Foqtsun gündəliyindən (II yazı)
Paylaş:
...Bir-iki dəfə məni konkret nə ilə bağlı olduğunu bilmədiyim tədbirlərə dəvət ediblər. Orda hamı mənə ehtiram göstərib, hətta hədiyyələr də veriblər. Otağım qız qalası heykəlləri, balaca xalçalar və diplomlarla doludu. Beş-altı dənə də boşqab hədiyyə ediblər - üstündə top şəkili çəkilib, altında Azərbaycan yazılıb. Hələ başa düşə bilməmişəm, bütün bunlar nə deməkdi? *** *** *** *** *** *** *** *** *** *** *** *** *** (Ardı var)
Dünən federasiyanın (AFFA nəzərdə tutulur - tərc.) tədbirlərindən birinə qatıldım. Orda mənə bir neçə kitab, məlumat kitabçası, Azərbaycan futbolu ilə bağlı üç dildə nəşr edilmiş ensiklopedik bir nəşr hədiyyə etdilər. Kitab Azərbaycan, rus və ingilis dillərində nəşr olunub. Mən bu dillərdən yalnız ingiliscəni bilirəm. Kitab yüksək poliqrafik keyfiyyətlərlə nəşr edilib, amma bir məsələ mənə qəribə gəldi. Niyə bu cür bahalı nəşrlər bu cür kobud, böyük, qabaritli formatda çap edilir? Bunlar kitabdan çox, gözəl tərtib edilmiş soyuq silaha bənzəyirlər. Ümumiyyətlə, azərilərdə bir şey sezmişəm, onlar hər şeyin irisini sevirlər. Evlər böyük, maşınlar böyük, ofislər böyük, kitablar böyük, deyəsən qadınlara da münasibətləri belədi. Bilmirəm, bəlkə də yanılıram.
Bir dəfə mən rəsmilərdən biriylə yan-yana oturmuşdum. Gözüm onun qol saatına sataşdı. Öyrəndim ki, saat qızıldandı və çox qiymətlidi. Bu məni təəccübləndirdi. Çünki mən doğulduğum ölkədə bizə vaxtın qızıl olduğunu öyrədiblər, burda isə qol saat qızıldı.
Doğum günümdə yanıma gələn müğənnidən bugün mənə sms gəldi. Tərcüməçimdən xahiş etdim çevirsin. Tərçüməçim mesajı oxuyan kimi gülmə krizinə girdi. Nə olduğunu anlamadım və hətta bir az da qəzəbləndim. Orda nə yazıldığını biləndə isə azca gülümsədim, sonra isə mesajı yazan qadının "savadı" məni dərin bir hüznə qərq elədi. Yazılmışdı: Canım, sən məni unutmusan, amma mən səni yox. Oyununuz olan kimi məni də çağır, gəlim sənə baxım. Sənin oynamağına baxmaq mənə zövq verir...
Danışırlar - nəfəslərində alkaqol qoxusu. Çox içirlər. Arada mənə elə gəlir ki, kibrit yandırsam, onların nəfəsi od tutub yanacaq.
Bu gecə çox darıxıram. Bu darıxmaq qəribə hissdi. Elə bil yekə, ətyeyən bir quşdu darıxmaq və kədərimi dimdikləyə-dimdikləyə böyüyür...
Şəhərdə gəzişməyə çıxmışdım. Ən rəngli geyinən adamların belə üzündə nəsə bir solğunluq var. Elə bil adamların həm geyimlərindəki, həm də üzlərindəki bütün rənglər "second hand"di ("ikinci əl" - tərc.) Hər şey elə bil bundan əvvəl kimsə tərəfindən istifadə olunub.
Pəncərədən harasa tələsən adamlara, dolub-boşalan maşınlara baxıram. Avtobuslar və maşınlar çox qoca və öfkəli görünürlər.
"Skype"da dostlarımdan bir neçəsi ilə danışdım. Hamısı eyni sualı verdi: Ora necə yerdi? Mən də hamısına eyni cavabı verdim: Buranı sevirəm, bura mənim tənhalığımın paytaxtıdı.
Yenə məclisdəydim. Rəsmilərdən birinin doğum günüydü. Məndən badə qaldırıb nəsə deməyimi istədilər, amma şərt beləydi; sevgi haqqında nəsə deməliydim. Başa düşmədim ki, niyə sevgi haqqında, axı mən doğum günü olan adamı təbrik etmək istəyirdim. Razılaşdım. Təxminən belə dedim: sevgi başqa dilə tərcümə olunmur, o bütün dillərdədi, o bütün dillərdi. İnsan sevişəndə elə birdən tarixin bütün dövrlərində olur. Bu son cümləni nə vaxtsa kitabdan oxumuşdum, amma öz adımdan dedim. Sözlərim xoşlarına gəldi, məni alqışladılar.
Dünənki məclisdə məndən sevgi barədə nitq deməyimi niyə istədiklərini bugün başa düşdüm. İçkinin təsiri ilə beyinləri dumanlanmışdı və mənim olmağımın onların alt şüurunu işə salmışdı. Altşüurlarındakı şəhvanilik işə düşmüşdü.Görünür onlar Almaniyanı daha çox porno-filmləri ilə tanıyırlar deyə bunlar baş verir.
Kədərləndim. Uşaq ikən qaldığımız evin önündəki park yadıma düşdü. Orda Kantın heykəli vardı və mən ilk sevgilimlə o heykəlin altında öpüşmüşdüm...
İçəndə elə gülürlər ki, ağızları cəhənnəmə bənzəyir. Elə bil içmirlər, ölümə qafiyə axtarırlar...
Bir futbolçu məndən xahiş etdi ki, bu həftəki oyuna çıxmaq istəmirəm. Səbəbini soruşdum. Dedi: rayona getməliyəm. Anlamadım. Təkrar etdi ki, xalamın oğlunun toyudu, rayonda olmalıyam. Mən yenə anlamadım...
| Paylaş: