')

Bu gün:


FutbolPress.Az | "Qarabağ"ın çempionluq, "Neftçi"nin fürsət oyunu

"Qarabağ"ın çempionluq, "Neftçi"nin fürsət oyunu


oxunma sayı: 684 Paylaş:

FutbolPressBu gün Azərbaycan Premyer Liqasında XXVIII tura start veriləcək. Lider “Qarabağ” bu gün “Kəpəz”lə qarşılaşacaq və qələbə qazanacağı halda, sona 8 tur qalmış çempionluğunu elan edəcək.

Gümüş medallar uğrunda yarışan “Neftçi” elitada qalmaq mübarizəsi aparan “Qəbələ”nin qonağı olacaq. “Səbail” “Turan Tovuz”la, “Sabah” isə “Zirə” ilə qarşılaşacaq. Tura “Sumqayıt” – “Araz-Naxçıvan” görüşü ilə yekun vurulacaq.

29 mart / 16:30 Qəbələ - Neftçi
Əvvəlki oyunlar: 0:2, 0:2, 1:3


Turnir cədvəlinin sonuncu pilləsində qərarlaşan “Qəbələ” mövsümün ən vacib oyunlarından birinə çıxacaq. Elitada qalmaq mübarizəsi aparan “qırmızı-qaralar” 9-cu pillədəki “Kəpəz”lə xal fərqini azaltmaq üçün qələbə qazanmalıdır. Gəncə təmsilçisi lider “Qarabağ”la qarşılaşacaq və xal qazanma şansı azdır. “Qəbələ” bu fürsətdən dəyərləndirə və xal fərqini azalda bilər. Kaxaber Sxadadzenin gəlişindən sonra keçirdiyi 4 oyunda cəmi 1 xal qazanan bölgə təmsilçisi azarkeşlərinin önündə yaxşı nəticəyə ümid edir.

Bu mövsüm üçün əsas hədəfi ölkə kuboku və çempionatda gümüş medallar olan “Neftçi” avrokubok yolundakı əsas rəqibləri “Sabah” və “Zirə”nin bu turda bir-biri ilə qarşılaşmasından yararlanmaq istəyir. Tərəflərdən biri və ya hər ikisi xal itkisi ilə üzləşəcək və qələbə “Neftçi”ni şəriksiz ikinci edə bilər. Komandaların heyətlərində ciddi itkilər yoxdur. “Ağ-qaralar”da xüsusilə, yarımmüdafiəçi Ataa Caber sağalıb və şans veriləcəyi halda meydana çıxa bilər.

29 mart / 19:00 Kəpəz – Qarabağ
Əvvəlki oyunlar: 1:1, 1:7, 1:2


Komandalar arasında bu mövsüm baş tutan bütün görüşlərdə qarşılıqlı qollar olub. “Qarabağ” sonuncu dəfə Tofiq Bəhramov adına Respublika stadinunda “Kəpəz”i böyük hesabla – 7:1 ilə məğlub edib. Qurban Qurbanovun komandası bu gün də qələbə qazanmaqla sona 8 tur qalmış çempionluğunu elan edə bilər. İkinci sıradakı “Sabah”la xal fərqi 26 olan “atlılar”a bərabərlik və ən yaxın izləyicilərinin xal itirməsi də sərf edə bilər. Çempionluq motivasiyası “Qarabağ” üçün əlavə üstünlük olacaq.

“Kəpəz” isə son iki turda xal itkisi ilə üzləşib. 9-cu sırada qərarlaşan və sonuncu “Qəbələ”ni 11 xal qabaqlayan gəncəlilər ehtiyatı əldən verməməlidir. Qarşıda 8 tur var və hər xal itkisi komanda üçün baha başa gələ bilər. Adil Şükürovun rəhbərliyi altında bu mövsüm “Qarabağ”, “Neftçi”, “Sabah” kimi komandalardan xal almağı bacaran “sarı-göylər” növbəti sürpriz üçün çalışacaq.

30 mart / 16:30 Səbail – Turan Tovuz
Əvvəlki oyunlar: 3:1, 2:1, 1:3


Bir neçə tur öncəyə qədər turnir cədvəlində dördlükdə yer alan “Səbail” son oyunlardakı itkilər səbəbi ilə 6-cı pilləyə qədər geriləyib. “Dənizçilər”də əsas problem dinamik oyunun iki hissəyə yayılmamasıdır. Demək olar, hər matçın bir hissəsini daha aktiv keçirən Bayıl təmsilçisi eyni zamanda qol vurmaqda çətinlik yaşayır. Şahin Diniyevin rəhbərlik etdiyi kollektiv son iki matçda fərqlənə bilməyib. “Turan Tovuz”la oyunda məğlubiyyət komandanı 7-ci sıraya ata bilər.

