')

Bu gün:


FutbolPress.Az | Foqtsun gündəliyi (Yekun)

Foqtsun gündəliyi (Yekun)


oxunma sayı: 3297 Paylaş:

FutbolPress
qismet1986@gmail.com

(I hissə)
(II hissə)

Qaldığım otelin eyvanına çıxdım. Bilirdim ki, dəniz qarşıdadı amma nə qədər elədim, dənizi görə bilmədim. Göydələnlər imkan vermədi. 

***
Dilənçi qadın bir göydələnin kölgəsində günəşdən gizlənib günəbaxan tumu satırdı...

***
Sevgi teleskopdan baxır, nifrət mikroskopdan.

***
Qapıçımız çoxlu qol buraxmışdı. Hamının dilində bir söz var idi, anlamını bilmirdim. Elə bilirdim ki, kiminsə adıdı, həmin adamı gözləyirlər. Bizim Maykldan (oxu: Mikayıl) soruşdum ki, kimdi bu adı təkrarlanan adam? Dedi o adam adı deyil, əməldi. Danışdı ki, bizdə cadu deyirlər. Anlamadım. Dedi bizə cadu ediblər, sənə də, bizə də, əsas da qapıçımıza, yoxsa heç cür belə ola bilməz. Siqaret istədim.

***
Müşahidəm belədi: burda adamın səhvini çığıra-çığıra deyirlər, uğurunu pıçıltı ilə...

***
STOP !!! STOP !!! STOP !!!

Gündəliyi yazmağı (bəlkə də uydurmağı deməliyəm) burda saxlayıram. Özünüzə bir stəkan çay süzün, çəkənisizsə bir dənə də siqaret yandırın, sizə bu gündəliyin əhvalatını danışacam.
Hava pullu qohumlarımız kimi soyuq idi. Qoca bir avtobusla evə gedirdim. Şofer güzgüsünün yuxarısına Mirmövsüm ağanın kalendarını yapışdırmış və bununla sanki bütün maşındıkaları çox "yuxarı" bir instansiyaya tapşırırdı, sığortalayırdı. Amma nədənsə güzgünün yanında həm də belə bir elan vardı: itən əşyalara sürücü cavabdeh deyil.
Maqnitafonda hansısa meyxanaçının əsəbi səsi gəlirdi və bu əsəbi səsin sahibi hamımızın qulağı eşidə-eşidə "Ğ" hərfini zorlayırdı. Mən düşünürdüm ki, niyə başqa hərflər, tutalım "L" hərfi bu məsələyə bir münasibət bildirib, həmin səsin sahibindən soruşmur ki, qaqaş, "otveçatsan" "Ğ" hərfinə, alacaqsan onu? Almayacaqsansa, gül kimi hərfin adına söz çıxartma...

Mən bunları düşünməkdəykən birdən Elçindən mənə sms gəldi. O, məni ittiham edirdi ki, düz bir aydı yazı söz vermisən, yazmırsan. Yalan deyirdi. Bir ay yox, altı ay idi. Altı ay idi Elçinə deyirdim ki, yazı sabaha hazırdı. Tərs kimi Elçin də hər dəfə inanırdı. Əlqərəz, bu dəfə cavabda sabah yox, axşama hazırdı - yazdım ona.
Evdə xeyli fikirləşdim: nədən yazım? Ağlıma heç nə gəlmirdi. Bir-iki kitab vərəqlədim, bloknotlarımdakı qeydlərə baxdım. Gördüm dəftərlərimin birində belə sitat yazmışam: "Yalanın gücü onun sürətlə yayılmasındadı". Bu cümlə içimdə nəyisə tərpətdi, düşünməyə başladım. Qərar verdim ki, nə yazsam tamam uydurma, tamam fantaziya məhsulu olmalıdı. Amma nə yazmalı...

Uzanıb fikirləşməyə başladım. Yadıma tələbəlik illərim düşdü...
Bakı Slavyan Universitetində ünlü sənətşünas Aydın Talıbzadənin mühazirəsinə getmişdik. Aydın müəllim o vaxt bütün sinifə maraqlı bir sual vermişdi: sirkdə biz ən çox hansı şounu sevirik ? Hamımız demişdik ki, əlbəttə, təlimçi ilə pələngin tamaşasını, kəndirbazın göstərisini. Yəni təhlükəli olan tryukları. Onda Aydın müəllim növbəti sualı vermişdi: niyə? Cavab isə beləydi: çünki biz istər-istəməz daxili bir instinktlə (görünür bu bizim altşüurumuzda gizlənmiş qəribə mazoxist tərəfimizdi) pələngin təlimçiyə nəsə edəcəyinə, kəndirbazın yıxılacağına ümid bəsləyirik və buna görə ekstrim bizə cazibədar gəlir. "Min bir gecə" nağıllarını, çağdaş teleserialları və detektiv ədəbiyyatı da oxucu üçün, tamaşaçı üçün maraqlı edən eyni məntiqdi. Mən buna "İntizar metodu" deyirəm.

