')

Bu gün:


FutbolPress.Az | "Sabah"ın məşqçisi: "Gələcəyə ümidlə baxmağa dəyər"

"Sabah"ın məşqçisi: "Gələcəyə ümidlə baxmağa dəyər"


oxunma sayı: 2282 Paylaş:

FutbolPress"Sabah"ın U-9 komandası Belarusun paytaxtı Minskdə 2015-ci il təvəllüdlü futbolçular arasında keçirilən "Bizim gələcəyimiz" beynəlxalq turnirində iştirak edib.

Komanda burada Belarusun BATE, "Minsk", "Start" (Minsk), həmçinin Rusiyanın "Zenit" kollektivləri ilə birlikdə A qrupunda yer alıb. İki oyun qələbə qazanan, iki oyun da məğlub olan “futuristlər” qrupu 3-cü sırada başa vurub.

Bundan əvvəl “Qarabağ”ın U-15 komandası Minskdə, “Neftçi”nin U-12 və U-11 komandaları Qətərdə turnirdə iştirak ediblər. Azərbaycan təmsilçilərinin akademiyalarının beynəlxalq yarışlarda iştirakı uşaqların təcrübə qazanması üçün faydalıdır.

Son illərdə “Sabah”ın akademiyalarının nəticələri, aşağı yaş qruplarındakı çempionluqlar müəyyən işlərin düzgün qurulduğuna işarədir. Daha əvvəl “Qəbələ”nin akademiyası aşağı yaş qruplarında dominantlıq edirdisə, indi “Sabah” bir addım önə keçib.

“Futuristlər”in U-9 komandasının məşqçisi Məhərrəm Müslümzadə ilə Minskdəki turnirlə bağlı söhbətləşdik:

“Həqiqətən, maraqlı, yüksək səviyyədə turnir təşkil edilmişdi. Yarışda 20 komanda 4 qrupda mübarizə aparırdı. İki oyunu udduz, ikisini uduzduq. Məğlub olduğumuz “Zenit” və “Dinamo” final oynadı. Gündə üç oyun keçirirdik. Birinci oyun səhər 8-də olurdu və günortaya qədər oyunlar olurdu. Güclü komandalar var idi. Biz yeni komandayıq, ötən ilin oktyabrından yığışmışıq. Buna baxmayaraq, əzilmədik, heç kimə təslim olmadıq. Uşaqlar sona qədər mübarizə apardılar. Biz burada 35-in 20-yə olan stadionlarda oynayırdıq, orda isə 65-in 30-a idi. Eyni zamanda gündə üç oyun bizim üçün ağır idi. Buna baxmayaraq, komandanın oyunundan, əzmkarlığından, intizamından razı qaldıq. Gələcəyə ümidlə baxmağa dəyər. İnşallah, daha yaxşı olacağıq”.



Mütəxəssis turnirin qazandırdığı faydalardan, təcrübədən də söz açdı:

“İstər məşqçilər, istərsə də uşaqlar üçün belə turnirlər çox faydalıdır. Gördük ki, Avropada hansı səviyyədə komandalar var. Onların şəraiti çox yaxşıdır. Müəyyən standartlar çərçivəsində məşqlər edirlər. Buna qədər bir neçə dəfə ölkə xaricində turnirlərdə olmuşam.

Məşqçi Azərbaycan ilə digər ölkələrdəki akademiyalar arasında fərqlərdən danışdı. Müslümzadə əsas fərqin çempionatların reqlamentində olduğunu qeyd etdi:

"Bizdə U-8, U-9 komandaları “AzFar” tipli meydançalarda oynayır, amma ölkə xaricində bu yaş kateqoriyaları daha böyük stadionlarda oynayırlar. Bizdə U-10, U-11 6+1 formatında oynayırsa, onlarda artıq bu yaşlar 9-9 oynayırlar. Halbuki bizdə bu sistem U-12-dən başlayır. Reqlament baxımından fərqlər var. Gürcüstanda “Dinamo”nun (Tbilisi) akademiyasında olmuşuq. Onların U-10 komandası öz yaşında oynamır, U-11-lərlə mübarizə aparırlar. Yaxşı olan uşaq bir yaş yuxarıda mübarizə aparır ki, təzyiqi görsünlər. Bizdə bu məsələ problemdir. “Sabah” Futbol Akademiyasında bütün yaş qrupları il ərzində demək olar, 2-3 oyunda təzyiq görür. Amma biz gürcülərdəki kimi etsək, gələcəkdə beynəlxalq turnirlərə gedəndə bunun faydasını görərik. İndi elə oyunlar olur ki, uşaq meydana çıxanda heç tərləmir, təzyiq görmür. İndidən uşağı təzyiqli oyunlara alışdırmaq lazımdır".

