')

Bu gün:


FutbolPress.Az | "Qarabağ" çempionluğa bir addım da yaxınlaşdı, "gümüş" rəqabəti qızışır

"Qarabağ" çempionluğa bir addım da yaxınlaşdı, "gümüş" rəqabəti qızışır


oxunma sayı: 251 Paylaş:

FutbolPressAzərbaycan Premyer Liqasında XXVII tura yekun vurulub.

Lider “Qarabağ” Tovuzda, “Sabah” isə Sumqayıtda üç xala sevinib. “Neftçi” azarkeşləri önündə “Səbail”i, “Zirə” “Kəpəz”i məğlub edib. Turun yeganə bərabərliklə başa çatan matçı isə “Araz-Naxçıvan” ilə “Qəbələ” arasında olub.

Neftçi – Səbail 3:0

“Neftçi” üç oyun sonra qələbə qazandı. Miodraq Bojoviçin rəhbərlik etdiyi kollektiv “Səbail”ə inamlı hesabla qalib gəldi. “Ağ-qaralar” ilk hissədə iki qol vurmaqla rəqibinin müqavimətini qıra bildi. Fasilədən sonra qonaqlar daha üstün olmasına baxmayaraq, hesabı dəyişə bilmədi. “Dənizçilər” “Neftçi” qapısı qarşısında bir neçə real qol şansı yaxalasa da, son zərbələrdə, ötürmələrdə dəqiqlik çatmadı. “Neftçi”nin 3:0-lıq qələbəsi oyuna görə olmadı, “Səbail” də belə məğlubiyyətə layiq futbol sərgiləmədi. Hər bir halda, tabloda görünən və qazanılan nəticədir. Bojoviçin komandası qələbə sayəsində həm üç oyunluq uğursuz seriyaya son qoydu, həm də xallarını 40-a çatdıraraq “üçlük”dəki yerini tutdu.

“Səbail” isə artıq altıncı sıraya geriləyib. Şahin Diniyevin rəhbərlik etdiyi kollektiv son matçlarda pis təsir bağışlamasa da, xal itkiləri qaçılmaz olur. Buna əsas səbəb isə hücumda son anlardakı uğursuzluqdur. Ya dirək, ya qapıçılar “dənizçilər”in fərqlənməsinə mane olur. Bir sözlə, ustalıq səviyyəsi aşağı olan irəli xətt oyunçuları xal itkilərində əsas səbəbkarlardandır demək olar.

Zirə - Kəpəz 2:1

Zirə İdman Kompleksinin stadionundakı təmir işləri əlaqədar ev oyununu Tofiq Bəhramov adına Respublika stadionunda keçirən “Zirə” “Kəpəz”lə oyunda qələbə sevindi. Oyun planında da rəqibini üstələyən, daha çox qol şansı yaradan “qartallar” yekunda layiqli qələbə qazandı. Turnir cədvəlində 39 xalla 4-cü sırada qərarlaşan Rəşad Sadıqovun komandası ikincilik iddiasını davam etdirir. Arada bir xallır fərq var və qarşıdakı hər oyun komandalar üçün finala bərabər kimidir. Xal itkisi komandanı “beşlik”dən kənarda saxlaya bilər. “Zirə” son oyunlarda xüsusilə hücumda aktivlik göstərir və komanda daha çox qol vurmaq istəyi ilə irəli atılır. Təsadüfi deyil ki, “qartallar” son 4 oyunda 7 qol vurub. Mövsümün əvvəlindəki minimal hesablı qələbələr demək olar, artıq yoxdur.

“Kəpəz” isə mövsümün ən pis oyunlarından birini keçirdi. Yarımmüdafiədə gürcüstanlı Giorgi Papunaşvilinin yoxluğu hücum planındakı çatışmazlıqları üzə çıxardı. Adil Şükürovun rəhbərlik etdiyi komanda sonuncu “Qəbələ”dən 10 xal irəlidədir və bu, komandanın oyununa təsirsiz ötüşmür. Nə qədər bildirilməsə də, futbolçularda rahatlıq hiss edilir.

Araz-Naxçıvan – Qəbələ 1:1

“Araz-Naxçıvan”ın qələbəsizlik seriyası beş oyuna çatdı. Azər Bağırovun rəhbərlik etdiyi kollektiv son 4 matçın 3-də məğlub olub. Komanda oyun planında da axsayır. Mövsümün əvvəlində kifayət qədər yaxşı nəticələr əldə edən “Araz-Naxçıvan”ın artıq gücdən düşdüyü hiss edilir. Komanda hücuma çıxmaqda çətinlik çəkir, müdafiədə diqqətsizlik qollarla nəticələnir. “Qəbələ” ilə oyunda öndə olan “qırmızı-ağlar” məhz arxada buraxılan səhvdən sonra üstünlüyünü əldən verib. Turnir cədvəlində 8-ci sırada yer alan komandada əsas hədəf elitada qalmaqdır və böyük ehtimalla bu missiyanın öhdəsindən gəlinəcək. Buna baxmayaraq, komandanın son oyunlardakı uğursuzluğu Bağırov və məşqçilər korpusu üçün siqnal olmalıdır.