Yatağıma uzanıb bütün bunları düşünə-düşünə (niyə bunları xatırladığımı bilmədən) başa düşdüm ki, insanlara həmişə başqalarının həyatları maraqlıdı. Bəlkə də bədii mətn çox sadə bir fəndlə, Novruz bayramında qulaq falına çıxan adamın diliylə, onun eşitdikləri kimi yazılmalıdı (burda yadıma böyük italyan rejissoru Antonioninin Kortasarın hekayəsi əsasında çəkilən "Blow-up" filmi düşür)

Bir dəfə teatrda ən arxa sırada oturmuşdum. Qəribə şəkildə mənə elə gəldi ki, teatr səhnəsi uzaqdan açar deşiyini oxşayır və biz ordan kiminsə məhrəmini gizlincə pusuruq. Bu balaca "kəşf"imdən o vaxt diksinmişdim və bu gündəlikləri yazanda bunlar hamısı gəlib beynimdən ani şəkildə ötdü. Qərarımı verdim: dünyaca məşhur bir futbol adamının dilindən yazacaqdım yazını və postmodern ədəbiyyatın imkan verdiyi hər şeydən istifadə edəcəkdim. Postmodernist ədəbiyyatda məşhur olan, ən sadə fənddən - gündəlik fəndindən istifadə etməkdə qərar qıldım. Qərar verəndən sonra çox da əziyyət çəkmədən, birnəfəsə gündəliyin birinci hissəni yazdım və Elçinə zəng vurdum ki, yazı hazırdı. Sonrası hamıya məlum.
Amma...

Məndə təəccüb, təəssüf və başqa qoşa saitli, qoşa samitli sözlərlə ifadə olunacaq, qəribə, anlaşılmaz duyğu yaradan o oldu ki, adamlar bizə inanmışdı. Bu ilk günlərdə xoşuma gəlir, gülüş doğurur, rahatlıq gətirirdi mənə. Yazının ikinci hissəsinin dərcindən sonra məsələ lap böyüdü və mən şəxsən öz adıma deyirəm ki, inananlarla inanmayanların arasındakı söhbətlərə baxıb çaşdım. Əvvəlcə xoş gələn, gülməli görünən bu proses get-gedə məcrasından çıxdı, iş artıq məhkəmə söhbətinə gedib çıxanda diksindim, çaşdım və nə gizlədim çox da kədərləndim. Bu qorxudan, təşvişdən yaranan kədər deyildi. Səbəb çox adi insanı bir səbəb idi: idman mediasında məni çox az adam tanıyar. Amma ədəbi mühitdə (burda təvazökarlığın yeri yoxdu) vəziyyət əksinədir. İki şeir kitabım çap olunub, dünyanın ən məşhur yazarları, əsərləri haqqında hər həftə tanıtım yazıları, mətn analizləri yazıram. Esselər, şeirlər tərcümə edirəm. Bütün bunlara kimsə reaksiya vermir. Reaksiya verənlər isə o qədər azdı, oların demək olar hamısını şəxsən tanıyıram. Amma qəribədi, tamam uzaq bir sahədən (peşakarlıq baxımından uzaq deyirəm, azarkeş kimi özümü yaxşı azarkeş sayıram) - futboldan yazı yazıram, bunu nəinki oxuyurlar, hətta inanırlar da. Bunu özüm üçün dərd edəsi, şişirdəsi xarakterdə deyiləm. Görünür elə belə də olmalıdı. Kimin nəyinə lazımdı Nabokovun romanları, Odenin essesi, Pol Osterin postmodernizmi və s. Amma gizlətmirəm, təəssüfüm sonsuzdu. Mən ədəbiyyatla hobbi kimi maraqlanmıram, bu mənim həyat tərzimdi və ədəbiyyatdan başqa özünü heç yerdə xoşbəxt hiss edə bilməyən bir adam üçün bu mənzərənin kədərini ümid edirəm ki, anlayırsız. Mən yalnız ümid edirəm...

Diş məcunu reklamlarında 32 bəyaz dişi ilə birdən gülən manikenlərin dişləri ola bilsin ki, gerçəkdən sağlamdı, amma mənə həmişə elə gəlib ki, onların gülüşləri protezdi. İnsanda gülmək deyilən çox gözəl bir hissin olduğunu çoxdan unutmuş və bu unutduğu gülüşü Rəfael-Coşqunun son istifadə tarixi keçmiş yumoru ilə xatırlamaq istəyən xalqımız ona təqdim edilənə ürəkdən inanır. Mən adam tanıyıram ki, neçə illərdi bütün gələcəyini Qorxmaz Əlilinin dodağından çıxacaq bir rəqəmə bağlayıb - "ailə sevinci" oynayır. Qorxmaz Əlili isə neçə ildi ki, o adamın gözlədiyi rəqəmdən ya bir dənə böyük çıxardır, ya bir dənə balaca. Primitiv realiti şoularda əxlaqı, şans oyunlarında gələcəyi axtalanmış insanlar olaraq biz hər şeyə inanmağa məhkumuq. Mən şəxsən bugündən inanıram ki, Berti Foqts gündəlik yazıb və kimsə onu tapıb bizə göndərib. Məndə bu inamı yaradan hamıya da təşəkkür edirəm.

Və sonda.
Bacımın təzəcə dil açan qızı bütün sözləri keçmiş zamanda deyir. Məsələn, yemək istəyirəm yerinə "mən yemək istəmişdim" - deyir. Mənim üçün qrammatikadan, onu yazanlardan xəbərsiz bu balaca qızın formalaşmamış nitqi bir həqiqəti dəqiq ifadə edir: hər şey çox sürətlə keçmiş zamana çevrilir. Mən sadəcə yazı yazmışdım...

Yazarın bütün yazıları

oxunma sayı: 3297 | Paylaş:




?>