')

Bu gün:


FutbolPress.Az | APL-30: Bayılda dramatik oyun, "Sabah" gümüş medal yarışından qopmadı

APL-30: Bayılda dramatik oyun, "Sabah" gümüş medal yarışından qopmadı


oxunma sayı: 625 Paylaş:

FutbolPressAzərbaycan Premyer Liqasında XXX tura yekun vurulub.

“Neftçi” “Araz-Naxçıvan”ı, “Turan Tovuz” “Qəbələ”ni məğlub edib. “Sumqayıt” – “Zirə” və “Səbail” – “Kəpəz” görüşündə qalib müəyyənləşməyib. Çempion “Qarabağ” isə səfərdə “Sabah”a məğlub olub.

Sumqayıt – Zirə 0:0

Turun  ilk oyununda qol səsi eşidilmədi. Avrokuboklar mübarizə aparan komandaların Sumqayıtdakı duelində hərə bir xal qazandı. Oyuna “Zirə” daha yaxşı başlasa da, sonradan nəzarəti ələ alan “Sumqayıt” balans yarada bildi. Xüsusilə, ikinci hissədə təhlükəli hücumlarla yadda qalan “kimyaçılar” qələbə qolunu vura bilmədi. Həm “Zirə”, həm “Sumqayıt” xaldan razı qalmalıdır. Mövsümün kritik periodudur və xal itkiləri komandaları beşlikdən kənara çıxara bilər. Sumqayıtda komandalar ehtiyatlı oyuna üstünlük verdi və heç-heçə ədalətli nəticə oldu.

Qəbələ - Turan Tovuz 1:2

Autsayder “Qəbələ” demək olar, elitada qalmaq şanslarını tükətdi. Artıq 9-cu sıradakı “Kəpəz”lə xal fərqi 15-ə yüksəlib və “sarı-göylər”in qarşıdakı bütün matçlarda uduzması inandırıcı deyil. “Qəbələ” isə Kaxaber Sxadadzenin rəhbərliyi altında ilk qələbəsinə çox yaxın idi. 80-ci dəqiqəyə qədər öndə olan “qırmızı-qaralar” son dəqiqələrdə buraxdığı qollarla məğlub oldu.

Matçdan sonra baş məşqçi Sxadadze günahı futbolçularda gördü. Oyunçularını xarakterinin zəif olduğunu qeyd edən gürcü mütəxəssis bu dəfə də özünü sudan çıxardı. Elmar Baxşıyevin gedişindən sonra komandanı elitada saxlamaq tapşırığı alan Sxadadze işinin öhdəsindən gələ bilmir. Sona altı tur qalıb və komandanın sərgilədiyi oyun ümid vermir.

“Turan Tovuz” isə avrokubok yarışında olduğunu göstərdi. Ardıcıl ikinci qələbəsini qazanan tovuzlular turnir cədvəlində “Səbail”i də ötərək altıncı sıraya yüksəlib. Ayxan Abbasovun komandası avrokubok zonasından cəmi bir xal geri qalır. Növbəti turda “Sumqayıt” da məğlub edilsə, Tovuz təmsilçisi “kimyaçılar”ı da keçəcək.

Neftçi – Araz-Naxçıvan 3:0

Gümüş medallara əsas namizəd “Neftçi” ən yaxın izləyiciləri “Sumqayıt” və “Zirə”nin xal itirdiyi turda şansını boşa vermədi. “Araz-Naxçıvan” üzərində inamlı qələbə qazanan Miodraq Bojoviçin komandası indi “Zirə”ni bir, “Sumqayıt”ı üç xal qabaqlayır. Demək olar, gümüş medal üstünlüyü “ağ-qaralar”a keçib. Lakin flaqmanın qeyri-stabil nəticələri ehtiyatlı olmağa əsas verir. Mövsümün gedişində də yersiz xal itkilərinə yol verən “Neftçi” səhvlərini təkrarlamamalıdır. Artıq hər şey Bojoviçin komandasının əlindədir. Növbəti turun “Zirə” ilə matçı gümüş medallar üçün həlledici olacaq.

“Araz-Naxçıvan” isə Elmar Baxşıyevin rəhbərliyi altında ilk sınağına çıxdı. Debütündə uğursuz olan Baxşıyev mətbuat konfransında ümidli danışdı. Mütəxəssis yeni mövsüm üçün iddialı komanda qurmağı hədəflədiyinin anonsunu verdi. “Araz-Naxçıvan”da legionerlərin fərdi ustalığının aşağı olması, hücum xəttindəki çatışmazlıqlar əsas problemlərdəndir. Eyni zamanda müdafiədəki axsaqlıqlar böyük hesablı məğlubiyyətlərə səbəb olur.

Səbail – Kəpəz 3:3

Turun ən məhsuldar və dramatik görüşü Bayılda oldu. “Səbail” doğma meydanda son dəqiqədə buraxdığı qolla “Kəpəz”lə heç-heçə etdi. Oyuna daha yaxşı başlayan “Kəpəz” fasiləyə qədər 2:0 hesablı üstünlük yaxalamağı bacardı. Lakin Papunaşvilinin zədələnməsi baş məşqçi Adil Şükürovun planlarını pozdu. Bu mövsüm Gəncə təmsilçisinin aparıcı oyunçusu olan gürcüstanlı yarımmüdafiəçinin yoxluğu hücum fazasında komandaya problemlər yaratdı.

İkinci hissəyə daha yaxşı başlayan “Səbail” ardıcıl qollarla əvvəlcə hesabı bərabərləşdirdi, sonra önə keçdi. Lakin “dənizçilər” üstünlüyünü qoruya bilmədi. “Kəpəz”in yarımmüdafiəçisi Mate Kvirkviya sonuncu dəqiqədə baxımlı qol vuraraq yekunu müəyyənləşdirdi.

Bir xalı “Kəpəz” üçün qənaətbəxş hesab etmək olar. 9-cu sırada yer alan gəncəlilər üçün hər xal qızıla bərabərdir. Sonuncu “Qəbələ” ilə fərqi 15-ə qaldıran “sarı-göylər” elitadakı yerini demək olar, qətiləşdirdi. “Səbail”də isə qələbə həsrəti beş oyuna çatdı. Turnir cədvəlində yeddinci pilləyə qədər geriləyən “dənizçilər” yavaş-yavaş avrokubok zonasından uzaqlaşır. Diniyev mövsümün əvvəlində hədəflərinin “altılıq” olduğunu bildirib, amma bu gedişlə buna da çatılmayacaq.

Sabah – Qarabağ 3:2

Turun sonuncu oyununda çempion məğlub oldu. Bu mövsüm “Sabah”la oyunları bol qollu alınan “Qarabağ” bu dəfə də maraqlı futbol izlətdi. “Atlılar” oyunda hesabı açan tərəf olsa da, üstünlüyünü qoruya bilmədi. Elə ilk hissədəcə önə keçən “Sabah” fasilədən sonra da əzmkar oyun sərgilədi və layiqli üç xal qazandı.

“Sabah”ın qələbəsi komandanın avrokubok mübarizəsində yolunu açdı. Turnir cədvəlində beşinci pillədə yer alan Krunoslav Renduliçin yetirmələri rəqiblərinin uzaqlaşmasına imkan vermədi. İkinci “Neftçi” ilə 4 xallıq fərq var. “Sabah”ın potensialı üçlükdə yer almağa imkan verir. Növbəti tur “Zirə” – “Neftçi” matçı avrokubok yarışında yer alan komandalar üçün önəmli rol oynayacaq.

Şahin Cəfərov


oxunma sayı: 625 | Paylaş:




?>