Günah Kamrandadı, yoxsa...
Paylaş:
3 ildən sonra "Xəzər Lənkəran"ın "Neftçi"yə (5:0!) uduzması... Bu, hər şeydən çox Lənkəran azarkeşini sarsıdıb. Redaksiyamıza gələn saysız zənglərdə yalnız bu aciz ifadə var: "...axı niyə belə oldu". Niyəsini araşdırmaq, "günah keçisi"ni üzə çıxarmaq istəyiriksə, alınmayacaq. Çünki Azərbaycan futbolu elə bir çökəklikdi ki, buradan baş çıxarmaq sadəcə mümkün deyil... Ancaq "FutbolPress" Rednik üçün... bəli məhz Rednik üçün faciənin "cücərməkdə" olduğunu hələ bir müddət əvvəl yazırdı. Komandadaxili ab-havanın getdikcə bulandığını görürdük. Həftənin əvvəlində Bakıda oyuna hazırlığın ilk etapını izləyəndə bir daha şahidi olmuşdum - "Xəzər Lənkəran" hazırlaşmırdı, sadəcə məşq edirdi. Gündəlik, adi məşqlərdən... "Neftçi" isə hazırlaşırdı. Qarşılarına qisas almaq məqsədi onları daha da motivə etmişdi. Kamran Ağayev məşqə qatılmırdı. Səbəbini soruşduqda əvvəla futbolçu-jurnalist ünsiyyəti bir kənara, adi normal insani ünsiyyətə dəxli olmayan jest, mimika və davranışlar edən, nə dediyini özü də başa düşməyən bir Kamran gördüm. Yoldan oyan-buyana keçənlərə aşkar ismarıclar göndərirdi sanki: "oynamiyacam vapşe bu Rednikin komandasında", "Mən bu azarkeşə tərəf daha baxmaram da heç...", "Getsin, indi oynatsın da... tapsın da qapıçı, görüm necə" və s. Bəli, bu və yazılmasını etikaya görə lazım bilmədiyim ifadələri məşqə qatılmayıb, stadionun kənarında var-gəl edərək "hamıyla danışan" Kamran görürdüm. Komandada getdikcə ikitirəliyin yarandığını bəlkə heç rəhbərlik bir yana, məşqçilər korpusu da dərindən bilmir. Bilirsiz, bura Azərbaycan futboludu... Burada diqqətli olmaq lazımdı... Komanda parçalanmaqdadı! Yerli futbolçuların öz arasında... Yerli və əcnəbi futbolçular arasında... Və ümumiyyətlə komandayla Rednik arasında.... Siz diqqətli olun. Axı bir neçə dəfə xəbərdarlıq xarakterli yazılar oldu, niyə inanmadız ki, Kamran Ağayevin bilərəkdən "Neftçi"ylə oyuna çıxmaması faciənin başlanğıcıdı. Bilirsiz, faciə ona demirəm ki, Kamran oynamadığına görə 5:0 oldu. Faciə Kamranın komandanın içinə atdığı mənfi auradı. Kapitan... indi isə aləmi bir-birinə qatan, cığallıq "bənnası"... Mən həmişə rəhbərlik-futbolçu dilemmasında çalışmışam ki, futbolçunun haqqını daha çox müdafiə edim. Amma bu dəfə bunu edə bilmirəm. Çünki hadisələrin içini əzbər bilirəm. Əlimdə dəlil-sübut olmadığına görə hər şeyi yaza bilmirəm. Deyə biləcəyim bir qəti fikir budu - Ya siz Mirça Rednikə əlahiddə səlahiyyət verin, o komandadakı "qabarmaları" anındaca "rəndələmək" üçün götür-qoy etməyə, kimdənsə çəkinməyə ehtiyacı olmasın, ya da komandada ciddi islahatlar aparın. Əks halda "Xəzər Lənkəran" bu cür gedişlə hətta dağıla bilər. Təkrar edirəm, bu cür davamın sonu klubun buraxılmasıyla nəticələnəcək. Kamrana isə bir söz payım var: əslində nə tamaşaçı, nə də rəhbərlik bilmir nə baş verir. Kamransevərlər də səni sevməkdə davam edir. Qalanları da elə düşünür ki, komandanın bu uğursuzluğunda həqiqətən sənin oynamamağının birbaşa təsiri var. Amma sən yaxşı bilirsən ki, reallıqda bunların heç biri belə deyil. Səni Kamran edən o azarkeşdi, o kütlədi. Sən məhz o dəstəyin altında öz üzərində məhsuliyyət görüb, daha çox çalışdın və bu səviyyəyə çatdın. Və ən əsası, sən böyük pulları o klubda gördün. O pulu sənə Azərbaycanda heç bir klub verməzdi. Gərək belə eləməzdin. Çıxışlarında, açıqlamalarında gəlişi gözəl danışırsan... Danış. Ancaq özün də bilirsən ki, "Xəzər Lənkəran"da radikal rəhbərlik olsaydı, sən indi yox, hələ yayda "delete" olunmalıydın. P.S. Mövzunu çox uzatmaq istəmirəm. Bu klubun mediada yazılanlara az önəm verməsi mənə əsas verir ki, hər şeyi yazmayım. Onsuz qərarlar həmişə gecikir - bəzən faciəyə qədər; halbuki vaxtında bunlar yazılır...
| Paylaş: