərmək istəyirdi.
Dünya bizə Maradonanın göz yaşlarını göstərdi...

Yazarın bütün yazıları

oxunma sayı: 1338 | Paylaş:




?>