Gürcüstanlı məşqçi Kaxaber Sxadadze “Qəbələ”yə gəlişindən sonra ilk xalını qazandı. Mütəxəssis 4 oyunun 3-də məğlub olub və komanda sonuncu pillədə möhkəmlənməkdə davam edir. 9-cu “Kəpəz”in xal itirdiyi turda qələbə komandanı ümidləndirə bilərdi. Lakin “Araz-Naxçıvan”la dueldə qələbə üçün demək olar, lazım olan güc sərf edilmədi.

Turan Tovuz – Qarabağ 1:3

Tovuzda möhtəşəm futbol bayramı yaşandı desək, yanılmarıq. Tovuz şəhər stadionunda böyük ajiotaj var idi. Sanki bütün yerli camaat arenaya axışmışdı. Tovuz şəhər stadionunda vəziyyət o həddə idi ki, oturmağa yer tapamayan fanatlar pilləkənlərdə oyunu izləyirdi. Bu, həm “Turan Tovuz”, həm də “Qarabağ” sevgisi idi. Yerli fanatlar tribunada “Avrokuboklardakı qürurumuz, xoş gəlmisən” yazılı pankart paylaşaraq, qonaqlara olan sevgini bir daha göstərdi.

Yerli publika önündə daha istəkli görünən “Turan Tovuz” oyuna sürətli başladı. Ayxan Abbasovun yetirmələri erkən qolla hesabı açsa da, üstünlüyünü sona qədər qoruya bilmədi. İlk hissədə bir neçə dəfə şans yaradan “Turan Tovuz” ikinci qolu vura bilmədi. Əvəzində “Qarabağ” oyun üstünlüyünü ələ alaraq, hesabı dəyişə bildi.

“Qarabağ” 11-ci çempionluğa bir addım da yaxınlaşdı. Komanda növbəti turda da qələbə qazanacağı halda, sona 8 oyun qalmış, qızıl medalları təmin edəcək.

Sumqayıt – Sabah 1:2

Turun son oyunu Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda baş tutdu. Arenanın yarısı belə dolmamışdı, ancaq əvvəlki matçlara baxmış fanat sayında artım hiss olunurdu. Komandalar ilk dəqiqələrdə ehtiyatlı oyuna üstünlük verirdi. “Sabah” daha çox qol axtarışında idi və bunun məntiqi nəticəsi kimi birinci qolu da “futuristlər” vurdu. “Sumqayıt” müdafiəsindəki səhvdən yararlanan Anatoli Nuriyev hesabı açdı. Qoldan sonra da nəzarəti saxlayan “Sabah” bir neçə hücum cəhdi etsə də, hədəfə düşmək olmadı.

Fasilədən sonra üstünlüyü artıran “Sumqayıt” geridönüş üçün çalışmasına baxmayaraq, uğursuz oldu. İkinci hissənin əvvəlində Murad Xaçayevin avtoqolu komandanı daha çətin duruma saldı. Samir Abasovun yetirmələri 0:2-dən sonra bütün gücü ilə irəli atılmış, qol axtarışında idi. Erik Sorqa, Cordan Rezabalanın sonradan oyuna qoşulması ilə komanda hücumda daha aktivlik göstərdi. “Sumqayıt” həm mərkəzdən, həm cinahlardan təhlükəli hücumlar yaradırdı. “Sabah”ın qolkiperi Nicat Mehbalıyev bir neçə seyvlə komandasının xilaskarı oldu. “Sumqayıt”ın gücü isə yalnız təsəlli qoluna çatdı.

“Sabah” ardıcıl ikinci qələbə ilə turnir cədvəlində ikicni sıraya yüksəldi. “Sumqayıt” isə beşinci pilləyə geriləyib. Turnir cədvəlində ikinci pillə uğrunda beş komanda uğrunda gərgin mübarizə gedir. "Sabah" və "Neftçi" 40 xalla 2-ci və 3-cü sıranı, "Zirə" və "Sumqayıt" isə 39 xalla 4-cü və 5-ci pilləni bölüşür. 

Şahin Cəfərov


oxunma sayı: 251 | Paylaş:




?>