')

Bu gün:


FutbolPress.Az | Bakıda "sülh", Tovuzdan "mən də varam" səsləri

Bakıda "sülh", Tovuzdan "mən də varam" səsləri


oxunma sayı: 552 Paylaş:

FutbolPressAzərbaycan Premyer Liqasında XXIX tura yekun vurulub. Çempion “Qarabağ” növbəti qələbəsini qazanıb, autsayder “Qəbələ” “Zirə”yə böyük hesabla məğlub olub. “Neftçi” – “Sumqayıt” duelində qalib müəyyənləşməyib, “Kəpəz” “Araz-Naxçıvan”a, “Turan Tovuz” isə “Sabah”a qalib gəlib.

Araz-Naxçıvan – Kəpəz 1:2

“Kəpəz”lə oyuna qədər altı matçda qələbə qazana bilməyən “Araz-Naxçıvan” uğursuz seriyasını yeddi oyuna çatdırdı. Məğlubiyyət baş məşqçi Azər Bağırovun istefasına səbəb oldu. Mütəxəssis matçdan sonra “futbolçular tapşırıqları icra etmir” dedi və növbəti gün postunu tərk etdi. “Araz-Naxçıvan”ın enişi əvvəldən gözlənilən idi. Mövsümün əvvəlində tələsik gətirilən legionerlərin gücü bir yerə qədər idi və o da artıq bitib. Komanda meydanda istəksiz görünür. Neçə oyundur, qol vurmaqda çətinlik çəkən, rəqiblərini ciddi təzyiq altında saxlaya bilməyən “Araz-Naxçıvan”da son turlarda ümumiyyətlə, sistemli oyun görmək çətindir. Komanda artıq turnir cədvəlinin 8-ci pilləsindədir və 9-cu sıradakı “Kəpəz”lə xal fərqi 2-yə enib.

Gəncə təmsilçisi isə elitada qalmaq yolunda ən böyük addımı atdı. Artıq sona 7 tur qalıb və “Qəbələ”nin onları keçməsi möcüzəyə bərabərdir. Adil Şükürovun təyinatından sonra oyun və nəticə baxımından  müsbət dinamikada olan “Kəpəz” qələbə sayəsində xallarını 30-a çatdırıb. 8-ci sıra ilə fərqi 2-yə endirən gəncəlilər əvvəl elitada qalmaq haqda düşünürdüsə, indi yuxarı sıraları hədəfə qoyub.

Turan Tovuz – Sabah 2:0

Tovuz təmsilçisi qələbə sayəsində bir pillə irəlilədi və avrokuboklara vəsiqə verən yerlər uğrunda mübarizəyə qoşuldu. Ayxan Abbasovun yetirmələri “Sabah”la oyunda inamlı təsir bağışladı və rəqibini demək olar, hər komponentdə üstələdi. “Turan Tovuz”un altıncı sıraya qalxması və dördlüyə yaxınlaşması avrokuboklar yarışını daha gərginləşdirib. İndi Tovuz təmsilçisi də rəqibləri kimi bu yerə iddia edə bilər. Hazırda forma baxımından da yaxşı olan Abbasovun yetirmələri uğurlu seriyanın davamını gətirə bilsə, mövsümü daha üst sıralarda bitirə bilər. Komandanın buna potensialı var və azı o mövqedə olanlardan pis oyun sərgiləmir.

“Sabah” isə ardıcıl ikinci oyunda xalsız qaldı. Gümüş medallar üçün mübarizə aparan “futuristlər” demək olar, yarışdan geri qalır. Düzdür, qarşıda turlar var və qapanmayacaq dərəcə böyük xal fərqləri yoxdur. Buna baxmayaraq, yeni baş məşqçi Krunoslav Renduliçin öz sistemini komandaya yeritməsi üçün zaman lazımdır və bunun altı-yeddi tura alınması çətindir. Mütəxəssis növbəti matçlarda futbolçuların fərdi bacarıqlarına güvənərək oyun qurmaq və xallar qazanmağa çalışacaq.

Qarabağ – Səbail 4:2

Ötən tur çempionluğunu rəsmiləşdirən “Qarabağ” “Səbail”lə oyunda rahat qələbə qazandı. Rəqibinin ciddi müqaviməti ilə üzləşməyən “atlılar” dominant futbolu ilə oyunu idarə etdi və 4 qolla qələbə qazandı. Qurban Qurbanovun yetirmələri fərqi daha böyük etmək şanslarına sahib olsa da, son zərbələrdəki uğursuzluq buna mane oldu.

