')

Bu gün:


FutbolPress.Az | "Qarabağ"ın problemi 

"Qarabağ"ın problemi 


oxunma sayı: 1017 Paylaş:

FutbolPress
aliyev.xandan@gmail.com

Bəlkə də "Neftçi"yə, "Xəzər Lənkəran"a, "Bakı"ya, "İnter"ə antipatiyası olan tapılar, ancaq "Qarabağ"ı acılaya, vura, kötəkləyə bilmirik. Duyğulu, qayğılı yerimizdi.

Bu cümlələr oldu Goozal ailəsinin maliyyələşdirdiyi "Qarabağ" klubunun bu xalqın heysiyyatından "qazandığı" "müftə" mənfəət.

Görək klubu maliyyələşdirən qardaşlar bu münasibətin qarşılığında nə verirlər "Qarabağ" adı üçün...

Məsələn, düşünürəm ki, əgər Qurban Qurbanova müdaxilə yoxdusa, o sərbəst işləyirsə, deməli, Goozal ailəsi kluba və ona müəyyən qədər dəyər verir. Ancaq əks tərəfini düşünək. Onlar Azərbaycanın sənaye bazarında kifayət qədər manevr etmək üçün sərtbəstlik alıblar. Məhz "Qarabağ" adlı klubu himayəyə götürdükləri üçün.

İndi görək, bu addan yararlandıqları qədər əvəzini qaytarırlarmı?

Deyə bilərsiz ki, bəli, Avroliqanın qrup mərhələsinin biraddımlığına qədər gedib çıxan komanda məhz Goozal ailəsinin dəstəyinin nəticəsidi. "Sağ ol"umuzu bildirirk, bu heç, ancaq bununla iş bitmir axı.

Himayəçilər uzun müddətdi heyətə səviyyəli, boşluqları doldura biləcək futbolçular almaqda təşəbbüskar kimi görünmürlər. Burda ya onlar təqsirkardı, ya da Qurbanov. Əgər Qurbanov tələb etmirsə, onda səbəb ondadı. Halbuki transferlərin lazım olduğunu hələ də dilə gətirməyib. Heç problem əslində bu da deyil...

Fikir verin, "Qarabağ" Rəşad Sadıqovsuz sürətlə enişə gedir. Ötən mövsüm Türkiyədən qayıtmasaydı, komanda avroliqaya düşə bilməyəcəkdi. İndi də Rəşad zədələnib, artıq son oyunlardakı xal itkiləri komandanın ciddi böhrandan əziyyət çəkdiyini düşünməyə əsas verir: Rəşad yoxdusa, "Qarabağ" nəticə qazana bilmir.

Maraqlıdı, istər-istəməz ağla gəlir ki, məgər Qurbanov problemin həlli üçün ciddi müdaxilə edə bilmirmi... Bəlkə doğrudan da belədi. Bir daha xatırladaq, Rəşad üç dəfə o komandadan gedib və hər üçündə geri qayıtmalı olub. Səbəb komandanın onsuz pis oynaması, performansı əldən buraxması və s. cəhətlərdədi.

"Azərsun" şirkətinin sahibi olan Goozal ailəsi "Qarabağ" kim böyük ada layiq himayəçilik edirlər, yoxsa bu addan yararlanırlar?

Mən burda müsbət məqamları üzə çıxarmaqda çətinlik çəkirəm. Uzun müddətdi ki, onlar himayəçilik etsə də, hələ klubun özünəməxsus bazası yoxdu, heç stadionu da yoxdu, heç bu haqda planları da yoxdu... Komanda məhz Qurbanovun səyi, Sadıqovun nüfuzu sayəsində maraq dairəsinə düşməyi bacardı, çöldə ən yaxşı təmsilçimiz adını öz üzərinə götürdü. Rəhbərlik nə düşünür bəs?

Hələ transfer məsələlərindəki yarıtmaz işləri bir kənara, əgər baza tikintisi üçün adi cəhd belə yoxdusa, onda "Azərsun" nə düşünür? Yola verir? Buna müvəqqəti iş kimi baxır?

3 il əvvəl guya Binədə bazanın tikintisinə başlandığı haqda xəbərlər çıxdı, hətta təməlqoyma mərasimi oldu. Hanı o işin davamı? Yoxdu. Dedilər bizim baza tikməyimiz üçün, guya, bürokratik əngəllər yaranıb. Beləcə, baza tikintisi vədi getdi işinin dalınca.

Arabir bu mövzu aktuallaşanda cavab belə olur: baza tikintisi üçün müəyyən işlər görürük.

Heç bir iş görülmür! Goozal ailəsi ən yaxşı formada da desək, yenə "Qarabağ" adının "istismarı" ilə məşğuldu. Bunu onların futbol adına ciddi heç bir iş görməmələri deməyə əsas verir.

Məncə, "Qarabağ"ı doğrudan, dedikləri kimi, böyük klub eləmək istəsəydilər, heç olmasa baza tikərdilər. Bu gün "Xəzər Lənkəran", "Bakı", "Qəbələ", "İnter" bazaya malikdi. Başqa bir neçə klubumuz da bu istiqamətdə ciddi işlər görməyə başlayıb. Bəs "Qarabağ"?

Ağdam klubu tək Qurbanovun və onun drujinasının ümidinə qalıb. O da Sadıqovsuz əməlli-başlı axsamağa başlayır. Əmin olun, Qurbanov oranı tərk edəndən sonra "Qarabağ" çox ağır böhrana məruz qalacaq. Səyyar klub halına düşəcək. Onsuz indiki halda da elədi, ancaq bir gün daha ciddi problemlər baş qaldırarsa, heç Goozal ailəsi də bunun arxasında dayanmayacaq. Təəssüf ki, gələcəyinə böyük ümidlər bəslənən "Qarabağ"ın elə lap yaxın gələcəyi qaranlıq içindədi...

Qaldı ki Rəşad Sadıqova, onun əlindən zədələndiyi haqda çıxan xəbərlərin əslində reallığı əks etdirmədiyini öyrənmişəm. Təəssüf ki, Sadıqov komandanın məşqində yox, tamam başqa səbəbdən xəsarət alıb. Nəysə...

O, komandada olmayan müddətdə ciddi xal itkiləri sıralanmaqdadı. "Sumqayıt Şəhər" kimi dünənin komandasına iki oyunun birində heç-heçə edən, birində isə uduzan "Qarabağ"ın yuvarlandığı problem məngənəsi gələcəyə pessimist aura yaradır. Goozal ailəsi isə nəzakətli təbəssümlərini ətrafdakılara əsirgəmir. Gülümsəyin...

Yazarın bütün yazıları

oxunma sayı: 1017 | Paylaş:





?>