')

Bu gün:


FutbolPress.Az | Sumqayıtda "gümüş" mübarizəsi, çempionun "Sabah" sınağı

Sumqayıtda "gümüş" mübarizəsi, çempionun "Sabah" sınağı


oxunma sayı: 945 Paylaş:

FutbolPressBu gün Azərbaycan Premyer Liqasında XXX tura start veriləcək.

Gümüş medallar uğrunda mübarizə aparan “Zirə” “Sumqayıt”ın qonağı olacaq. “Neftçi” “Araz-Naxçıvan”ı, “Səbail” “Kəpəz”I qəbul edəcək. Lider “Qarabağ”ın bu turdakı rəqibi “Sabah” olacaq. Autsayder “Qəbələ” isə “Turan Tovuz”un müqavimətini qırmağa çalışacaq.

Sumqayıt – Zirə
Əvvəlki oyunlar: 0:1, 0:0, 0:0


Son turlardakı uğurlu çıxışı ilə turnir cədvəlində ikinci pilləyə yüksələn “Zirə” seriyasını davam etdirməyi hədəfləyir. Rəşad Sadıqovun yetirmələri ardıcıl üç qələbə ilə gümüş medallarçün iddiasını ortaya qoydu. Mövsümün əvvəlində məhsuldarlığının aşağı olması ilə tənqid edilən “qartallar” indi böyükhesablı qələbələrə imza atır. “Sumqayıt”la səfər görüşündə də favorit məhz qonaqlardır. "Zirə" qələbə sayəsində "kimyaçılar"la xal fərqini 5-ə yüksəldə rəqibini gümüş medal mübarizəsində geri sala bilər.

Ötən tur “Neftçi” səfərindən bir xalla dönən “Sumqayıt” “dördlük”dəki mövqeyini qorumaq üçün mütləq xal qazanmalıdır. Samir Abasovun yetirmələri bu mövsüm xüsusilə ev oyunlarında uğursuz çıxış edir. “Mehdi Hüseynzadə”də bir tur əvvəl “Araz-Naxçıvan”ı çətinliklə məğlub edən “kimyaçılar” növbəti dəfə azarkeşlərini sevindirməyə çalışacaq. Abasovun komandası bu mövsüm “Zirə” ilə duellərdə qələbə qazana bilməyib (1 məğlubiyyət, 2 heç-heçə).

Qəbələ - Turan Tovuz
Əvvəlki oyunlar: 2:2, 4:0, 1:2


Turnir cədvəlinin sonuncusu “Qəbələ” elitada qalmaq yolunda son çırpınışlarını edir. Riyazi olaraq komandanın şansları qalsa da, sərgilənən oyunla PL-də mübarizə çətin görünür. “Kəpəz”lə xal fərqi 16-ya yüksəlib və gəncəlilərin bundan sonrakı 7 turun 5-də məğlub olması inandırıcı deyil. Baş məşqçi Kaxaber Sxadadze təyinatından sonra hələ qələbə qazana bilməyib. Nəticələrdə oyunçuların fərdi keyfiyyətlərinin aşağı olmasını səbəb gətirən gürcüstanlı mütəxəssis də artıq elitada qalmağın çətin olduğunu başa düşüb. “Qırmızı-qaralar” AFFA-nın yeni mövsümdə komanda sayını artıracağına və onların APL-də qalacağına ümid edir.

“Turan Tovuz” isə ötən tur “Sabah”ı məğlub edərək avrokubok yarışına qoşuldu. Dördüncü sıra ilə xal fərqi 4-ə enib və bir qələbə komandanı “dördlüy”ə yaxınlaşdıra bilər. Ayxan Abbasovun yetirmələri sonuncu dövrəyə uğurlu başlayıb. Son beş oyunda yalnız “Qarabağ”a məğlub olan tovuzlular autsayder səfərindən qələbə ilə dönərək avrokubok yarışında qalmağa çalışacaq.

Neftçi – Araz-Naxçıvan
Əvvəlki oyunlar: 0:1, 1:1, 0:1


“Neftçi”nin uğursuz çıxışı davam edir. “Ağ-qaralar” Kubokda “Qarabağ”a böyükhesabl məğlubiyyətdən sonra çempionatda “Sumqayıt”la heç-heçəyə razılaşdı. Komandanın oyunu tənqid edilir, azarkeş qrupları “ağ-qaralar”ı boykot edib. Tələb edilən yaxşı nəticələrdir, ancaq “Neftçi”də nə yaxşı oyun var, nə nəticə. “Araz-Naxçıvan”la bu mövsüm duellərdə qələbə qazana bilməyən paytaxt təmsilçisi doğma publika önündə uğursuz seriyasını mütləq şəkildə sonlandırmaq istəyir.

“Araz-Naxçıvan”da isə ötən tur “Kəpəz”ə məğlubiyyətdən sonra baş məşqçi dəyişikliyi yaşandı. Azər Bağırovla yollar ayrıldı və onu Elmar Baxşıyev əvəzlədi. Baxşıyevin ilk sınağı “Neftçi”yə qarşı olacaq. Komanda turnir cədvəlində 8-ci sıradadır və məğlubiyyət 9-cu pilləyə yuvarlaya bilər. Baxşıyev yeni işinə uğurlu başlamağı hədəfləyir. “Qəbələ” ilə əvvəlki illərdə uğurlu nəticələrə imza atan mütəxəssisin “Araz-Naxçıvan”ı hansı taktikada, hansı sistemdə oynadacağı sual altındadır. “Neftçi” rəqibdəki qeyri-müəyyənliyə hazır olmalıdır.

Səbail – Kəpəz
Əvvəlki oyunlar: 3:0, 0:0, 4:1


“Səbail” bu mövsüm şəxsi oyunlarda “Kəpəz”i üstələyir. “Dənizçilər” üç oyunun ikisində qələbə qazanıb, həm də böyük hesabla. Bir müddət turnir cədvəlində “üçlük”də yer alan Bayıl təmsilçisi indi yeddinci sıradadır. Şahin Diniyevin yetirmələri dörd oyundur, qələbə qazana bilmir. Buna baxmayaraq, komandanın sərgilədiyi oyun yaxşı nəticələrə ümid etməyə imkan verir. Çempionatın ən çox qol şansı yaradan komandalarından olan “Səbail”də əsas problem realizasiyadır. Hücum oyunçularının uğursuzluğu nəticələrə təsir edir. “Səbail” avrokubok yarışından uzaq düşməmək və mübarizədə qalmaq üçün mütləq “Kəpəz”ə qalib gəlməlidir.

“Kəpəz” isə daha rahatdır. Elitada qalmaq yolunda böyük addımlar ataraq xal fərqini 14 xala yüksəldən gəncəlilər sonuncu “Qəbələ”dən xeyli uzaqlayıb. Komanda artıq oyunlara daha rahat çıxır, üzərlərində təzyiq yoxdur. Adil Şükürovun gəlişindən sonra oyun və nəticə baxımından müsbət dinamikada olan “sarı-göylər” bu turda qələbə qazanmaqla 8-ci pilləyə yüksələ bilər.

Sabah – Qarabağ
Əvvəlki oyunlar: 0:2, 1:2, 3:3


Komandaların bu mövsüm duelləri bolqollu alınır. “Qarabağ” iki tur əvvəldən çempionluğunu təmin edib. “Sabah” isə avrokuboklara düşmək uğrunda mübarizədədir. “Futuristlər” doğma meydanda çempionu məğlub etməklə iddiasını davam etdirmək niyyətindədir.

Baş məşqçi Krunoslav Renduliçin gəlişindən sonra ardıcıl iki oyun qələbə qazanan “Sabah” indi məğlubiyyətləri sıralayır. Əvvəlcə “Zirə”yə, sonra “Turan Tovuz”a uduzan “futuristlər” oyun baxımından da ürəkaçan performans sərgiləmir. Rendulişdən sonra daha çox topla oynamağa çalışan və boşluqlar axtaran “Sabah” rəqiblərin müdafiəsini yarmaqda çətinlik çəkir. Bəzən də uzun toplara üstünlük verən “futuristlər” son iki oyundur, bunda da uğursuzdur. Ümumiyyətlə, hücum fazasında ciddi problemlər hiss edilir. Bunlar fonunda “Qarabağ”la oyunda komandanın hansı nəticəni qazanağı sual altındadır.

İki tur əvvəl çempionluğu təmin “Qarabağ” qızıl medallarını gözləyir. Qurban Qurbanovun komandasında rahatlaşma hiss edilmir. Son üç rəsmi matçda 14 qol vuran “atlılar”da oyunçular özlərini göstərməyə, fərdi statistikalarını daha yaxşı etməyə çalışır. “Sabah”la son ev oyununda 3:3 hesablı heç-heçə edən “Qarabağ”ın bu görüşdə də çox qol vurmağa can atacağı gözlənilir.

Premyer Liqada sona yeddi tur qalıb. Çempionun artıq bəlli olduğu marafonda əsas sual gümüş medalı kimin qazanacağıdır. “Zirə”, “Neftçi”, “Sumqayıt”, “Sabah” bu mübarizənin əsas iştirakçılarıdır. “Səbail” və “Turan Tovuz” da “dördlük” həvəsindədir. Son illərin ən rəqabətli çempionatında kimlərin hədəfə çatacağı, kimlərin siyahıdan kənar qalacağını indidən təxmin etmək çətindir. 

Şahin Cəfərov


oxunma sayı: 945 | Paylaş:




?>