“Turan Tovuz”da isə atmosfer nisbətən daha yaxşıdır. Avrokuboklara vəsiqə verən 4-cü yerdən cəmi 4 xal geri qalan tovuzlular bu turda qələbə qazanmaqla bir pillə adlaya, “Səbail”in önünə keçə bilər. Bu, eyni zamanda komandanın avrokubok yarışına qoşulmasına da səbəb ola bilər. “Turan Tovuz”da hər matç qabaran ilk plan erkən hücumla vurulan qollardır. Ayxan Abbasovun yetirmələri önə keçməklə rəqibinin müqavimətini qırmağı, tələsərək səhvlər etməsini gözləyəcək.

30 mart / 19:00 Sabah – Zirə
Əvvəlki oyunlar: 0:1, 0:1, 1:0


Komandalar arasında bu mövsüm baş tutan oyunlar bir qollu hesablarla nəticələnib. “Sabah” bir, “Zirə” isə iki dəfə şəxsi duellərdən üç xalla ayrılıb. Krunoslav Renduliçin baş məşqçi postuna gəlişindən sonra ardıcıl iki oyunu qələbə ilə başa vuran “Sabah” turnir cədvəlində ikinci pilləyə yüksəlib. “Futuristlər” əsas rəqiblərindən “Zirə”ni məğlub etməklə, xal fərqini artırmaq niyyətindədir. Renduliçin “Sabah”ı nisbətən daha balanslı oyun sərgiləyir. Top saxlamaqla rəqibinin səhvini gözləyən Masazır təmsilçisinin hücum xəttində keyfiyyətli legionerlər var. Xüsusilə, cinahlarda Kahim Parris və Cesse Sekidikanın fərdi bacarığı “Zirə” müdafiəsi üçün başağrısına çevrilə bilər.

“Zirə”də isə heyətlə bağlı problemlər var. Hücum xəttindəki çatışmazlıqlar komandanın irəlidə aktivliyinə təsir edir. “Sabah”la görüşlərdə bu mövsüm iki qələbə qazanan “qartallar” minimal hesablı qalibiyyətlərə sevinib. Rəşad Sadıqovun komandası avrokuboklar yolunda mövsümün ən kritik oyunlarından birinə çıxacaq.

31 mart / 18:00 Sumqayıt – Araz-Naxçıvan
Əvvəlki oyunlar: 1:1, 2:0, 1:1


“Sumqayıt” son turlarda xal itkiləri ilə üzləşir və komanda 5-ci sıraya geriləyib. Son 4 matçda cəmi 1 qələbə qazanan “kimyaçılar” ötən ay istifadəyə verilən Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda uğursuz seriyanı sonlandırmağa çalışacaq. Fanatların da nəticələr üzündən narazılığı var. “Araz-Naxçıvan”la görüş Samir Abasovun komandasının geridönüş üçün yaxşı şansdır. “Evdə” xal itkisi ilə üzləşmək komandanın durumunu daha çətinə sala bilər.

“Araz-Naxçıvan” da nəticələrinə görə rəqibindən geri qalmır. Sonuncu dəfə 6 tur əvvəl “Neftçi”ni məğlub edən Muxtar Respublika təmsilçisi qol vurmaqda da çətinlik çəkir. Komanda əvvəlki 3 turda cəmi 1 qol vurub. Bu, hücum xəttində axsaqlıqların olmasından xəbərdardır. Komandanın bombardiri Orxan Əliyev də artıq neçə turdur, susqundur. Mövsümün birinci yarısında dördlükdə qərarlaşan “Araz-Naxçıvan” indi 8-cidir. 9-cu “Kəpəz”lə aradakı xal fərqi də azdır. "Sumqayıt" səfərindən əliboş dönmək komandaya narazılıqları artıra bilər. Azər Bağırovun yetirmələri üçün bir xal pis nəticə sayılmayacaq və böyük ehtimal, komandanın əsas hədəfi də məhz budur. 

Premyer Liqada milli komandaların oyunları ilə əlaqədar yaranan fasilə bu gün başa çatacaq. "Qarabağ" çempionluğunu elan edə, gümüş medallar uğrunda yarışan komandalardan biri bir addım önə çıxa bilər. Buna baxmayaraq, çempionat elə bir mərhələdədir ki, hər oyun komandalar üçün finala bərabərdir. 

Şahin Cəfərov


oxunma sayı: 684 | Paylaş:




?>