Mütəxəssis Azərbaycanda uşaq futbolunun problemlərindən də söz açdı. Onun fikrincə, ölkədə ən böyük məsələ stadion çatışmazlığıdır: 

"Açığı, son illərdə Azərbaycanın uşaq futbolunda müsbət irəliləyiş demək olmur. Mənfi hallarımız çoxdur. Meydança amili böyük problemdir. Stadionlar yox səviyyəsindədir. Minskdə akademiya gəzdim, tək orada 17-dən çox stadion var idi, özü də ot örtüklü. Artıq saymaqdan yorulurdum. Hələ süni örtüklü olanları demirəm. Təsəvvür edin, Belarusda tək Minskdə bu qədər arena var, görün “Brest”ində, BATE-sində nələr var. Onların şəraitləri çox yüksəkdir. Bizim ən böyük problemimiz stadionla bağlıdır. Süni örtüklü meydançalar da azdır. Biz “ASK Arena”da məşqlər edirik, bəs digər akademiyalar? Elə komandalar var ki, heç arenası yoxdur".

Müslümzadə süni örtüklü meydançaların aşağı yaş qruplarındakı uşaqlarda ciddi zədələrin yaratdığını bildirdi:

"Aşağı yaş qruplarının çempionatları son iki ildə Hövsanda keçirilirdi. Təsəvvür edin, orada süni örtüklü meydança nə vəziyyətdə idi… bərbad. Uşaqları evə salamat göndərə bilirdiksə, sevinirdik. Elə bil, gələcəyə zədəli oyunçu yetişdiririk. Ölkədə demək olar ki, süni örtüklü meydançalar da ürəkaçan deyil. Bizdə uşaq futbolunda təməl problemlər var. Bunun başlıcası da stadion məsələsidir. “Sabah”ın, “Neftçi”nin pis-yaxşı akademiyası var, bəs digərləri? Vəziyyət çətindir. Bilirsiz, gülməli olan nədir? Futbolda diz qapağının altında sümüyün bərkiməsi deyilən zədə var. Bu da süni örtüklü meydançaya görə olur. Biz futbolçu vaxtımızda torpaqda oynayırdıq, qeyd etdiyim ağrıları 20, 21 yaşında hiss edirdik. Ancaq indi 12 yaşlı uşaq diz ağrısından əziyyət çəkirsə, böyük problemdir. Çünki belə meydançalarda uşaqların sağlamlığı əldən gedir".



Məşqçi yaxın gələcəkdə "Sabah" akademiyasının komandalarının beynəlxalq turnirlərə yollanmasının planda olduğunu qeyd etdi:

Yaxın gələcəkdə yenə turnirlər nəzərdə tutulub. Komandalarımız ildə 1-2 dəfə beynəlxalq yarışlara gedirlər. Növbədə U-13 komandamızdır. İtaliyada beynəlxalq turnirdə olacaqlar. U-12-lər səhv etmirəmsə, mayın sonunda “Rize Cup”da iştirak edəcəklər. Sonra yenə Minskdə turnirə yollanmaq nəzərdə tutulub. Bütün yaş qrupları üçün səfərlər nəzərdə tutulub. Bu, uşaqlar, məşqçilər üçün yeni təcrübədir. Nə qədər çox olsa, bir o qədər faydalıdır”.

Mütəxəssis sonda uşaqlarla işləməyin faydasından, əsas tələblərindən söz açdı: 

"Həm U-9, həm də U-12 komandasında işləyirəm. U-12 ilə ölkə çempionatlarında bir çox uğurumuz var. U-9-un da uğurları yaxın gələcəkdə olacaq. Uşaqların potensialları var. Onların nələrə qadir olacağını bilirəm. Hansı yaş qrupunda işləməyimdən asılı olmayaraq, mənimçün vacib olan gördüyüm işə məsuliyyətli yanaşmaq, vicdanla yerinə yetirim. Aşağı yaş qruplarında Yurgen Klopp, Joze Mourinyo olmağa ehtiyac yoxdur, vacib olan vicdandır. Hər uşağa diqqət ayırmaq, onların qayğısına qalmaqdır. Uşaqlar bizimlə olur, onların yeməyi, rejimi düzgün getməlidir. Məşqçi işinə vicdanla yanaşmalıdır".

Şahin Cəfərov

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

Sahə: Uşaq və gənclərin fiziki və mənəvi inkişafında idmanın rolu.




oxunma sayı: 2282 | Paylaş:




?>