“Səbail” isə geriləməkdə davam edir. Şahin Diniyevin yetirmələri demək olar, hər matç kifayət qədər hücumlar qursa da, realizasiya problemi komandanın yaralı yeridir. Hücum xəttindəki oyunçuların məhsuldarlığı aşağıdır. Son matçlarda da qolları yarımmüdafiəçilər vurur. Diniyev avrokuboklara düşmək istəyirsə, qol vurmaq problemini qısa zamanda aradan qaldırmalıdır. Son dörd oyunun üçündə məğlub olan “dənizçilər” avrokubok şanslarını zəiflədir.

Zirə - Qəbələ 4:0

“Zirə” mövsümün ən yaxşı oyunlarından birini keçirdi. Erkən qollarla rəqibinin müqavimətini qıran və onu ruhdan salan “qartallar” sona qədər üstün tərəf oldu. Autsayder “Qəbələ”yə demək olar, real qol epizodu verməyən “Zirə” müdafiəsinin etibarlı olduğunu bir daha göstərdi. Çempionatda ən az qol buraxan kollektivlərdən olan qəsəbə təmsilçisi gümüş medallar yolunda ciddi addım atdı. “Neftçi” və “Sumqayıt”ın xal itirməsindən sonra ikinci sıraya yüksələn “Zirə”nin taleyi bundan sonra öz əlindədir.

“Qəbələ” isə I Liqaya yuvarlanır. Kaxaber Sxadadzenin rəhbərlik etdiyi kollektiv rəqibi “Kəpəz”in xal qazandığı turda əliboş qaldı. Artıq fərq 16 xaldır və “qırmızı-qaralar”ın bu fərqi qaldırmaq şansları yoxa bərabərdir. Azından meydanda sərgilənən oyun bundan xəbər verir. Matçdan sonra da oyunçuların istəksiz olmasından gileylənən mütəxəssis  artıq özü də başa düşür ki, bu oyunla elitada qalmaq mümkün olmayacaq.

Neftçi – Sumqayıt 1:1

Oyuna qədər turnir cədvəlində qonşu mövqeləri tutan komandaların duelinin gərgin keçəcəyi təxmin edilirdi. “Sumqayıt”da Samir Abasov faktoru matçların daha intriqalı olmasına səbəb olur. Görüşə “kimyaçılar” daha sürətli başladı və hesabı açmağa nail oldu. Qoldan sonra da bir-iki epizod yaratmağı bacaran “Sumqayıt” şanslarıa dəyərləndirə bilmədi. Birinci hissənin sonlarına yaxın aktivliyini artıran “Neftçi” qol arzusuna fasilədən sonra çatdı. Görüşün son dəqiqələrində təzyiqi artıran “ağ-qaralar” məzmunlu hücum qura bilmədi və oyun bərabərliklə başa çatdı.

Baş məşqçi Miodraq Bojoviç “Neftçi”yə təyinatından sonra iki hədəfinin olduğunu söyləmişdi. Bunlardan biri – kuboku qazanmaq demək olar, əldən çıxdı. Yarımfinalın ilk oyununda “Qarabağ”a 0:4 hesabıyla uduzan “Neftçi”nin geridönüşü möcüzəyə qalıb. Premyer Liqada isə ikinci sıranı “Zirə”yə verən paytaxt təmsilçisi oyun baxımından da irəliləyişə nail ola bilməyib. Hələ də istədiyi sistemi yeridə bilməyən Bojoviç böyük ehtimalla, mövsümün sonunda postundan göndəriləcək. İki dəfədən biri suya düşüb, biri də çətinə salınıb. Gedişatın, son vəziyyətin necə olacağını yayda görəcəyik.

“Sumqayıt” isə çətin səfərdə qazandığı bir xalı kafi hesab edə bilər. Turnir cədvəlində “dördlük”də yerini qoruyan və ən yaxın izləyicisini üç xal qabaqlayan “Sumqayıt” özünə bir növ bir oyunluq kredit yaratdı.

Premyer Liqada sona yeddi tur qalıb. Çempionun bəlli olduğu marafonda gümüş medallar və avrokuboklara vəsiqə uğrunda gərgin mübarizə davam etməkdədir. Son illərin ən yaxşı yarışmasına şahidlik edirik. Kimin hansı mövqedə olacağını təxmin etmək çətindir və mövsümün sonunda yekun mənzərəni görəcəyik.

Şahin Cəfərov


oxunma sayı: 552 | Paylaş:




?>