')

Bu gün:


FutbolPress.Az | "Zirə"ni lider edən göstərici

"Zirə"ni lider edən göstərici


oxunma sayı: 190 Paylaş:

FutbolPressBu gün Azərbaycan Premyer Liqasında sonuncu - 4-cü dövrəyə start veriləcək. Geridə qalan dövrəyə nəzər saldıqda ən uğurlu komanda "Qarabağ"dır. Qurban Qurbanovun kollektivi 9 matçın 8-də qalib gəlib və bir dəfə də meydanı 1 xalla tərk edib. Ağdam təmsilçisi 9 tur ərzində 26 qol vurub və qapısında 10 top görüb.

"Neftçi"də isə mənzərə fərqlidir. "Ağ-qaralar" 3-cü dövrədə 3-də dəfə məğlub olub. Eyni sayda da heç-heçə və qələbəni aktivlərinə yazdırmağı bacarıblar. "Flaqman" bu oyunlar ərzində qapısında 12 top gördüyü halda 13 dəfə də azarkeşlərini sevindirməyi bacarıb.

Turnir cədvəlində sıçrayış edərək ikinci pilləyə yüksələn "Sabah" ötən dövrədə 5 qələbə qazanıb, 3 heç-heçə edib. Masazır təmsilçisi 1 dəfə məğlub olub. Komanda rəqib qapısından 15 top keçirib, 9 dəfə isə rəqib qoluna məyus olub.

Hazırda turnir cədvəlində 4-cü olan "Zirə" ötən dövrə 2 qələbə qazanıb, 4 dəfə də meydanı 1 xalla tərk edib. 3 matçda isə "Zirə" xalsız qalıb. Eyni zamanda Rəşad Sadıqovun yetirmələri bu matçlarda 8 dəfə rəqib torunu sirkələyib və eyni sayda da qapısında qol görüb.

39 xalla 5-ci olan "Sumqayıt" 3-cü dövrədə 3 dəfə qələbə qazanıb, eyni sayda həm heç-heçə edib, həm də məğlub olub. Samir Abasovun komandası 7 dəfə qola sevinib, 9 dəfə isə oyuna yenidən mərkəzdən başlamalı olub.

"Səbail" isə keçən dövrədə 3 qələbə qazanıb və 2 dəfə də meydanı 1 xalla tərk edib. Komanda bu matçlarda  qapısında 14 top görüb, eyni sayda da azarkeşlərini sevindirməyi bacarıb.

"Turan Tovuz" isə ötən dövrədən qazancı 13 xal olub. Komanda 3 dəfə meydanı qələbə ilə tərk edib. 4 matçda isə komanda 1 xala sevinib. Tovuz təmsilçisi 12 dəfə rəqib qapısına yol tapmağı bacarıb. 10 dəfə isə rəqibin fərqlənməyinə mane ola bilməyiblər.

3-cü dövrədə yalnız 1 qələbə qazanmağı bacaran "Araz-Naxçıvan" 3 qarşılaşmada isə heç-heçə edib. Naxçıvan təmsilçisi bu matçlarda 6 dəfə fərqlənməyi bacarıb. Qapısında isə 17 qol görüb.

"Qara zolaq"dan yavaş-yavaş çıxmağı bacaran "Kəpəz" isə 9 tur ərzində 4 qələbə qazanıb və 1 heç-heçə edib. 4 dəfə məğlub olan Adil Şükürovun komandası rəqib qapısından 19 top keçirib. Gəncə təmsilçisi 17 dəfə isə rəqib qoluna məyus olub.

Turnir cədvəlinin sonuncusu "Qəbələ" 3-cü dövrədə qələbə qazana bilməyən yeganə komandadır. Bölgə təmsilçisi 9 tur ərzində 2 dəfə heç-heçə edib. Komanda rəqib qapısından 8 top keçirib və 17 dəfə rəqib qoluna üzülüb.

Beləliklə, üçüncü dövrədə ən çox xal qazanan komanda "Qarabağ" olub. Ağdam təmsilçisi mümkün 27 xaldan 25-ni qazanıb.

Ən aşağı göstərici isə "Qəbələ"yə aiddir. Bölgə təmsilçisi mümkün 27 xalın 2-ni qazanmağı bacarıb. Ən çox qol vuran komanda yenə də "Qarabağ"dır. Ağdam klubu rəqiblərini 26 dəfə məyus edib. Qapısında ən az qol görün komanda isə "Zirə"dir - 8 top.

Məlik Məlikov


oxunma sayı: 190 | Paylaş:




?>